PDF Oxu

Siyasət

  • 12

Növbəti "seçki" oyunu

Növbəti "seçki" oyunu

Erməni separatçıları saxta "seçki" ərəfəsində

Məlum olduğu kimi, bütün dünya dövlətlərinin, eləcə də beynəlxalq təsisatların Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul etdikləri işğal altında olan bu torpaqlarda qondarma rejim mayın 3-də "parlament seçkiləri" keçirməyi qərara alıb. Azərbaycan ərazilərinin hərbi işğalı və etnik təmizləmənin davam etdiyi bir zamanda qondarma separatçı rejimin strukturlarına "seçki"lərin keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır. Ona görə də bu "seçki"lərin heç bir hüquqi qüvvəsi ola bilməz. Eyni zamanda bu "seçkiləri" erməni tərəfinin Azərbaycanı növbəti dəfə təxribata çəkməsi kimi də qiymətləndirmək mümkündür.

Doğrudur, bundan əvvəl də qondarma Dağlıq Qarabağda həm qanunsuz "prezident seçkiləri", həm də "parlament seçkiləri" keçirilib və separatçıların təşkil etdikləri "seçkilər" beynəlxalq səviyyədə qəbul olunmayıb. Lakin onu da vurğulamaq lazımdır ki, bu saxtakarlığın qarşısını almaq üçün hələ bu günə kimi heç bir tədbir görülməyib. Belə ki, Dağlıq Qarabağ torpaqlarının işğalı faktını təsdiqləyən BMT-nin Təhlükəsizlik Şurasının bu barədə qəbul etdiyi 4 qətnaməsi, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların qərar və bəyannamələri mövcud olduğu halda erməni separatçıları istənilən ölkəyə səfər edir, hətta bəzi hallarda hegemon dövlətlərlə işgüzar danışıqlar da apara bilirlər.

Ekspertlərin fikrincə, bu halda Azərbaycan sülh danışıqlarını dayandırmalıdır

Ekspertlərin sözlərinə görə, bu "seçkiləri" erməni tərəfinin Azərbaycanı növbəti dəfə təxribata çəkməsi kimi də qiymətləndirmək mümkündür.

Millət vəkili Zahid Oruc qəzetimizə verdiyi açıqlamasında bildirib ki, qondarma "Dağlıq Qarabağ Respublika"sında 1994-cü ildən başlayaraq qanunsuz seçkilər keçirilir və bununla da ermənilər həmin "hakimiyyət" orqanlarına legitimlik xarakteri qazandırmağa cəhdlər göstərirlər: "Baş verən proses nəinki hüquqi müstəvidə deyil, eləcə də açıq-aşkar beynəlxalq hüququn tələblərinə ziddir. Çünki Azərbaycan ərazisi kimi BMT-də tanınmış və bütün beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyi bir şəraitdə orada hansı xarakterli seçkilərin keçirilməsinin heç bir önəmi yoxdur. Yəni istər prezident, istər parlament, eləcə də digər "hakimiyyət təsisatları" heç bir halda Azərbaycanın razılığı olmadan seçki keçirməklə beynəlxalq tanınma qazana bilməz. Bu qondarma "Dağlıq Qarabağ Respublika"sını xarici əlaqələr quruculuğuna və yaxud onun beynəlxalq təşkilatlarda təmsilçiliyinə aparıb çıxarmayacaq. Yəni qondarma "Dağlıq Qarabağ Respublikası" heç vaxt BMT-də təmsil olunmayacaq".

Z.Oruc onu da vurğulayıb ki, Ermənistanın özü qeyri-demokratikdirsə, qondarma qurumda hansı qanunçuluqdan söhbət gedə bilər: "Bu torpağı özü, onun üzərindəki bütün hüquqlar, hərəkətlər, hər hansı bir hakimiyyət subyektlərinin yaradılması iradəsi Azərbaycana məxsusdur. Ümidvaram ki, sonda belə də olacaq".

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə Ermənistanın BMT-nin qətnamələrinə məhəl qoymamaqla dünya birliyinə qarşı çıxdığını söyləyib. A.Əlizadənin sözlərinə görə, Ermənistan Rusiyanın və digər xarici havadarların siyasi və hərbi yardımı ilə Azərbaycan torpaqlarını işğal etməklə özlərinə qondarma rejim qurublar: "Məsələ burasındadır ki, dünya birliyi tərəfindən tanınmamış qondarma qurumun keçirdiyi "seçki"yə müşahidəçilər gələcək. Bax, günah müşahidəçilərdədir. Onlar bir növ ilana zəhər daşıyan kərtənkələdir".

Millət vəkili Bəxtiyar Əliyev isə bildirib ki, Avropa Şurası Parlament Assambleyası Ermənistanın işğalçı siyasətinə qiymət verərək onun üzvlük məsələsinə yenidən baxmalıdır: "Çünki bu qondarma "seçkilər"in heç bir hüquqi əsası yoxdur. Azərbaycanın işğal edilən əraziləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT və Avropa Şurasının qətnamələri var və hesab edirik ki, işğal edilən ərazilərdə hər hansı seçkinin keçirilməsi yolverilməzdir".

Millət vəkili, həmçinin bildirib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qondarma separatçı rejimin "parlamenti"nə saxta "seçkilər"in keçirilməsinin planlaşdırılması Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh danışıqlarına böyük zərbədir: "Bu cür qondarma "seçkilər"in keçirilməsi danışıqlar prosesi üçün çox böyük əngəldir və çox böyük təəssüf doğurur ki, nə üçün həmsədrlər bununla bağlı ciddi bəyanat vermirlər, bunu qeyri-qanuni adlandırmırlar və Ermənistanı bu cür qeyri-qanuni hərəkətlərdən əl çəkməyə və danışıqlar prosesini pozmamağa məcbur etmirlər".

Politoloq Qabil Hüseynli isə bildirib ki, qondarma Dağlıq Qarabağ rejiminin keçirəcəyi "parlament seçkiləri"nin heç bir hüquqi əsası yoxdur: "Çünki keçiriləcək seçkilər heç bir ölkə tərəfindən tanınmayacaq. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazırda danışıqlar prosesi davam etdirilir. Danışıqlar prosesinda normal mühitin yaradılmasına cəhd göstərilir. Bu seçkilərin keçirilməsi ilə onlar normal mühiti nəinki korlayar, həm də danışıqlar prosesində çox ciddi əngəllər yaradarlar. Zənnimcə, ATƏT-in Minsk Qrupu öz gücünü məhz burada göstərməlidir. Bu məsələdə məhz həmsədrlərin üzərinə çox böyük səlahiyyətlər düşür. Qondarma rejimin bu seçkiləri keçirməməsi üçün ən azı BMT və ATƏT səviyyəsində qərar verilməlidir".

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər