YAP Qusar rayon təşkilatı və Mərkəzi rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə Qusar rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 92-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının idarə heyətinin üzvü, Mərkəzi rayon Xəstəxanasının baş həkimi Mübariz Zeynalov bildirib ki, tibb elminə böyük töhfələr vermiş görkəmli alimlər sırasında Zərifə xanım Əliyevanın özünəməxsus yeri var: "Bütün elmi fəaliyyətini oftalmologiyaya həsr edən yorulmaz alim bu sahədə bir çox yeniliklərə imza atmış, dünya oftalmologiyası məkanında yaxından tanınmışdır. Bilik və təcrübəsi, peşə sevgisi və zəhmətsevərliyi Onu akademiklik zirvəsinədək yüksəltmişdir. Təsadüfi deyil ki, alimin tədqiqatlarının nəticələri, elmi irsi bu gün də öz əhəmiyyətini, aktuallığını saxlamaqdadır".
Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının sədr müavini Nadirşah Şirinov Zərifə xanım Əliyevanın zəngin həyat və fəaliyyətinə nəzər salıb:"Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevaya həmkarlarının, yetirmələrinin, xəstələrinin hörmət və məhəbbətini qazandıran Onun həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti, insanlara qayğısı idi. Hədsiz dərəcədə xeyirxah bir insan olan Zərifə xanım yaşamaqdan, işləməkdən xüsusi zövq alır, həyata, insanlara qarşı nikbin, xeyirxah və etimad ab-havası yaratmaq üçün çox çalışırdı. Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermişdir. Böyük oftalmoloq-alim Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə Onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib-seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi. Akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub".
Qusar Mərkəzi Kitabxana Sistemlərinin direktor müavini Lyudmila Məmmədova və Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova Azərbaycan oftalmologiya elminin inkişafında misilsiz xidmətləri olmuş akademik Zərifə Əliyevanın elmi fəaliyyətindən danışıblar. Qeyd olunub ki, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verən görkəmli alimin oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatlar aparıb. Elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə güclü təsir göstərmiş Zərifə xanımın görkəmli alim, pedaqoq, xalqını, Vətənini dərin məhəbbətlə sevən əsl Azərbaycan qadını olduğunu xüsusi vurğulayıblar. Bildirilib ki, bütün ömrü boyu insanların gözünə nur bəxş edən Zərifə xanım Əliyeva yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti ilə qədirbilən xalqımızın yaddaşında həmişə yaşayacaq.
NƏZAKƏT