PDF Oxu

Siyasət

  • 6

Azərbaycan multikulturalizm mərkəzinə çevrilib

Azərbaycan multikulturalizm mərkəzinə çevrilib

İlham Əliyev: "Əminəm ki, Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır"

Aprelin 28-də Azərbaycanın paytaxtında III Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib. Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin budəfəki Forumun mövzusunun yeni dünya düzənində etimadın qurulmasına həsr olunduğunu bildirdi, tədbirə onlarla ölkədən yüksək səviyyəli nümayəndə heyətlərinin gəldiyini diqqətə çatdırdı. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi. Dövlətimizin başçısı belə bir mühüm beynəlxalq tədbirin Bakıda keçirilməsindən məmnun olduğunu dedi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa vaxtda mühüm təsisata çevrildiyini deyən Azərbaycan Prezidenti onun müzakirə etdiyi məsələlərin çoxtərəfli olduğunu diqqətə çatdırdı. Azərbaycanın əsrlər boyu Şərq ilə Qərb arasında körpü olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadıqlarını bildirdi. Qeyd etdi ki, artıq Azərbaycan multikulturalizm mərkəzinə çevrilib və ölkəmiz müstəqillik baxımından gənc olsa da, ötən dövrdə mühüm nailiyyətlər qazanıb: "Əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Bizim coğrafi yerləşməmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaratmışdır. Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Əminəm ki, Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır. Bizim cəmiyyətdə multikulturalizm ənənələri dərin köklərə malikdir. Siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və etnik azlıqların nümayəndələri hər zaman sülh və ləyaqət şəraitində yaşamışlar. Müstəqil olandan sonra Azərbaycan bu səbəbdən dünya multilkulturalizm mərkəzlərindən birinə çevrilmişdir. Gələn ay biz III Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcəyik. Biz hər il Beynəlxalq Humanitar Forum təşkil edirik. Bu tədbir əsasən sülh şəraitində birgə yaşayış, etimadın artırılması və dünyada müxtəlif dövlətlər arasında mövcud olan gərginliyin azaldılması məsələlərini müzakirə edir. Ancaq böyük tarix və mədəniyyətimizə baxmayaraq, Azərbaycan 20 ildən bir qədər çoxdur ki, müstəqildir və bu illər diqqətəlayiq transformasiya illəri olmuşdur.

Bugünkü nailiyyətlərimiz aydın nümayiş etdirir ki, yalnız müstəqil olduğumuz illərdə bizim insanlar böyük uğur əldə edə bilər, öz gələcəyini müəyyən edə bilər, planlar qura bilər və dünyadakı mövqelərini müəyyən etməklə böyük iqtisadi transformasiya və uğura nail ola bilər. Bəli, Azərbaycan hər zaman enerji resursları ilə zəngin ölkə olmuşdur. Ancaq, eyni zamanda, xatırlayırıq ki, Azərbaycan müstəqil olmayan dövrdə biz bu resursların bəhrəsini görə bilmirdik. XX əsrin əvvəlində Azərbaycan bütün dünyada hasil olunan neftin yarısından çoxunu istehsal edirdi. Siz o vaxtkı mənzərəyə baxsanız çiçəklənmə, bərabərlik və sosial firavanlıq görə bilməzsiniz. Sovet dövründə, xüsusilə də İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti faşizmlə mübarizədə çox mühüm rol oynamışdır. Sovet İttifaqının neftinin 70 faizini Azərbaycan təmin etmişdir. Lakin müstəqil olandan sonra biz ekoloji fəlakət, neft sənayesinin dağılması, iqtisadi və sənaye tənəzzülü ilə üzləşdik. Yəni, çox qısa bir zamanda - yalnız taleyimiz öz əlimizdə olanda biz uğura nail ola bilmişik."

