Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatı və Yardımlı rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Yardımlı rayon təşkilatı qadınlar şurasının sədri Aygün Şabiyeva akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli ömür yolundan danışaraq, Azərbaycan tibb elminin inkişafına mühüm töfhələr verdiyini bildirib. O, qeyd edib ki, akademikin elmi-pedaqoji fəaliyyəti nəticəsində bu sahənin mütəxəssisləri yetişib və oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. A.Şabiyeva axtarışlarının, zəhmətinin, elminin nəticəsi kimi Zərifə xanımın Azərbaycan məkanında, eləcə də dünyada tanınmasına səbəb olduğunu bildirib.
Tədbirdə çıxış edən RİH humanitar şöbəsinin baş məsləhətçi Əfsanə Mahmudzadə Zərifə xanım Əliyevanın fəaliyyətini diqqətə çəkərək tariximizə, Azərbaycanın qismətinə iki böyük şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın düşdüyünü qeyd edib. Ə.Mahmudzadə bildirib ki, görkəmli otalmoloq-alimin tibb sahəsində çalışdığı dövrdə Azərbaycanda ən ağır və problemli məsələlərdən olan traxoma xəstəliyi geniş yayılmışdı: "Elmi axtarışları, istedadı, əməyi Zərifə xanımı Azərbaycanın ilk oftalmoloq-aliminə çevirdi və insanlar bu xəstəlikdən xilas ola bildilər".
Yubiley tədbirində YAP Yardımlı rayon təşkilatının təlimatçısı Lalə Adiyeva, 1 saylı məktəbin müəllimələri Nərgiz İbrahimli, Natavan İsmayılova, Günel Məcid, 3 saylı uşaq baxçasının müdiri Nuranə Paşayeva, Çayüzü ərazi numayəndəliyində müavin Sənubər Quliyeva, Köryədi 2 saylı məktəbin müəlliməsi Gözəl Tağıyev və başqaları çıxışlarında akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, zəngin tibbi nailiyyətlərindən ətraflı bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, akademik Zərifə xanım Əliyevanın hər kəsə örnək olan ana, alim və gözəl qadın olmaqla yanaşı, həm də Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olmuşdur. Qeyd olunub ki, bütün həyatı boyu Ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam diqqəti xüsusilə cəlb edir. Çıxışlarda bildirilib ki, sönməz Zərifə xanım ziyası, əbədi yaşayan Zərifə xanımın xatirəsi həmişə qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.
A.SƏMƏDOVA