Bəxtiyar Sadıqov: "Azərbaycan jurnalistləri vətənpərvərlik göstərsinlər"
"Azərbaycan Prezidenti İlham Əliyevin Atəşgahda olimpiya məşəlini alovlandırması ilə I Avropa Oyunlarının ilkin mərhələsi başlandı və məşəl ölkəmizi səyahətə başladı. Bu məşəlin işığında Azərbaycanın regionlarında görülən bütün işlər dünyaya çıxacaq". Bunu SİA-ya "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib.Onun sözlərinə görə, insanlar Oyunların ilk dəfə Azərbaycanda keçirilməsindən fərəhlənəcəklər: "Əlbəttə, Azərbaycanın belə bir tədbiri keçirmək imkanı hamının xoşuna gəlmir. Ona görə, anti-Azərbaycançı şəbəkə, dünya erməniliyi, bizə qısqanclıqla yanaşan dövlətlər ölkəmizə qarşı qarayaxma kampaniyasına start veriblər. Onlar, Azərbaycanı gözdən salmaq üçün şərə, böhtana əl atırlar. Ənənəvi olaraq anti-Azərbaycan mövqedə dayanan "Sərhədsiz Reportyorlar", "Human Rights Watch", "Amnesty İnternational" kimi beynəlxalq təşkilatlarda ermənilər çalışır və ya onlar maliyyələşdirir. Ona görə də bunların mövqeyi aydındır. Müstəqillik dövründən bəri Azərbaycan inkişaf edir, amma bircə dəfə belə təşkilatlardan obyektiv mövqe görməmişik".B. Sadıqov hesab edir ki, belə beynəlxalq təşkilatların qarayaxma kampaniyalarına fikir vermək lazım deyil: "Biz öz işimizi görürük. Amma, təəssüf doğuran odur ki, Azərbaycan mətbuatı bəzən onların şər, böhtan dolu, şərəfsiz yazılarını tirajlayır. İstərdim ki, bu məqamda Azərbaycan jurnalistləri vətənpərvərlik göstərsinlər, belə yazıları tirajlamaq yox, faktlarla cavabını verərək yerində oturtmaq lazımdır. Beynəlxalq dairələrin anti-Azərbaycançı açıqlamaları yalnız ikrah hissi doğrur".
sia.az