PDF Oxu

Siyasət

  • 4

YAP Xaçmaz rayon təşkilatında Ulu Öndərin 92-ci ildönümü ilə bağlı tədbirlər davam edir

YAP Xaçmaz rayon təşkilatında Ulu Öndərin 92-ci ildönümü ilə bağlı tədbirlər davam edir

XAÇMAZ

Dünən YAP Xaçmaz rayon təşkilatı, rayon təhsil şöbəsi və Heydər Əliyev Mərkəzi ilə birgə "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda şeir və "Çiçəklənən Azərbaycan" mövzusunda rəsm əsərlərindən ibarət yekun müsabiqə keçirilib.

Tədbiri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq Ulu Öndərin Azərəbaycana rəhbərlik etdiyi dövrlərdə ölkənin inkişafından, müstəqillik dövründə isə inkişaf etmiş ölkələr səviyyəsinə çatmasında bir sıra layihələrin uğurla həyata keçirilməsindən danışıb: "Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Adı ölkəmizdən çox-çox uzaqlarda şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə ilk növbədə Ümummilli Lider Heydər Əliyevin adı çəkilir. Ulu Öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi-sosial inkişafı istiqamətində mühim addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaratmışdır".

N.Ağayev onu da vurğulayıb ki, Azərbaycanın son 40 illik inkişafı birbaşa Onun adı və ideyaları ilə bağlıdır: "Müstəqil Azərbaycan dövlətinin formalaşması, iqtisadiyyatın dinamik, sürətli inkişafı, cəmiyyətin bütün sahələrində aparılan islahatların uğurla nəticələnməsi də Heydər Əliyevin xidmətlərinin nəticəsidir. Ölkəmizin tərəqqisi, müasirləşməsi, Azərbaycanın bütün regionlarında quruculuq və abadlıq işlərinin geniş vüsət alması Ulu Öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev siyasətinin xalq tərəfindən dəstəklənməsinin bariz ifadəsidir".

Tədbirdə də rayon icra hakimiyyətinin başçısının müavini İlhamə Nəzərova, rayon təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova və başqaları çıxış edərək vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında göstərdiyi xidmətlər barədə saatlarla, günlərlə, aylarla, illərlə danışmaq mümkündür. Çünki Azərbaycan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında inkişaf edib, böyük tərəqqi yoluna çıxıb. Eyni zamanda, bu gün yaşadığimiz XXI əsrin özündə də ölkəmizin inkişafının əsasında Heydər Əliyevin ideyaları, Onun zəngin irsi dayanır. Azərbaycan vətəndaşları bu həqiqəti etiraf edirlər ki, ölkənin tərəqqisi, inkişafı, dünya birliyində özünə layiqli yer tutması mövqelərini möhkəmləndirməsi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev ideyalarına söykənən Azərbaycan bu gün sürətlə inkişaf edir.

Sonda şeir və rəsm müsabiqələrinin qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

AĞCABƏDİ

Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci illiyinə həsr edilmiş rəqs müsabiqəsi keçirilib

YAP Ağcabədi rayon təşkilatında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci illiyinə həsr edilmiş silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də Ağcabədi şəhərində Üzeyir Hacıbəyli adına Muğam Mərkəzinin konsert salonunda baş tutub.

YAP Ağcabədi rayon təşkilatı, Ağcabədi rayon Heydər Əliyev Mərkəzi, rayon Təhsil Şöbəsi və rayon Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi ilə keçirilən rəqs müsabiqəsində rayonun uşaq bağçaları, orta məktəbləri və incəsənət məktəbinin şagirdləri iştirak ediblər. Təqdim olunan hər bir rəqs nömrəsi ifaçıların bu müsabiqəyə çox ciddi hazırlaşmalarından xəbər verirdi.

