İlham Əliyev: "Bizim seçimimiz demokratiya və sosial firavanlıqdır"
Məlum olduğu kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində aprelin 28-29-da keçirilən III Qlobal Bakı Forumu dünyanı düşündürən məsələlərin müzakirə edildiyi çox əhəmiyyətli bir forumdur. Çünki önəmli amillərdən biri də odur ki, Qlobal Bakı Forumu artıq ənənə halı alıb və onun həm iştirakçılarının, həm də gündəliyindəki məsələlərin sayı ilbəil artır. III Qlobal Bakı Forumunda dünyanın 60-dan çox ölkəsindən ümumilikdə 200-dən artıq nümayəndə iştirak edib. İki gün ərzində Bakıda qloballaşmanın geniş vüsət aldığı bir dövrdə dünyanı ciddi narahat edən məsələləri - etnik və digər zəmində baş verən münaqişələri, terror təhdidlərini, demokratiyanın inkişafını, təhsil, ekologiya və digər sahələrdə mövcud çağırışları geniş müzakirə edildi, bu problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı səmərəli fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimdəki nitqində deyib: "Düşünürəm, bu nadir fürsətdir ki, burada bu dərəcədə yüksək səviyyəli qonaqların sayəsində bizi gələcəkdə hansı işlərin, hansı çağırışların gözlədiyini və bu gün dünyanın bütün yerlərində mövcud olan gərginliyin azaldılması üçün hansı tədbirlərin görülməli olduğunu müzakirə edək".
Azərbaycan Prezidentinin dediyi kimi, bu forumun beynəlxalq əməkdaşlığın əsas təhlükəsizlik məsələlərinin həlli sahəsində qarşıya qoyduğu məqsədlər böyük əhəmiyyətə malikdir.
Azərbaycan mötəbər beynəlxalq tədbirlərin məkanı kimi dünyada böyük nüfuz sahibidir
Azərbaycan Respublikasının Şərqlə Qərbin qovuşduğu bir qurşaqda yerləşməsi ölkəmizi dünya dövlətləri üçün daha maraqlı edib. Məhz bu baxımdan da son illər respublikamızın böyük bir inkişaf yolunda olması dünyanın diqqətini Azərbaycana yönəldib. Bu gün ölkəmiz demək olar ki, dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Artıq nüfuzlu Azərbaycan dövləti ən mötəbər tədbirlərə, idman və musiqi yarışlarına, konfranslara, zirvə toplantılarına ev sahibliyi edir. Son 22 ildə ölkəmizdə, xüsusən də paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlərin sırasına nəzər salsaq, burada yüzlərlə toplantının adını görə bilərik. Bunlar hamısı həm Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərən amildir, həm də dövlətimizin maraqlarını təmin edən faktdır.
Ölkəmizdə keçirilən ən böyük, dünyamiqyaslı tədbirlərdən biri 2012-ci ildə Bakıda keçirilən "Eurovision-2012" musiqi yarışması olmuşdur ki, onun yüksək səviyyədə təşkil edilməsi hələ də dünya mətbuatında təqdir edilir. Bu yarışma başda olmaqla, Azərbaycanın çoxsaylı dünya və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi yada düşür. Təbii ki, bu tədbirlərin Bakıda və digər şəhərlərimizdə keçirilməsi çox böyük hadisələrdir. Digər bir tədbiri - Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayını xüsusi qeyd etmək istərdim. Dünya azərbaycanlı gənclərinin təşkilatlanmasının təməli Rusiya Azərbaycanlı Gənclər Təşkilatının yaradılması ilə qoyulub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaranan bu təşkilat həqiqətən də Azərbaycan gəncliyinin vahid amal uğrunda səfərbər olunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük işlər görür.
Xocalı soyqırımı ilə bağlı dünyada Azərbaycan hakimiyyətinin, Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət" kampaniyası çərçivəsində Azərbaycan gəncliyi yüksək fəallıq nümayiş etdirdi. Dünyanın 70-dək ölkəsində aksiyalar, konfranslar və s. tədbirlər təşkil olundu. Qarşıdan isə növbəti tarixi hadisə - İlk Avropa Oyunlarının keçirilməsidir. Ümumiyyətlə fakt budur ki, beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan dövlət maraqlarının müdafiəsi istiqamətində böyük irəliləyişlər əldə edir. Bu tədbirlərin məram və mövzusundan asılı olmayaraq, burada daim dövlət maraqlarımızın qorunması əsas götürülür. Azərbaycan dövlətinin və xalqının taleyüklü problemi olan Dağlıq Qarabağ məsələsilə bağlı bu tədbirlərdə çıxışlar edilir, müzakirələr aparılır. Beynəlxalq tədbirlərə ev sahibliyi etmək Azərbaycanın dövlət maraqlarına tam uyğundur. Bu tədbirlər milli və dövlət maraqlarımızın müdafiəsi baxımından da diqqətçəkəndir...
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında ötən 11 ildə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyətin göstərilməsi öz müsbət nəticələrini verməkdədir. Cənab İlham Əliyevin yürütdüyü praqmatik, çevik, milli maraqların prioritetliyinə əsaslanan diplomatiya Azərbaycanı həm də bütövlükdə Avropa məkanında strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirib.
RƏFİQƏ KAMALQIZI