Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatı qadınlar şurası görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibəti ilə tədbir keçirib. Rayon mərkəzi xəstəxanasında keçirilən tədbiri giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatı qadınlar şurasının sədri, rayon mərkəzi xəstəxanasının baş həkimi Şərəbanı Məlikova qeyd edib ki, Zərifə xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub: "O, Heydər Əliyevə mənəvi dayaq və arxa olmuşdur. Zərifə xanım görkəmli alim kimi, sədaqətli yoldaş kimi, qayğıkeş ana kimi daim Azərbaycan xalqının qəlbində yaşayacaq, Onun xatirəsini hər zaman uca tutulacaq".
Tədbirdə YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov görkəmli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən söz açaraq bildirib ki, Zərifə xanım Əliyeva mehriban ana, vəfalı ömür-gün yoldaşı, ailəsinə vurğun insan idi: "Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır. Bu gün dövlət başçısı İlham Əliyev xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadır. Zərifə xanım Əliyevanın yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu məktəb gələcək nəsillərimizə də öz əvəzolunmaz töhfələrini verəcək".
Tədbirdə göz həkimi Ülviyyə Əzizova "Ürəklərdə izin var", pediatr İradə Fətəliyeva "Ölüm sevinməsin qoy", həkim Fazil Əzizov "Elm fədaisi", həkim Almaz Güləmirova "Mənalı ömür yolu", həkim Nazir Əzizov "Qayğıkeş həkim, Görkəmli alim, Böyük insan" mövzularında çıxış edərək intellektual keyfiyyətləri özündə birləşdirən görkəmli oftalmoloq-alim, bənzərsis ziyalı, qayğıkeş insan Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti haqda geniş çıxışlar ediblər.
Sonda Ağsu rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdüri Sevil Mirzəliyeva çıxış edərək bildirib ki, sönməz Zərifə xanım ziyası, əbədi yaşayan Zərifə xanımın xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.
R.HÜSEYNOVA