Təqdim edilən rəqs nümunələrində Azərbaycan milli rəqsləri ilə yanaşı, dünya xalqlarının, o cümlədən hind, fars, özbək, ispan, moldavan, qaraçı və Ukrayna xalq rəqsləri də ifa edilib. Gərgin mübarizə və rəqabət şəraitində keçən müsabiqədə Ağcabədi İncəsənət Məktəbinin şagirdi İsmayılova Nuranənin ifa etdiyi fars rəqsi birinci yerə layiq görülüb. Şəhər 5 saylı tam orta məktəbin şagirdi Bayramova Kəmalə "Saçlarını yan dara qız" Azərbaycan milli rəqsinə görə ikinci yerə layiq görülüb. Ağcabədi şəhər 8 saylı uşaq bağçasının balaca rəqqasələri "Quşlar rəqsi"nə görə və şəhər 3 saylı orta məktəbin şagirdi Muradzadə Elvina ifa etdiyi "Hind" rəqsinə görə üçüncü yeri tutub.

NƏSİMİ

YAP Nəsimi rayon təşkilatı Ulu Öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Dahi imza" adlı tədbir keçirdi

YAP Nəsimi rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Dahi imza" adlı tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilmişdir:"Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulmuşdur. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur".

Rayon təşkilatının sədri qeyd etdi ki, Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, Onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir:"Bu səbəbdən Ümummilli Liderimizin zəngin irsi dərindən öyrənilməli və daim aşılanmalıdır. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının 1000 nəfərə yaxın fəal gəncin iştirakı ilə təşkil etdiyi "Dahi İmza" ("Great Signature") adlı tədbir də xalqımızın Ümummilli Lider Heydər Əliyevə olan yüksək ehtiramın və dərin minnətdarlıq hissinin təzahürüdür".

Tədbirdə "Dahi İmza" adlı tədbirin təqdimatı oldu.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, millət vəkili Bahar Muradova çıxış edərək "Dahi İmza" adlı tədbirin təqdimatına diqqəti çəkərək bildirdi ki, bunun həcmcə çox kiçik olmasına baxmayaraq, məzmunca çox dərin film mahiyyəti daşıyır: "Müstəqilliyimizin əldə edildiyi dövrü, onun ayrı-ayrı məqamlarını xatırladıq. Ulu Öndər Heydər Əliyevin xalqın problemlərini öz problemləri bilərək onun səsinə səs verdiyi bir daha gözümüz önündən gəlib keçdi. Heydər Əliyev hakimiyyətinin bütün dönəmlərində xalqımızı böyük, ağır sınaqlardan, çətinliklərdən çıxarıb. Onun keçdiyi şərəfli ömür yolu hər birimiz üçün örnəkdir. Ümummilli Liderin şah əsərini Azərbaycan Prezidenti Cənab İlham Əliyev böyük uğurla yaşadır. Azərbaycan xalqı hər zaman Onun ideyalarına sadiq qalacaq". B.Muradova Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında və xalqın rifahının yüksəlməsində əvəzedilməz xidmətlərini xüsusi qeyd etdi.

Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı idarə heyətinin üzvü, millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov çıxışında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın böyük bir inkişaf dövrü keçdiyini bildirdi. O, qeyd etdi ki, müstəqil bir dövlət kimi inkişafda olan Azərbaycanın əsası Ulu Öndər tərəfindən qoyulmuşdur:" Ölkədə yüksək ixtisaslı kadrların yetişdirilməsi vacib məsələlərdən biridir. Düzgün kadr seçiminin olması Azərbaycanın inkişafına güclü təkan verdi. Bir çox tibb müəssisələrinin yaradılması Onun adı ilə bağlıdır. Onun ən böyük xidmətlərindən biri Azərbaycana İlham Əliyev kimi bir şəxsiyyət bəxş etməsidir. Bu gün İlham Əliyev Onun ideyalarını uğurla davam etdirir".

