PDF Oxu

Siyasət

  • 7

Regionlarda turizm infrastrukturu genişlənib

Regionlarda turizm infrastrukturu genişlənib

Dünən Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində "Gəncəbasar bölgəsində turizmin mövcud vəziyyəti və bölgənin turizm ehtiyatlarından səmərəli istifadə etməklə turizmin inkişafının gücləndirilməsi" mövzusunda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib. İclasda nazirliyin kollegiyasının üzvləri, Naftalan şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov, Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev və digər qonaqlar iştirak edib.

Tədbirdə giriş sözü ilə ilk əvvəl Naftalan şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək Naftalan hələ sovetlər vaxtından sağlamlıq turizmi sahəsində çoxsaylı xarici qonaqları qəbul etmiş və bu gün də MDB məkanında məşhur olduğunu bildirib. Çıxışı zamanı icra hakimiyyətinin başçısı Naftalan nefti ilə müalicənin yüksək standartlarda turistlərə təqdim edilməsi üçün son illər yeni-yeni turizm infrastrukturunun tikilib istifadəyə verilməsindən və hal-hazırda da bu sahədə inkişafın daha da sürətlə aparılmasından söz açıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu regionda turizmin inkişafından danışıb. Nazir bildirib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə regionlarda turizmin inkişafı infrastrukturunun genişləndirilməsi prosesi sürətlə gedir. Ölkə başçısının il ərzində regionlarda bir neçə mehmanxana və digər turizmə xidmət edən obyektlərin açılışında iştirakı onun bu sahəyə yüksək diqqətinin göstəricisidir.

Nazir, həmçinin son illər turizmdən gələn gəlirlərdən söz açıb və I Avropa Oyunları kimi möhtəşəm tədbirlərin ölkəmizin bu sahədən daha çox gəlir əldə etməsinə xidmət edəcəyini bildirib. Hər il ölkəmizdə 40-a yaxın otelin açılmasının sevindirici hal olmasının və bu prosesin davam etdiyini vurğulayıb.

İclas zamanı nazir bu bölgədə lisenziyasız fəaliyyət göstərən mehmanxanaların çoxluğundan narahatlığını ifadə edib və aidiyyəti üzrə bu problemin həllinə dair müvafiq tapşırıqlar verib.

Sonda "Azərbaycan sağlamlıq və termal turizminə dəstək ictimai birliyi ilə müalicə turizmi sahəsində fəaliyyət göstərən mehmanxanalar arasında birgə əməkdaşlıq fəaliyyətinə dair niyyət protokolu" imzalanıb.

ZÜMRÜD

Digər xəbərlər