YAP Samux rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. Tədbirlər planına uyğun olaraq YAP Samux rayon təşkilatının və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəbləri arasında "Bilik yarışı" keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində məktəblilər arasında "Bilik yarışı"nın keçirilməsində əsas məqsəd gənc nəsli Ulu Öndər Heydər Əliyev ideyaları ruhunda, Onun zəngin irsi işığında yeni üsul və metodlarla tərbiyə etmək, Onun irsinin dövlətçilik, azərbaycançılıq, bəşəri konsepsiyasını, idarəçiliyini öyrənmək, təbliğ etmək və bu ideyalardan faydalanmaq, həyatımızda istifadə etməkdir. Çıxışının sonunda G.Bayramov yarış iştirakçılarına uğurlar arzulayıb.
Sonra Samux rayon təhsil şöbəsinin müdiri Gülağa Hüseynov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indiki gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır" tezisini xüsusi vurğulayaraq, Dahi Şəxsiyyətin seçdiyi yolun Azərbaycana qazandırdığı uğurları tədbir iştirakçılarının nəzərinə çatdırıb və "Bilik yarışı"nın iştirakçılarına uğurlar arzulayıb. Sonra məktəblilər arasında yarışmaya start verilib.
İntellektual bilik yarışında hər məktəbin komandasında beş nəfər olmaqla, 23 məktəbin şagirdləri iştirak ediblər. Hər komanda 9, 10, 11-ci sinif şagirdlərindən ibarət olub. Məktəblilər birincilik uğrunda mübarizə apardıqları yarış çox gərgin və maraqla izlənilib. Hər bir komanda üzvləri verilən suallara səlis və birinci cavab vermək üçün var gücləri ilə çalışıblar. Sualların əksəriyyəti Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilib.
Gərgin keçən yarışda öz bilik səviyyəsi ilə digər məktəblərdən fərqlənən Qovlarsarı kənd tam orta məktəbinin komandası I yerə, Samux şəhər 3 saylı tam orta məktəbin komandası II yerə, Ziyadlı kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, qalib gələn hər üç komandaya Fəxri Fərman və hədiyyələr Ulu Öndərin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş ümumrayon tədbirində təqdim olunacaq.
ZÜMRÜD