Avropa Parlamentinin "Avropa Azad Alyansı" partiyası 16-18 apreldə Almaniyanın Buduşin şəhərində keçrilən illik Assembleyasında BMT-yə üzv olan ölkələri qondarma "Dağlıq Qarabağ Respublikasını" tanımağa çağıran bəyanat qəbul edib. SİA-nın verdiyi məlumata görə, məsələyə münasibət bildirən millət vəkili Rauf Əliyev qeyd edib ki, deyəsən bəyanatı qəbul edənlər BMT-nin Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal qeyri-şərtsiz azad olunması üçün 1993-cü ildə qəbul etdiyi 4 qətnamədən, Dünya dövlətlərinin Azərbaycanın işğaldan əvvəlki sərhədləri daxilində tanımaları barədə məlumatlardan xəbərləri yoxdur.
"Bəyanatı qəbul edənlər bilməlidirlər ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın işğalçı rejmi tərəfindən yaradılmış qondarma quruma ancaq Azərbaycan dövləti daxilində, hazırda Minsk Qrupu tərəfindən aparılan danışıqlarda müzakirə olunan prinsiplər əsasında status müəyyənləşədirilə bilər. Bu bəyanat bir daha göstərir ki, ABŞ-da Avropada fəaliyyət göstərən anti-azərbaycan mərkəzləri sakitləşə bilmirlər, ardıcıl olaraq Azərbaycan dövlətinə qarşı qarayaxma kampaniyasını davam etdirirlər", - deyə millət vəkili bildirib.
R.Əliyev qeyd edib ki, işğal olunmuş ərazilərində azərbaycan xalqına məxsus milli-mədəni, dini abidələri vəhşicəsinə talan edilib, yerli sakinlər öz ata-baba yurdlarından qovulublar: "İnsan azadlıqlarından, hüquqlarından, demokratik dəyərlərdən bəhs edən Avropa Azad Alyansının işğal və təcavüz qanlı etnik təmizlənmə nəticəsində yaranmış bu qurumun Dünya birliyi tərəfindən tanınması ilə bağlı bəyanat qəbul edilməsi Avropa Azad Alyansının adına qara ləkədir. Bütün bu cəhdlərə baxmayaraq biz inanırıq ki, yaxın zamnlarda işğal olunmuş torpaqlar azad olunacaq və ərazidə sülh və əmin-amanlıq bərqərar olacaqdır".
sia.az