YAP Göygöl rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə rayon idmançıları arasında ümumrayon yürüşü keçirib. Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hər şeydən əvəl tarixi şəxsiyyətdir: "Tarixi şəxsiyyətlərin yetişməsində isə ictimai-siyasi mühit, hadisə və proseslər öz sözünü deyir. Bu hadisə və proseslərin mərkəzində dayanan ən əsas amil isə yenə də şəxsiyyətlərin özüdür. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində xalq və vətən üçün etdiklərini bəzən normal təfəkkürün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük Öndərimiz tariximizə xilaskar kimi daxil olub və ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla davam etdirib".
T.Əliyev, həmçinin Ulu Öndərin gənclərə göstərdiyi qayğıdan və bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib: "Bu gün Azərbaycan gəncliyi yüksək intellektə malikdir. Hər bir gənc bu günü və gələcəyi üçün həmişə Heydər Əliyevə minnətdar olacaq, Onun ideyalarını gələcək nəsillərə ötürəcək, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır".
Ü.ƏSGƏROV