PDF Oxu

Siyasət

  • 12

"Bakı-2015"ə hazırlıq məqsədilə daha bir yarış təşkil olundu

"Bakı-2015"ə hazırlıq məqsədilə daha bir yarış təşkil olundu

İyunun 12-də başlanacaq I Avropa Oyunlarına hazırlıq məqsədilə, Bilgəh çimərliyində triatlon idmanı üzrə ilk yarış təşkil olunub. SİA-nın məlumatına görə, 13 idmançının mübarizə apardığı yarış "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Triatlon Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Qeyd edək ki, Azərbaycan Triatlon Federasiyası 2013-cü ildə, Bakı şəhəri I Avropa Oyunlarının ev sahibi seçiləndən bir neçə ay sonra təsis olunub.Turnirin təşkili ilə bağlı həm iştirakçılar, həm də Avropa Triatlon Birliyinin (ATB) texniki nümayəndələri müsbət rəy veriblər. ATB-in texniki nümayəndəsi Xorxe Qarsiya bildirib ki, yarış yüksək səviyyədə keçirilib: "Arena möhtəşəmdir. Həm əsas yarışlardan əvvəl bütün detalları sınaqdan keçirmək imkanımız olduğu üçün, həm də nəticədən məmnunuq. Artıq "Bakı-2015" Avropa Oyunları çərçivəsində triatlon yarışlarının keçiriləcəyi günü səbirsizliklə gözləyirik"."Bakı-2015"in idman şöbəsinin direktoru Pirs O’Kallaqan belə deyib: "Triatlon Azərbaycan üçün yeni, lakin inkişaf edən idman növüdür. I Avropa Oyunları ərəfəsində bu yarış bizi maraqlandıran bütün məsələlərə dair hazırlığı yoxlamağa, sınaqdan keçirməyə şərait yaratdı. Təchizat və loqistikadan tutmuş nəqliyyata və tibbi yardıma qədər bütün məsələlərə dair hazırlığın plana uyğun aparıldığını qətiyyətlə qeyd edə bilərəm. Bilgəh çimərliyində yarışın keçirilməsi üçün gözəl şərait yaradılmışdı. "Bakı-2015"in ən diqqətçəkən yarışlarından birinin triatlon olacağına əminəm".Qeyd edək ki, "Bakı-2015" Avropa Oyunlarının triatlon yarışları iyunun 13-14-də Bilgəh çimərliyində təşkil olunacaq. Mübarizəyə 65-i kişi və bir o qədəri də qadın olmaqla, cəmi 130 idmançı qoşulacaq. Qadınların yarışı iyunun 13-nə, kişilərin yarışı isə iyunun 14-nə nəzərdə tutulub. Qaliblər I Avropa Oyunlarının çempionu adını qazanmaqla yanaşı, təmsil etdiyi milli olimpiya komitəsinin 2016-cı il Rio de Janyero Yay Olimpiya Oyunlarında iştirakını təmin etmiş olacaq.

sia.az

Digər xəbərlər