Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının keçirilməsinə sayılacaq günlər qalmasına baxmayaraq, Qəbr ölkələrinin bir sıra qaranlıq siyasi dairələri, eləcə də QHT-lər qərəz və şantaj kampaniyalarını davam etdirirlər. Lakin onların atdıqları çirkin addımlar hər dəfə nəticəsiz qalmaqla yanaşı, həm də ölkəmizin ictimai rəyində də hiddətlə qarşılanır.
Bununla bağlı YAP rayon təşkilatlarının sədrləri də öz mövqelərini bildiriblər. Onlar qeyd edirlər ki, daha öncələr də Azərbaycana qarşı yürüdülən və erməni lobbisinin təlimatları ilə həyata keçirilən niyyətlər ayaq tutsa da, yeriməyib. Təəssüf ki, bu kimi çirkin əməllərdə sapı özümüzdən olan baltalar da qrant, pul-para qazanmaq üçün dövlətçilik maraqlarına qarşı düşmən mövqeyindən çıxış edirlər. Bu isə onların xəyanətlərinin açıq-aşkar göstəricisidir...
YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev: "Özləri-özlərinmi ifşa edirlər"
"Ölkəmizin ardıcıl şəkildə əldə etdiyi uğurlarına qısqanclıqla, hətta düşmənçilik baxıçları ilə yanaşan bəzi xarici dairələr, onlara bağlı olan beynəlxalq QHT-lər və media qurumları, o cümlədən, radikal müxalifət və onlara yaxılığı ilə seçilən siyasiləşmiş "hüquq-müdafiə" təşkilatları Avropa Olimpiya Hərəkatına qarşı qərəzli kampaniyaya start verməklə, əslində özləri-özlərini açıq şəkildə ifşa etmiş olublar". Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev "SƏS" qəzetinə açıqlamasında deyib. O, bununla bağlı bildirib ki, hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanı hədəf seçən "Amnesty hnternational" və "Human Rights Watch", "Freedom House" kimi təşkilatlar müntəzəm olaraq öz ədalətsiz və qeyri-obyektiv hesabatları ilə ölkəmizin imicinə zərbə vurmağa çalışan bu iki təşkilat indi də I Avropa Oyunlarının Bakıda keçirilməsini həzm edə bilmirlər: "Guya Azərbaycanda insan hüquqlarının pozulduğunu iddia edərək qeyri-obyektiv materialların dərc edilməsi istiqamətində dəridən-qabıqdan çıxan həmin tərəflər onsuz da öz yerlərində saymaqdadırlar. Çünki belə qarayaxma kampaniyaları heç vaxt onların istədikləri nəticələri verməyib. Təəssüflər olsun ki, bu tipli anti-Azərbaycan qüvvələrinin ölkə daxilində də dəstəkverici qüvvələri mövcuddur və onlar da ölkəmizə qarşı qərəzli mövqedən çıxış edən təşkilat və şəxslərin mənafelərinə can-başla xidmət edirlər".
"Ancaq bu qarayaxma kampaniyası ilə məşğul olanlar bilməlidirlər ki, onların bu istək və arzuları heç vaxt baş tutmayacaq"-deyə qeyd edən YAP rayon təşkilatının sədri həmçinin bildirib ki, bu gün beynəlxalq ictimaiyyət ilk Avropa Oyunlarına böyük maraq göstərməklə yanaşı, həmçinin, ölkəmizin bu möhtəşəm tədbirə hazırlığını diqqətlə izləyir: "İlk Avropa Oyunlarına hazırlıq işləri Prezident İlham Əliyevin tapşırığı əsasında yüksək səviyyədə davam etdirilir. Həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi çevik fəaliyyət göstərir. Bütün bunlar, onu deməyə əsas verir ki, ilk Avropa Oyunları ölkəmizdə yüksək səviyyədə keçiriləcək və Azərbaycan bu tədbirə də böyük uğurla ev sahibliyi edəcək".
YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov: "Bu dəfə də belə olacaq"
"Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına qarşı bu kimi münasibət daim obyektivlikdən uzaq, hansısa qərəzlərə söykənən münasibət olub və reallığı əks etdirmir". Bu fikirləri isə Yeni Azərbaycan Partiyasının (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov bir sıra Qərb təşkilatlarının, eləcə də siyasi dairələrinin söügedən idman hadisəsinə qarşı apardıqları qara piar kampaniyasına münasibətini bildirərkən deyib. O bildirib ki, bizlər bunu hər zaman görmüşük: "Vaxtilə "Eurovision-2012" Mahnı Müsabiqəsində həmin təşkilatların tutduğu mövqeyə hər kəs şahid oldu. Belə hesab etmək olar ki, bütün bunlar Avropa Oyunlarının həm də erməni lobbisinə qahmar çıxanların onlarla olan bağlantıların təsdiqidir. Yəni onlar müəyyən qüvvələrə xidmət edən təşkilat olaraq tapşırıqlar nəticəsində belə bir "məhsul" ortaya qoyurlar. Əvəzində isə özlərinə lazım olan maliyyəni əldə etməyə çalışırlar. Lakin cəmiyyət də gördü ki, onların bütün oyunbazlıqları nəticəsiz qaldı. Bu dəfə də belə olacaq".
YAP funksioneri deyib ki, burada Azərbaycanı istəməyən qüvvələrin rolu açıq şəkildə özünü göstərir: "Azərbaycanın güclənməsini, artan gücünü qəbul edə bilməyən qüvvələr var. Avropa oyunları kimi möhtəşəm tədbirin Bakıda keçirilməsi də ölkəmizə verilən qiymətdir. Lakin hər şeyə rəğmən Azərbaycan həmişə olduğu kimi bu möhtəşəm tədbirə də layiqincə ev sahibliyi edəcək. Belə ki, Azərbaycan indiyə kimi bir çox nüfuzlu beynəlxalq təbdirlərə yüksək və etiraf olunan səviyyədə ev sahibliyi edib. Belələri nə qədər çalışsalar da, bu tədbirlərin keçirilməsinə, gedişinə mane ola bilməyiblər və bundan sonra da mane ola bilməyəcəklər. Azərbaycan I Avropa Olimpiya Oyunlarına da uğurla və yüksək səviyyədə ev sahibliyi edəcək. Ölkəmizə qarşı çıxanlar, onlara nökərçilik edən sapı özümüzdən olan baltalar da bunu birdəfəlik öz qularqlarında sığa etməlidirilər".
R.KAMALQIZI