Xalqımız müasir Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd etmək ərəfəsindədir. Bu münasibətlə Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları tərəfindən silsilə tədbirlər keçirilir. Tədbirlərdə Ulu Öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri geniş təhlil olunur, Heydər Əliyev irsinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanır. Qeyd edilir ki, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, yaşıllıqların və parkların salınmasına, mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirirdi.
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı gənclər birliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü münasibətilə şəhərin 26 nömrəli tam orta məktəbinin həyətində ağacəkmə aksiyası keçirdi. YAP Sumqayıt şəhər təşkilatının gəncləri ağacəkmə kampaniyasında və iməcilikdə fəal iştirak ediblər. Bu aksiyada 150-yə yaxın ağac əkilib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində Sumqayıtda ənənəvi olaraq ekoloji kampaniya keçirilir. Ağacəkmə aksiyalarında YAP Sumqayıt şəhər təşkilatının gənclərinin daha fəal şəkildə iştirakı yüksək qiymətləndirilir.
Rövşən RƏSULOV