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı idarə heyətinin üzvü, Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Heydər Əliyevə Onun atdığı imzalara görə Azərbaycan xalqının borclu olduğunu bildirdi:"Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin Konstitusiyasına, Azərbaycanın inkişafı üçün bütün transmilli layihələrə imza atıb. Onun atdığı imzalar bundan sonra da xalqımıza xidmət edəcək. Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin ölkəmiz üçün başlamış olduğu parlaq siyasəti uğurla davam etdirən Cənab İlham Əliyevin uğurlu xidmətləri sayəsində iqtisadi və siyasi baxımdan Azərbaycanı regionun ən qüdrətli ölkəsinə çevirib".

İSMAYILLI

Ümummilli Lider Heydər Əliyev - Azərbaycan xalqının ən böyük milli-mənəvi sərvəti və əlçatmaz zirvəsidir

YAP İsmayıllı rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Peşə-Tədrisi Mərkəzinin müəllim, tələbə və şagird kollektivinin iştirakı ilə geniş tədbir keçirib. Tədbiri giriş sözü ilə Peşə-Tədrisi Mərkəzinin direktoru Zaur Muradov açaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə birinci gəlişi ilə ölkəmizin ən yeni tarixində yeni bir tərəqqi mərhələsinin əsasını qoydusa, ikinci gəlişi ilə çətinliklə əldə etdiyimiz müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmlənməsinə şərait yaratdı. Məhz buna görə də, ömrünü xalqının yolunda şam kimi əridən Ümummilli Lider Heydər Əliyevi xalqımız sevib və əbədi olaraq sevəcək.

Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir:"Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir". Rayon təşkilatının sədri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının ən böyük milli- mənəvi sərvəti və əlçatmaz zirvəsidir. Keçdiyimiz qısa tarixi, lakin əsrə bərabər sürətli inkişaf dövrü sübut edir ki, Ümummilli Liderin ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və Böyük Öndərin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir.

Tədbirdə çıxış edən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova qeyd edib ki, dərin zəka sahibi olan Ümummilli Lider Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli Şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Ulu Öndərimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaq, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası həyata keçirmişdir. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev böyük strateq kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi sistemdə ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycan dövlətinin möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur. Dünyada və türk aləmində böyük siyasi xadimlər sırasında ön yerlərdən birini tutan Dahi Heydər Əliyevin əziz xartirəsi, Ona olan xalq sevgisi daim qəlblərdə yaşayacaq.

Sonda Peşə-Tədris Məktəbində təhsil alan YAP üzvlüyünə qəbul edilmiş bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.

KÜRDƏMİR

YAP Kürdəmir rayon təşkilatı gənclər birliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində "Heydər Əliyev məktəbi dövlətçilik, idarəçilik məktəbidir" mövzusunda elmi-praktiki konfransı keçirib. Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin adını daşıyan parka gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbiri YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli rayonun bütün gənclərini Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təbrik edərək, qeyd edib ki, müasir tariximizin hər bir sətri Ümummilli Liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır: "Bu gün ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz bütün nailiyyətlər Heydər Əliyev dühasının, ideyalarının nəticəsi və təntənəsidir. İlk Avropa Oyunları kimi böyük ölçülü və iri həcmli bir tədbirə Azərbaycanın ev sahibliyi etməsi qürurverici və fəxarət doğuran böyük tarixi hadisə olmaqla əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin parlaq təcəssümüdür. Ömrünü xalqının firavan yaşamasına həsr etmiş, dünya miqyasında tanınan və hörmətlə yad edilən Ümummilli Liderimiz Heydər Əliyev xalqımızın yaddaşında əbədi olaraq yaşayır və yaşayacaqdır".

