Qərb Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev və dil" mövzusunda elmi-praktik konfrans keçirilib.Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə güllər düzülüb.AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin rektoru Zenfira Məmmədova ulu öndər, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıb.Heydər Əliyev siyasətinin əhəmiyyətini diqqətə çatdıran rektor Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.Vurğulanıb ki, bu gün Azərbaycan çox sürətlə inkişaf edir, onun beynəlxalq aləmdə nüfuzu gündən-günə artır. Bu gün Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. "Bakı - 2015" I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi olduqca əlamətdar və tarixi hadisədir. Azərbaycanda qazanılan bütün bu nailiyyətlər Heydər Əliyev siyasətinin bəhrələridir.Milli Məclisin deputatı Aydın Mirzəzadə Heydər Əliyev dühasının böyüklüyündən bəhs edib. Ümummilli lider Heydər Əliyevin zəngin dövlət idarəçilik təcrübəsinin əhəmiyyətini qeyd edən A.Mirzəzadə müstəqil dövlətimizin qorunub saxlanılmasında, möhkəmlənməsində və dünyaya tanıdılmasında Ulu Öndərin müstəsna rolunu vurğulayıb. Bildirilib ki, dahi rəhbər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna çıxıb, onun iqtisadiyyatı, elmi, təhsili, mədəniyyəti inkişaf edib, Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəlib.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvləri, tarix elmləri doktorları Nərgiz Axundova, Vəli Əliyev, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu direktorunun müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və başqaları müdrik şəxsiyyət Heydər Əliyevin milli mənəvi dəyərlərimizin, dilimizin qorunub saxlanmasında və inkişafında, azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz xidmətlərindən danışıblar.Sonra "Heydər Əliyevin dili", "Heydər Əliyevin dil siyasəti", "Azərbaycan dilinin Konstitusiya hüququ statusu", "Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu" və digər mövzularda məruzələr dinlənilib.Məruzələrdə bildirilib ki, dövlətimizin dövlətlər arasında, dilimizin inkişaf etmiş dillər arasında qabaqcıl yerlərdən birini tutmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu öndər Heydər Əliyevin dil siyasəti onun dövlət quruculuğu siyasətinin üzvi tərkib hissəsi olub. Heydər Əliyev ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib.Ümummilli lider Heydər Əliyevin dilimizlə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayan məruzəçilər xatırladıblar ki, məhz Ulu Öndərin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında dövlət dili, sözün həqiqi mənasında, bərqərar edilib. Latın qrafikasına keçid prosesi başa çatdırılıb.Vurğulanıb ki, Azərbaycan dilinin inkişafı, onun təbliği və yad təsirlərdən qorunması, dilimizin saflığı istiqamətində ümummilli lider Heydər Əliyevin siyasəti bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması da bunun parlaq göstəricisidir. Görkəmli dövlət xadimi Heydər Əliyevin dil siyasəti ana dilimizin inkişaf istiqamətində əsil məktəbdir və bu təcrübədən daima istifadə olunacaqdır.
AZƏRTAC