PDF Oxu

Siyasət

  • 9

Xoş duyğular çələnginə çevrilən Gül bayramı

Xoş duyğular çələnginə çevrilən Gül bayramı

Dünyanın nadir gözəlliklərinin bir arada toplanması Ulu Öndərə ən xoş hisslərin təzahürlərindəndir

Bu gün ölkəmiz Gül bayramına hazırlaşır. Bildiyimiz kimi, 2004-cü ildən başlayaraq, hər il 10 may tarixində Azərbaycanda Gül bayramı böyük təntənə ilə qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin ad gününə həsr edilən bu bayram Ulu Öndərə xalqımızın dərin hörmət və ehtiramını bir daha nümayiş etdirir. Artıq ənənə halı alan Gül bayramında dünyanın ən nadir gözəlliklərinin bir arada toplanması Ulu Öndərə ən xoş hisslərin təzahürlərindəndir.

Həmin gün xalqımız gözəllik, zəriflik aləmində qeyri-adi ovqat yaşamış olurlar. Xoş duyğular çələnginə çevrilən Gül bayramında hamı sevinir. Axı gül gözəlliyin, zərifliyin, xoş ovqatın rəmzidir ki, sevgi, ehtiram, arzu və duyğuları məhz bu incə rəmzlərlə ifadə edilir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar təşkil edilən Gül bayramında xoş diləklərdən, dərin hörmətdən, minnətdarlıq hisslərindən, sabaha ümid və inam dolu istəklərdən hörülmüş çələnglərə təmasda olur insanlar. Bu çələng insan qəlblərinin bir pıçıltısı, təmiz sevgisidir ki, dildən gülə ötürülüb.

Hər il 10 may tarixində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan sarayın qarşısındakı parka gələnlərin sayı-hesabı olmur. Gül bayramı Bakı sakinləri üçün əsl şənliyə, təntənəyə, mədəni-kütləvi tədbirə çevrilir. Bu tədbirə ən müxtəlif peşə sahibləri, ən müxtəlif yaş qrupuna aid insanlar belə çağırışsız gəlirlər. Qoca, əli əsalı, gənc, uşaq belə sevinclə bu bayrama əlavə bir gözəllik də bəxş edirlər. Azərbaycan torpağında yetişdirilən, eləcə də ABŞ, İngiltərə, Hollandiya, Türkiyə və başqa ölkələrdən gətirilmiş minlərlə gülə tamaşa etmək üçün paytaxtımızın bütün sakinləri, eləcə də Azərbaycanın bir çox rayonlarından gələnlər könül xoşluğu yaşayırlar. Bayrama gələnlər sanki cənnəti xatırladan məkandan belə ayrılmaq istəmirlər. Göz işlədikcə bu gözəllik içərisində saatlarını yaşayırlar. Bu möcüzəli aləmdən ayrılmırlar. Güllər mahnı oxuyur elə bil, güllərdən səadət yağır elə bil. Hər bir gül "mən şahıyam qönçələrin, güllərin", - deyir. Hamıdan yaraşıqlıdır, fəxr edər haləti ilə, rəngi ilə güllər. Bəli, ağ, qırmızı, əlvan güllər sanki bir-bir ilə bəhsə girir. Güllər arasında tamaşa qurulur. Bir nağıla çevrilir bu aləm.

Parkda müxtəlif dibçək və kəsilmə güllərindən, qurudulmuş gül və bitki kollarından, göz oxşayan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar da elə gözəllik nəğməsini oxumaqda davam edirlər. Rənglərin əlvanlığı istər-istəməz insanda xoş ovqat yaradır. Fəvvarələr də güllərlə əhatə olunur. Minlərlə çiçəyin, gülün bir arada toplandığı bu məkanda heç nə bir-birini təkrarlamır. Bayramla əlaqədər olaraq ölkəmizin hər yerində keçirilən tədbirlərdə gül ekspozisiyaları ilə bahəm, asfaltda şəkillər çəkilir, uşaq musiqi kollektivləri çıxış edirlər. Bayramın son saatlarında isə möhtəşəm salyut və fişənglər atılır ki, bu da milyonlarla şəhər sakinlərinə bayramın davamını yaşadır.

Çiçəklərdən toxunan xalçalar isə əsl yaradıcılıq nümunəsi kimi təqdim edilir iştirakçılara. Güllərdən hörülmüş milli musiqi alətlərimiz olan saz, tar, kamança, qaval, qoşa nağara belə diqqətdən kənarda qalmır. Gül xalçalarının ən orijinalı isə əlbəttə ki, Ümummilli Lider Heydər Əliyevin portreti olur. Bayram iştirakçıları portretin qarşısında ayaq saxlayır, Ulu Öndərə öz məhəbbət və ehtiramlarını ifadə edirlər. Xalqına bu bənzərsiz bayramı bəxş edən də Heydər Əliyevdir - müstəqil Azərbaycan dövlətinin Qurucusu, Ulu Öndər Heydər Əliyev.

Bir neçə gündən sonra müstəqil dövlətimizin qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin anadan olmasının 92-cı ildönümünündə xalqımız bu gözəlliyi yaşayacaq, sülh, əmin-amanlıq içində Gül bayramını qeyd edəcəklər. Artıq bununla bağlı ölkəmizdə hazırlıq işlər görülür.

NƏZAKƏT

Digər xəbərlər