Bu gün Azərbaycanda uğurlu islahatların həyata keçirildiyini, bütün azadlıqların təmin olunduğunu deyən dövlətimizin başçısı ölkədə hüquqi sistemin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görüldüyünü bildirdi. "Azərbaycan beynəlxalq aləmdə də öz yerini tutub, ölkəmiz bir çox mötəbər beynəlxalq qurumların üzvüdür", - deyən Prezident İlham Əliyev vurğuladı ki, bir neçə il öncə 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ölkəmiz beynəlxalq münasibətlər sisteminə öz töhfəsini verir. Hazırda dünyada ikili standartların bir qaydaya çevrildiyini, ölkəmizin işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icra olunmadığını deyən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində üzləşdiyimiz çətinliklərdən danışdı, münaqişənin həlli ilə bağlı ölkəmizin qəti mövqeyini açıqladı. Son 10 ildə ölkəmizin iqtisadi baxımdan sürətlə inkişaf etdiyini, qeyri-neft sektorunun iqtisadiyyatda çəkisinin artdığını, əlverişli biznes mühitinin qurulduğunu və Azərbaycanın xarici sərmayələr üçün açıq ölkəyə çevrildiyini deyən Prezident İlham Əliyev işsizliyin, yoxsulluğun azaldılması istiqamətində görülən tədbirlərin davam etdirildiyini bildirdi. Kosmos sənayesinə malik Azərbaycanın iqtisadi nailiyyətlərinin müstəqil xarici siyasət yürütməyə imkan verdiyini vurğuladı. Enerji təhlükəsizliyinə gəlincə, Prezident İlham Əliyev bildirdi ki, bu sahədə şaxələndirilmə siyasəti davam etdirilir, ölkəmizdə hasil olunan enerji resurslarının xarici bazarlara ötürülməsi üçün yeni marşrutlar çəkilir. Prezident İlham Əliyev ölkəmizdə təhsilin inkişafı ilə bağlı görülən işlərdən də danışdı. "Bizim üçün təhsil müasirliyə və inkişafa aparan yoldur", - deyən dövlətimizin başçısı bir daha Forumun işinə uğurlar arzuladı.

Bolqarıstan Prezidenti Rosen Plevneliev dünyadakı böhranların rekord həddə çatdığını dedi. Müasir dünyanın çağırışlarına toxunan dövlət başçısı qanunun aliliyinin təmin olunmasının, böhranların həllinin, qeyri-qanuni miqrasiyanın, terrorçuluğun qarşısının alınmasının vacibliyinə diqqəti cəlb etdi. "Sülh qanunun aliliyidir", - deyən Rosen Plevneliev indi dondurulmuş böhranların sayının artdığını bildirərək dünyada davamlı nizam-intizama nail olunmasının zəruriliyini diqqətə çatdırdı.

Makedoniya Prezidenti George İvanov çıxışında Avropa İttifaqının dəyərlərinə toxundu, bu qurumun yaratdığı dəyərlərin qitəni əhatə edən ölkələrin hər birində bərabər qaydada paylanmasının vacib olduğunu bildirdi. Avropa İttifaqının genişlənmə siyasətinin xeyli ləngidiyini deyən dövlət başçısı bu qurumun hələ də dünya nizamında layiqli yer uğrunda mübarizə apardığını dedi.

Maltanın Baş naziri Cozef Muskat dünyanın və cəmiyyətlərin dəyişdiyi indiki vaxtda ölkəsində həyata keçirilən islahatlardan danışdı, hazırda dünyanı narahat edən miqrasiya probleminin artıq ciddi fəsadlarının olduğunu dedi. Bu problemin həll olunmadığı təqdirdə onun Avropada böhrana səbəb ola biləcəyi ehtimalını irəli sürdü.

Sonra Almaniyanın Federal Kansleri Angela Merkelin və Böyük Britaniyanın Baş naziri Devid Kemeronun Foruma ünvanladığı məktublar oxundu. UNESCO-nun baş direktoru İrina Bokova və BMT-nin keçmiş baş katibi Butros Butros-Qali öz videomüraciətlərində Forumun işinə uğurlar arzuladılar, burada müzakirə edilən məsələlərin dünya üçün əhəmiyyətli olduğunu bildirdilər. İsmail Serageldin ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin salamlarını Forum iştirakçılarına çatdırdı, onun da bu Forumun işinə böyük əhəmiyyət verdiyini bildirdi.

Latviyanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa da çıxışında miqrasiya probleminin həlli istiqamətində təsirli addımların atılması vaxtının yetişdiyini dedi. Bundan əlavə, insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı tədbirlərin də görülməsinin vacibliyinə diqqəti cəlb etdi. Bu ideyalar uğrunda mübarizənin daha güclü xarakter almasının zəruri olduğunu dedi. Vayra Vike-Freyberqa müxtəlif fikirləri dinləyərək ortaq məxrəcə gəlinməsi baxımından Bakı Forumunun əhəmiyyətli məkana çevrildiyini bildirdi, bu proseslərin uğurlu alınmasında Prezident İlham Əliyevin rolunu və xidmətlərini xüsusi vurğuladı. Xatırladaq ki, üçüncü dəfə Bakıda keçirilən Foruma Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq dövlət və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndə qatılıb. Aprelin 30-dək davam edəcək tədbirdə nüfuzlu siyasi liderlər qloballaşmanın geniş vüsət aldığı bir dövrdə dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemləri geniş müzakirə edəcək, onların aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı fikir mübadiləsi aparacaqlar.

Digər xəbərlər