Dünən Şamaxı rayon icra hakimiyyəti və YAP Şamaxı rayon təşkilatı qadınlar şurasının təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə böyük alim, sədaqətli ömür yoldaşı, gözəl Ana kimi əbədiləşən Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Tədbiri rayon icra hakimiyyəti başçısının müavini, YAP Şamaxı rayon təşkilatı qadınlar şurasının sədri Gülnisə Ələkbərova açaraq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki, tibb elmində gur çıraq kimi şölələnən Zərifə xanım Əliyeva fitri istedada malik alim, Tanrının xalqımıza bəxş etdiyi pak və nadir insan idi: "Onun mənalı və zəngin həyat yolu bu gün də, gələcəkdə də hər bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. İşıqlı bir həyat yaşayan Zərifə xanım Əliyeva görkəmli oftalmoloq-alim, qayğıkeş həkim, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürmüş, Ulu Öndər Heydər Əliyevin sadiq dostu və məsləkdaşı olmuşdur. Ulu Öndərin əsasını qoyduğu geniş quruculuq işləri və Zərifə xanım Əliyevanın çoxşaxəli humanitar missiyası bu gün möhtərəm Prezidentimiz Cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir".
Tədbirdə Şamaxı rayon məhkəməsinin sədri Təranə Hüseynova, rayon qeydiyyat şöbəsinin rəisi Səidə Novruzova və rayon mərkəzi xəstəxanasının həkimi, oftalmoloq Gülnarə Xanlarova qeyd ediblər ki, XX əsr Azərbaycan elminin böyük simalarından olan Zərifə xanım Əliyeva peşəkar həkim, fəal ictimai xadim olmuşdur: "Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elmi tarixinə parlaq səhifələr kimi yazılmışdır".
Tədbirdə dönə-dönə vurğulanmışdır ki, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, zəngin və mənalı ömür yolu keçmiş Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Ü.ƏSGƏROV