Və ya qərəzli alman qəzetinə bəzi xatırlatmalar
Azərbaycan I Avropa Oyunlarına yüksək səviyyəli hazırlıqlarını davam etdirir. Artıq bu oyunların simvoluna çevrilmiş möhtəşəm məşəl öz hərarəti ilə sülh və idman vəhdətini təşkil edərək nəninki Avropanın, o cümlədən, dünyanın diqqətini ölkəmizə tərəf istiqamətləndirir. Söz yox ki, belə bir möhtəşəmliyin yaşanması ilk növbədə dövlətimizin inkiafının, tərəqqisinin bariz göstəricisidir. Söz yox ki, çox yaxın bir zamanda Azərbaycana təşrif buyuracaq dünya səviyyəli idmançılar, axın edəcək xarici qonaqlar bir daha bütün bu deyilənlərin real şahidlərinə çevriləcəklər. Xüsusilə, Qərbin bir sıra siyasi və mətbu dairələri tərəfindən baş tutacaq möhtəşəm tədbirə qarşı dezinformasiya və qərəz xarakterli çirkin addımlarından sonra həmin tərəflərin nə qədər yanlış mövqedə dayanmaları kifayət qədər öz sübutunu tapacaq.
Bədniyyətli əməllərini davam etdirməkdə israrlı görünürlər
Bəli, məhz Azərbaycanın inkişaf və tərəqqisi, müstəqil siyasət yürüdərək heç bir xarici təsirlərə, təzyiqlərə məğlub olmaması, əksinə, yönəlmiş çirkin addımlara rəğmən inamlı addımlarını atması şantajçı, sabotajçı Qərb siyasətbazlarını daha da qıcıqlandırmaqdadır. Görünür, bu səbəbdən həm erməni lobbisinin xərclədiyi maliyyələr hesabına, həm də həmin vəsaitlərdən pay aldıqlarına görə davamlı şəkildə ölkəmizə qarşı "qara piar" aparan bir sıra mətbu orqanlar və siyasi dairələr öz bədniyyətli əməllərini davam etdirməkdə israrlı görünürlər.
Məsələn, bu günlərdə Almaniyanın "Bild" qəzeti də hər zaman olduğu kimi, digər qərəzli mətbu orqanların sıralarına qoşularaq aldığı sifarişlər və rüşvətlər hesabına ölkəmizdə keçiriləcək Avropa Oyunlarına qarşı kampaniya başladıb. Lakin məsələnin mahiyyətinə varmaqdan öncə daha bir fakta nəzər salaq. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, istər "Bild"də, istərsə də digər qərəzli və korrupsiyaya bulaşmış Qərb mətbuatında dərc edilən böhtanlı yazıların eyni anda həm Azərbaycanda fəaliyyət göstərən radikal müxalifətə məxsus mətbuatda, (məsələn, AXCP-yə məxsus "Azadlıq" qəzetində-R.N.) həm də Ermənistan mediasında işıqlandırılması bir daha sübut edir ki, sözügedən sabotaj və təxribatlar məhz eyni mərkəzdən - anti-Azərbaycan siyasətinə köklənmiş və erməni lobbisinin də yer aldığı məntəqədən idarə edilir. Bu barədə kifayət qədər sübutlar, dəlillər, sənədlər və faktlar mövcuddur.
Özünüifşa açıq-aydın göz önündədir
Belə ki, I Avropa Oyunları öz möhtəşəmliyi ilə başa çatdıqdan sonra ölkəmizdə olan on minlərlə qərbli qonaq, xarici idmançılar buradakı inkişaf və tərəqqini, demokratik dəyərləri, analoqu olmayan qonaqpərvərliyi, tolerantlıq münasibətlərini gördükdən sonra, həmin oyunlara qədər boğazlarını yırtan "Bild", ya da bu kimi başqa nəşrlərin ciddiliyinə inanmayacaqlar. Məhz bu amili də nəzərə alsaq, bəzi qərəzli Qərb mətbu dairələrinin, əslində, bu vasitə ilə özlərinə nə qədər dərin quyu qazdıqları qənaətinə gələ bilərik. Məsələn, hələ "Eurovision" yarışmaları öncəsində də eyni qərəzləri yürüdən bir çox Qərb mətbu dairələri həmin yarışma başa çatdıqdan sonra nə qədər səhv yolda olduqlarını anlayaraq, Azərbaycan dövləti barədə pozitiv informasiyalar yaymağa başladılar. Onlar anladılar ki, əslində, siaysətin çirkin tərəfində dayanmaqla, onlara qarşı beynəlxalq aləmdə müsbət deyil, mənfi rəy yaranır və nəticədə uzun illər ədlə edilmiş nüfuzları sıfır həddinə düşür. Görünür, "Bild" də hazırda həmin vəziyyətdədir.
Qərəzli və böhtançı Almaniya nəşrinin daha bir özünüifşası açıq-aydın göz önündədir. Məsələ bundadır ki, Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına təxminən 50 gün qaldığını yazan "Bild" iyunun 12-dən 28-dək davam edəcək turnirdə bütün Avropadan təxminən 6000 idmançının rəqabət aparacağını qeyd edib. Sitat: "Hətta idmanın bir neçə növü üzrə Olimpiadaya vəsiqə uğrunda da mübarizə aparacaqlar. Paytaxt Bakıda baş tutacaq turnirdə Almaniyadan 16 idman növü üzrə 267 idmançı iştirak edəcək. Onların arasında gimnastika və stolüstü tennis üzrə dünya çempionları Fabian Hambyuhen, Timo Bolla da var.