YAP Kürdəmir rayon təşkilatı gənclər birliyinin sədri Daşqın Rüstəmov bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimiz - dövlətçilik tariximizə xilaskar kimi daxil olmuş və respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə bu missiyanı çox böyük uğurla yerinə yetirmiş Ulu Öndərimiz Heydər Əliyevin keçdiyi həyat yolundan danışıb. Vurğulayıb ki, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi qayğı bu gün ölkə rəhbəri, partiyamızın Sədri Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

YAP rayon təşkilatının baş təlimatçısı Məhəmməd Heydərli, şəhər 2 saylı tam orta məktəbin müəllimi, gənclər birliyinin şura üzvü Leyla Abdurahmanova, rayon təşkilatının gənclərlə iş üzrə təlimatçısı, rayon təşkilatının gənclər birliyinin idarə heyəti üzvü Raqif Məmmədov və başqaları Ulu Öndər Heydər Əliyevin cəmiyyət və dövlət quruculuğu prosesində gənclərlə iş sahəsinə xüsusi diqqət yetirməsindən, Azərbaycan gənclərinin müstəqil dövlətimizin tərəqqisi naminə təşkilatlanmasından, təhsilə olan qayğısından danışıblar. Çıxışlarda Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasətindən və müasir Azərbaycanın işıqlı gələcəyinin qarantına çevrilməsinə səbəb olduğunu vurğulayıblar.

SABUNÇU

Sabunçu rayon icra hakimiyyəti YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunub

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının qərargahında Sabunçu rayon icra hakimiyyəti ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunub. Tədbir iştirakçıları təşkilatın foyesində qoyulan Ulu Öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüblər. Sonra tədbir rayon təşkilatının akt zalında davam edib.

Tədbiri YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva açaraq Ulu Öndər Heydər Əliyevin doğum gününün milli bayram səviyyəsində qeyd olunduğunu bildirdi. O, qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın inkişafı üçün çalışıb. M.Abasquliyevanın sözlərinə görə, Ümummilli Liderimiz Heydər Əliyev öz uzaqgörənliyi və qətiyyəti sayəsində ölkəmizin daxili və xarici uğurlarının təminatına imkan yaradıb. Təşkilat sədri bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınını, onun fəaliyyətini, cəmiyyətdəki rolunu həmişə yüksək qiymətləndirirdi: "Azərbaycan qadını özünün ictimai-siyasi fəallığı, sədaqəti, ailəyə bağlılığı və fədakarlığı sayəsində bütün Şərq və Qərb dünyası üçün unikal inkişaf yolu keçib. Ölkəmizdə dövlət-qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi və dövlət siyasəti səviyyəsinə yüksəldilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu danılmaz faktdır".

M.Abasquliyeva onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev ideyalarına söykənən Azərbaycan bu gün sürətlə inkişaf edir: "Son illər Azərbaycanın bütün sahələrdə böyük inkişaf yolu keçməsi, dünyada iqtisadi artımın sürətinə görə liderliyi ələ alması Prezident İlham Əliyevin səyləri, eyni zamanda Ulu Öndər Heydər Əliyevin ideyalarının uğurla həyata keçməsi ilə əlaqədardır. Biz Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək bu gün ölkəmizin inkişafı istiqamətində görülən işlərə öz dəstəyimizi verməliyik".

Tədbirdə Sabunçu rayon icra hakimiyyətinin başçısının müavinləri Güloğlan Məmmədov və Arzu Məmmədova, Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayon idarəsinin rəisi Faqi Nuriyev çıxış edərək bu gün müstəqil və güclü Azərbaycan dövlətinin əldə etdiyi uğurların Ulu Öndərin müəyyənləşdirdiyi kursa əsaslandığını və bu uğurlu yolu Prezident İlham Əliyevin əzmlə davam etdirdiyini bildirdilər. Çıxışlarda vurğulandı ki, Ulu Öndərin yaratdığı və bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bu gün, nəinki ölkədə, eyni zamanda, beynəlxalq arenada özünə möhkəm və layiqli bir yer qazanıb. Təbii ki, bu uğurlar getdikcə daha geniş və davamlı bir xarakter daşıyacaq.

Sonda YAP sıralarına qoşulmuş şəxslərə partiya vəsiqələri təqdim olundu.

"SƏS"

Digər xəbərlər