Dünən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin qərargahında YAP Gənclər Birliyinin sədri, YAP Siyasi Şurasının üzvü Seymur Orucovun ölkəmizdə səfərdə olan Serbiya Tərəqqipərvər Partiyasının Beynəlxalq əlaqələr katibi, Serbiyanın Avropa inteqrasiyası məsələləri üzrə naziri xanım Yadranka Yoksimoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü oldu.
Qonaqları salamlayan YAP Gənclər Birliyinin sədri S.Orucov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, münasibətlərin inkişafında partiyaların rolundan geniş bəhs etdi: "Qeyd etmək istərdim ki, qarşılıqlı səfərlər əlaqələrin inkişafında stimulverici amildir. Təbii ki, bu səfərlər çərçivəsində reallıqlarla yaxından tanış olmaq, mövcud imkanlar barədə ətraflı məlumat əldə etmək mümkündur və bu da əlaqələrin inkişafına öz müsbət təsirini göstərir".
S.Orucov, həmçinin onu da qeyd etdi ki, əlaqələrin inkişafında siyasi partiyaların rolu ilə yanaşı, bu partiyada təmsil olunan gənclərin də fəallığı əsas faktordur: "Məhz bu səbəbdən də biz istədrik ki, partiyalarımızın gənclər qolu arasında əlaqələr yüksək səviyyədə qurulsun. Serbiya Tərəqqipərvər Partiyasının Gənclər Birliyinin üzvlərini Azərbaycana dəvət etmək istərdik. Sözsüz ki, bu dəvət gerçəkləşərsə, əlaqələrimizin inkişafında yeni mərhələ olar. Hər il yay aylarında partiyanın fəal gəncləri üçün "Yay məktəb"ləri təşkil olunur. Bu layihə gənclərin ictimai-siyasi fəallığının artırılmasında, bir-birləri ilə sıx əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayır. Belə təşəbbüslə çıxış etmək istərdik ki, həmin "Yay məktəb"lərinə sizin partiyanızın da gənclərini dəvət etmək istərdik. Təbii ki, bu addım da gələcək əməkdaşlıq üçün başlanğıc ola bilər."
Serbiya-Azərbaycan əlaqələrindən bəhs edən S.Orucov, həmçinin vurğuladı ki, iki ölkə arasında bu günədək 25-ə qədər sənəd imzalanıb və bu sənədlər də münasibətlərin inkişafında hüquqi bazadır.
S.Orucov, həmçinin yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də geniş bəhs etdi: "Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, erməni işğalçılarının ərazilərmizindən qeyd-şərtsiz çıxmaları öz əksini tapıb. Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İnanırıq ki, bu mövqe sonadək davam edəcək".
Sonda S.Orucov qonaqlara iki dövlət arasında əlaqələrin daha yüksək səviyyədə inkişafını arzuladı və hər iki tərəfin səylər göstərəcəyinə əminliyini bildirdi. Serbiya Tərəqqipərvər Partiyasının Beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə nazir Yadranka Yoksimoviç Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə etdi. Vurğuladı ki, səfər münasibətlərin daha yüksək səviyyədə inrkişaf etməsinin bariz nümunəsidir.
Yadranka Yoksimoviç təmsil olunduğu partiyada gənclərin fəallığından danışaraq nümayəndə heyətinin üzvləri arasında gənclərin fəal üzvünün, onun yaxın köməkçisinin də iştirak etdiyini bildirdi. Gənclər öz fəallıqları, gündəmə gətirdikləri layihələri ilə həm partiyanın fəaliyyətinə öz müsbət təsirlərini göstərir, həm də bu və ya digər ölkələrin siyasi partiyaları ilə əməkdaşlığa töhfələrini verməyə çalışırlar. Təbii ki, partiyaların gənclər qolunun fəaliyyət istiqamətində beynəlxalq əməkdaşlıq hər zaman öndə dayanır. Qarşılıqlı səfərlər, təcrübə mübadiləsi, bu və ya digər məsələlər ətrafında fikir mübadiləsi aparmaq xüsusilə önəmlidir.
Y.Yoksimoviç partiyalar arasında əlaqələrin yüksələn xətt üzrə inkişafının ölkələr arasında münasibətlərə çox böyük təsir göstərdiyini diqqətə çatdırdı. Görüşdə gəncləri maraqlandıran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıldı. Sonda qonaqlar YAP Gənclər Birliyinin qərargahında gənclər üçün yaradılan şəraitlə yaxından tanış olub, məmnunluqlarını ifadə etdilər.
RƏFİQƏ KAMALQIZI