PDF Oxu

Siyasət

  • 8

Yeni dünya düzəninin başlıca problemləri

Yeni dünya düzəninin başlıca problemləri

Dünən III Qlobal Bakı Forumu rəsmi hissədən sonra işini "Yeni dünya düzəninin başlıca problemləri" mövzusunda giriş sessiyası ilə davam etdirib. Moderator - Boliviyanın sabiq Prezidenti Jorge Quiroqa sessiyada yeni dünya nizamının əsas problemləri və onların həlli yolları ilə bağlı səmərəli müzakirələrin aparılacağını bildirib.

Sessiyada çıxış edən Türkiyənin sabiq Prezidenti Abdullah Gül forumda iştirakdan məmnunluğunu vurğulayaraq, yeni dünya nizamı şəraitində etimad mühitinin yaradılması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

XX əsrin ilk 15 ilinin bəşər sivilizasiyasına yaraşmayan siyasi və ideoloji münaqişələr şəraitində keçdiyini bildirən Abdullah Gül qloballaşmanın təsirinin artması nəticəsində dünya nizamının ciddi problemlərlə qarşı-qarşıya qaldığını vurğulayıb. Sabiq prezident qeyd edib ki, beynəlxalq əməkdaşlıq sistemləri iki dünya müharibəsinin dərsləri əsasında formalaşıb. Həmin prinsiplərin qəbulundan 70 il keçdiyi üçün beynəlxalq strukturlar yeni dünya nizamına uyğunlaşdırılmalıdır. Bu sahədə ciddi-cəhdlərin göstərilmədiyini vurğulayan Abdullah Gül deyib ki, BMT Təhlükəsizlik Şurasının islahatla bağlı səylər nəticəsiz qalıb. Bu da BMT və Təhlükəsizlik Şurasına etibarın azalmasına səbəb olur. Münaqişələrin uzun müddət həll olunmamış qalmasından yaranan məyusluq bizə təsir edir.

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Abdullah Gül bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 ildən çoxdur işğal altında qaldığını, bir milyondan çox insanın doğma yurdlarından didərgin düşdüyünü bildirib. O, deyib ki, bu münaqişə regionda sülhə ciddi təhdid yaratmasına baxmayaraq, beynəlxalq ictimaiyyət və danışıqlar prosesində iştirak edən dövlətlər problemin həlli ilə bağlı ciddi səy göstərmirlər. Belə hallar dünya nizamına mənfi təsir göstərir. Beynəlxalq sistemin belə problemləri həll edə bilməməsi ona olan etimadı azaldır. Ona görə də beynəlxalq və regional təşkilatların rolu gücləndirilməlidir.

Kanadanın keçmiş baş naziri Jan Kretien çıxışında enerji amillərinin dünya siyasətinə təsirlərindən danışıb. Son illər ABŞ-ın siyasətində enerji amilinin təsirinin azaldığını vurğulayan sabiq baş nazir Birləşmiş Ştatların Yaxın Şərqdə və Cənubi Amerikada maraqlarının get-gedə azalacağını bildirib. Planetin müxtəlif bölgələrində baş verən münaqişələrin həllinə BMT-nin ciddi təsir edə bilmədiyini söyləyən J.Kretien məhz bu baxımdan dünya ictimaiyyətində beynəlxalq qurumlara etimadın azaldığını vurğulayıb.

Nigeriyanın sabiq Prezidenti Olusegun Obasanyo çıxışında ölkəsinin əsas problemlərinə toxunub. Nigeriyada sabitliyə əsas təhlükə olan Boko Haram terrorçu qruplaşmasının yaranma səbəblərindən danışan sabiq Prezident bunu ölkənin əsasən şərq hissəsində təhsilin aşağı səviyyədə olması ilə əlaqələndirib. O, Boko Haram terrorçu qruplaşmasının fəaliyyətinin demokratiyaya ciddi zərbə vurduğunu, işsizliyə, ölkədə miqrasiya proseslərinə səbəb olduğunu vurğulayıb. Sabiq prezident bütün bu problemlərin aradan qaldırılması üçün Nigeriyada demokratiyanın, təhsilin inkişaf etdirilməsinin, işsizlik probleminin aradan qaldırılmasının vacibliyini bildirib.

Sloveniyanın sabiq Prezidenti Danilo Türk BMT-nin yeni dünya nizamına uyğunlaşdırılmasının vacibliyini vurğulayaraq, bu prosesin mümkünlüyünü bildirib. O, deyib ki, BMT dünyadakı dəyişikliklərə təsir edən qurum kimi bu dəyişikliklərə uyğunlaşmalı və dünyada çoxqütblü sistemin formalaşmasına töhfə verməlidir. Afrikada BMT-nin rolunun səmərəli olduğunu söyləyən Danilo Türk Yaxın Şərq regionunda da təşkilatın fəaliyyətinin gücləndirilməsinin vacibliyini bildirib. Diqqətə çatdırıb ki, BMT-nin dövlətlər üçün məsləhətçi funksiyası gücləndirilməli, regional təhlükəsizlik aktorları ilə əməkdaşlığı inkişaf etdirilməlidir.

Ərəb Liqasının sabiq baş katibi Əmr Musa yeni yaranan dünya nizamında etimadın çatışmazlığının beynəlxalq sistemə inamı zəiflətdiyini bildirib. Azərbaycan və Bolqarıstan prezidentlərinin çıxışlarında ikili standartlara toxunduqlarını xatırladan Əmr Musa bu amilin qlobal siyasətdə inamsızlığa səbəb olduğunu qeyd edib. O, diqqətə çatdırıb ki, məhz ikili standartlar dünyada, xüsusilə də Yaxın Şərqdə qeyri-sabitliyə, ksenofobiyaya, terrorçuluğun artmasına təkan verir.

Sabiq baş katib ərəb ölkələrində sabitliyə və inkişafa nail olmaq üçün yeni regional təhlükəsizlik sisteminin yaradılmasının, bunun üçün isə Fələstin probleminin tezliklə həll edilməsinin vacibliyini bildirib.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.

NƏZAKƏT

Digər xəbərlər