Gələn il "Formula-1" yarışı da Bakıda keçiriləcək".
"Human Rights Watch", "Sərhədsiz Reportyorlar", "Freedom House" kimi təşkilatlar da bu sıradandır
Axı bir müddət bundan öncəyə qədər Almaniyanın digər qərəzli nəşri "Der Shpiegel" (Şpigel-R.N.), eləcə də ABŞ-ın, Britaniyanın Fransanın qərəzli informasiya mənbələri yazırdılar ki, guya əsl Avropa Oyunları Azərbaycanda, Bakıda deyil, Berlində və Qlazqoda keçiriləcəyini iddia edirdilər. Sadə bir misal. Təxminən bir ay öncə Böyük Britaniyanın "İnside the Games" saytı Bakıda bu ilin iyununda keçiriləcək Avropa Oyunları ilə bağlı "təfərrüatlarını" açıqlayarkən, guya "əsl Avropa Oyunları"nın 2018-ci ildə Berlin (Almaniya) və Qlazqo (Şotlandiya) şəhərlərində keçiriləcəyini yazmışdı. Üstəlik, Azərbaycana 2-ci dərəcəli idmançıların səfər edəcəyi də həmin böhtanlar daxilində yer almışdı. Ancaq ortada olan fakt budur ki, hətta eyni mövqdən - Azərbaycana qarşı qərəz baxışlarından çıxış edən sabotajçı Qərb mətbuatının yalanları da üst-üstə düşmür. Və əgər "Bild" nəşrinin özü də etiraf edirsə ki, Almaniyanın nüfuzlu idmançıları, dünya və Olimpiya çempionları Bakıda baş tutacaq möhtəşəm I Avropa Oyunlarında iştirak edəcəklərsə, bu zaman həmin ifşalar 100% isbatını tapır. Çünki Almaniya kimi, Britaniya, Fransa, Norveç, İsveç, İsveçrə, Danimarka və s. onlarla Avropa ölkələrinin də nüfuzlu idmançıları ölkəmizdə keçiriləcək Avropa Oyunları yarışlarına qatılacaqlar.
Almaniyalı hüquq müdafiəçisi Kristofer Ştrasser demişdi: "Mən məğlub oldum"
Bu gün Azərbaycanı məlum böhtanlarla şərləməyə cəhd edən "Bild" kimi nəşr yaxşı olardı ki, elə də uzaqda olmayan bir faktı dünya ictimaiyyətinə xatırlatsın. Əgər bunu edə bilmirsə, biz həmin faktları "Bild"in nəzərinə çatırırıq ki, həmin informasiyanı öz səhifələrində qeyd etsin. Əlbəttə ki, "Bild" özünü demokratik dəyərlərə söykənən plüralist mətbu orqanı kimi hiss edirsə. Məsələn, hələ 2013-cü il aprelin 25-də Cenevrədə BMT-nin İnsan Haqları Şurasının iclasında Almaniyada insan haqlarına necə hörmət və riayət olunması kəskin tənqid edilmişdi.
Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının sessiyasında Almaniya parlamentinin üzvü Kristofer Ştrasserin Azərbaycandakı "siyasi məhbuslar"la bağlı qərəzli "hesabatı"ndan sonra da onun ölkəsində -Almaniyada insan hüquqlarının necə pozulması faktı üzə çıxmışdı.
Digər tərəfdən, BMT-nin İnsan Haqları Şurasının iclasında Almaniya hökumətinin insan haqları üzrə müvəkkili Markus Löninq başda olmaqla bu ölkənin nümayəndə heyəti də iştirak edirdi. Onlar BMT-nin üzvü olan 100-ə yaxın ölkə qarşısında bu ölkədə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə əlaqədar deyilən faktlar qarşısında mat qalmışdılar və deməyə heç bir söz belə tapa bilməmişdilər. Almaniyada insan haqlarına necə hörmət və riayət olunması beynəlxalq birlik tərəfindən kəskin tənqid olunmuşdu.
Nəticədə AŞPA - nın sessiyasında rüsvay olan Kristofer Ştrasser etiraf etmişdi ki, o, Azərbaycana gəlmədən, məhbuslarla görüşmədən belə bir siyahı hazırlayıb. "Faktları" isə Azərbaycan müxalifətinin nümayəndələri vasitəsilə əldə etdiyini etiraf etmişdi. Təbii ki, yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, həmin "faktların" ötürülməsində radikal müxalifətin böyük canfəşanlığı olub. K.Ştrasserin yalan və qərəzli hesabatından sonra üzr istəməkdən başqa ayrı yolu yox idi. Sonra mətbuat konfransı keçirən Ştrasser öz çıxışında missiyasının başa çatdığını bildirərək demişdi: "Mənim missiyam başa çatdı. Mən məğlub oldum".
Məgər bütün bunlar fakt deyilmi? Əlbəttə ki, reallıqları, həqiqəti dərk etməyənlər, ya da bunu özlərinə sərf hesab etməyənlər üçün bunlar fakt deyil. Lakin hər hansı dairə həqiqətən də özünü demokrat dəyərlərə hörmət qoyan tərəf kimi hiss edirsə, bu kimi yüzlərlə faktları dərk edərək, qəbul etməyə məcburdur. Çünki şər, qərəz və böhtan heç vaxt, heç yerdə istənilən nəticəni verməyib, bundan sonra da verməyəcək. Azərbaycanda baş tutacaq I Avropa Oyunları bütün bunları tam dəqiqliyi ilə sübuta yetirəcək.
Rövşən NURƏDDİNOĞLU