PDF Oxu

Siyasət

  • 16

QARABAĞ TEZLİKLƏ İŞĞALDAN AZAD OLUNACAQ

QARABAĞ TEZLİKLƏ İŞĞALDAN AZAD OLUNACAQ

İlham Əliyev: "Qarabağ münaqişəsi vaxtında həll olunsaydı, digər münaqişələri görməzdik"

Məlum olduğu kimi, aprelin 28-də bir sıra dövlətlərin sabiq prezident və dövlət başçılarının iştirak etdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda ölkə Prezidenti İlham Əliyev çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan çətinliklərdən danışdı. Prezident problemin həllilə bağlı Azərbaycanın qəti mövqeyini açıqlamaqla yanaşı, burdan dünyaya maraqlı mesajlar da göndərib: "Əgər Dağlıq Qarabağ münaqişəsi vaxtında həll olunsaydı, biz bu gün dünyada digər münaqişələri görməzdik".

"Bizim bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Biz Xocalı soyqırımına məruz qalmışıq. Azərbaycan heç kimin torpağını işğal etməyib. Əfsuslar olsun ki, dünyada aqressiv separatçılıq davam edir. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, biz bu gün digər münaqişələri görməzdik. Azərbaycan bu münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdarıdır. Bu münaqişələr inkişafı əngəlləyir. Buna baxmayaraq Azərbaycanın iqtisadiyyatı son 11 ildə 3 dəfə artıb. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq bu il iqtisadi artım 5 faiz olub. İqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığı azaltmaq üçün tədbirlər görülür".

Dövlət başçısı sözügedən problemin ölkəmiz üçün ən böyük maneə olduğunu da vurğulayıb: "Əlbəttə, bu, bizim ölkəmiz üçün ən böyük problem, inkişafımız üçün ən böyük maneədir. Lakin buna baxmayaraq, Azərbaycanın inkişafı çox uğurlu olmuşdur və son on il ərzində bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Biz iqtisadiyyatımızın şaxələndirilməsi və enerji sektorundan asılılığı azaltmağa müvəffəq olmuşuq. Bu gün enerji sektoru ümumi daxili məhsulun təqribən 30 faizini təşkil edir. Beləliklə, şaxələndirmə siyasəti böyük tərəqqiyə səbəb olmuşdur və hətta bu gün neftin qiymətinin aşağı düşdüyü bir vaxtda, ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 5 faizdən çox artmışdır".

"Azərbaycan xarici sərmayələr üçün açıq ölkədir"

Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı Azərbaycanın xarici sərmayələr üçün açıq ölkə olduğunu da bildirib: "Azərbaycan xarici sərmayələr üçün açıq ölkədir. Müstəqillik illəri ərzində Azərbaycana 200 milyard ABŞ dollarından çox xarici sərmayə yatırılmışdır. Ötən il 27 milyard, yəni 30 faiz birbaşa xarici sərmayə qoyulmuşdur. Beləliklə, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkədir. Çünki bizdə çox yaxşı işgüzar və sərmayə mühiti var. Davos Dünya İqtisadi Forumunun qiymətləndirilməsinə görə, rəqabət qabiliyyəti baxımından Azərbaycan iqtisadiyyatı 38-ci yerdədir".

Enerji layihlərindən danışan dövlət başçısı TAP və TANAP layihələrinin Avropanı enerji ilə təmin edəcək, hələlik yeganə mənbə olduğunu, heç bir dövlətlə yarışa girmədiyimizi söyləyib. İnterkonnektorların tikintisi, boru xətlərinin çəkilişi getdiyin, ümumilikdə layihənin 45 milyard dollar sərmayə tələb etdiyini vurğuladı. 2018-2019-cu illərədək bu layihələri gerçəkləşdirmək üçün Avropanı əməkdaşlığa səslədi.

Doğurdan da qürurverici haldır ki, Azərbaycan Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bütün dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və Azərbaycanın ərazi bütövlüyü bu məsələnin həllində əsas faktordur. Dövlət başçımız çıxışlarının birində demişdir: "Mən əminəm ki, bu münaqişə ədalətli və beynəlxalq hüquq əsasında öz həllini tapacaq, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edəcəkdir. Biz, azərbaycanlılar, Dağlıq Qarabağa, işğal edilmiş digər torpaqlara və bütün tarixi Azərbaycan torpaqlarına qayıdacağıq. Mən buna əminəm, buna şübhə etmirəm və buna nail olmaq üçün biz daha da güclü olmalıyıq".

Digər əsas məqam isə, Azərbaycanın iqtisadi cəhətdən Ermənistandan qat-qat güclü olması, ordu quruculuğu sahəsində düşmənlərimizdən üstünlüyümüz də işğal altında olan ərazilərimizin tez bir zamanda azad olunacağına əminlik yaradır. Ümumiyyətlə, Ermənistanın hər hansı bir sahədə Azərbaycanla müqayisə olunması düzgün deyil. Çünki Azərbaycan zənginləşən, güclənən müstəqil bir dövlətdir. Ermənistan isə hələ də digər ölkələrdən asılı vəziyyətdədir, ianələr və yardımlar hesabına dolanır. Əlbəttə ki, güclər nisbəti də anbaan bizim xeyrimizə dəyişir".

Ermənistanın dövlət rəsmiləri də etiraf edirlər ki, bu ölkənin uğurlu inkişafı üçün heç bir amil, perspektiv görünmür. Çünki işğalçı dövlət tənəzzülə uğrayıb və ümumi daxili məhsul istehsalı heçə enib. Yerli kütləvi informasiya vasitələri də qeyd edirlər ki, nə qədər ki, Ermənistanda bu hakimiyyətin diktatura rejimi hökm sürür, hər hansı bir nailiyyətdən və iqtisadi inkişafdan danışmağa dəyməz. Bu uğursuzluğun, yoxsulluğun, işsizliyin və ordudakı ölümlərin nəticəsidir ki, yerli əhali ölkəni sürətlə tərk edir.

Azərbaycan isə həm iqtisadi, həm də siyasi cəhətdən inkişaf edir. Düşmənlərin Milli Ordumuzun qarşısında artıq davam gətirə bilməməsi son hadisələrdə də özünü göstərdi. Çünki Azərbaycanın uğurlu xarici siyasəti Prezident İlham Əliyevin uzaqgörənliyi və prinsipiallığı ilə davam etdirilir. Azərbaycan dövləti, diplomatiyamız hər vəchlə çalışır ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, milli maraqlarımıza uyğun olaraq öz həllini tapsın.

Beləliklə, Prezident İlham Əliyevin böyük qətiyyətlə apardığı xarici siyasət Azərbaycan Respublikasının milli maraqlarına tam cavab verməklə, respublikamızın beynəlxalq arenada imicinin daha da güclənməsinə xidmət edir. Azərbaycan Respublikasının malik olduğu iqtisadi potensial, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən kompleks islahatların nəticəsində respublikamızın sülh, əməkdaşlıq və tərəqqi mərkəzinə çevrilməsi, xalqımızın milli maraq və mənafelərini daha etibarlı səviyyədə təmin etməsi, Azərbaycanın sürətli inkişaf yolunda olması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində uğurlu nəticə əldə ediləcəyinə böyük inam yaradır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər