Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə "Azərbaycan Olimpin Zirvəsində" adlı ümumrayon tədbiri keçirilib. Tədbirdə rayonda təşkil edilən idman yarışlarının və müxtəlif müsabiqələrin qalibləri mükafatlandırılıb.AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları I Avropa Oyunlarına həsr olunan rəsm və foto sərgisi ilə tanış olublar. Məlumat verilib ki, aprelin əvvəlindən təşkil olunan idman yarışları birinci Avropa Oyunlarına dəstəyi özündə ifadə edir. Yarışların böyük əksəriyyəti I Avropa Oyunlarının proqramına daxil olan idman növləri üzrə keçirilib. Ümumilikdə 13 idman növü üzrə təşkil olunan yarışlarda rayonun 1200-dən çox idmançısı iştirak edib. Eyni zamanda, rayon məktəbləri arasında breyn-rinq, şahmat, rəsm, inşa və bədii qiraət müsabiqələri də keçirilib ki, burada isə 300-ə yaxın şagird iştirak edib.Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin Azərbaycan üçün, ümumiyyətlə, bütün Avropa idman hərəkatı üçün tarixi hadisə olduğunu deyib. T.Budaqov bildirib ki, regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, ölkəmizdə hökm sürən mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, respublikamız bu mötəbər tədbirə uğurla ev sahibliyi edə biləcək."Avropa Oyunları kimi beynəlxalq tədbirin keçirilməsi üçün ölkəmizin seçilməsi qitə ölkələri içərisində inkişaf və sabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan Azərbaycana qlobal səviyyədə səmimi inamın, etibarın təsdiqi və təntənəsidir. Bu inam və etibarın arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Çox qürurverici hadisədir ki, Azərbaycan dövləti 7 ilə ərsəyə gələ biləcək hazırlıq işlərini 2 il yarıma başa vurmaqla dünya tarixində yeni rekorda imza atdı", – deyə T.Budaqov qeyd edib.Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunan tədbirin əsas mahiyyəti elə onun adında əks olunub. "Azərbaycan Olimpin Zirvəsində" dedikdə, iki başlıca fəlsəfə ortaya çıxır. Birincisi, Azərbaycan bu gün həqiqətən də Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin ideyalarının reallaşdırılması nəticəsində yüksək inkişaf dövrü keçir. Bu mənada, bu günün Azərbaycanı hər zaman kamilliyin və inkişafın ən uca zirvəsi hesab edilən Olimpin zirvəsindədir. Məhz, bütün dünya ölkələri də, tanınmış ekspertlər də etiraf edirlər ki, Azərbaycan dünyada sosial-iqtisadi və siyasi-demokratik inkişafı ilə nümunə olacaq bir dövlətə çevrilib."İkincisi, bildiyiniz kimi, artıq 36 gündən sonra Azərbaycanda birinci Avropa Oyunları start götürəcək. Bu yarış Avropa qitəsində ilk dəfə ölkəmizdə keçiriləcək. 50-yə qədər dövlətdən 6000-dən çox idmançı iştirak edəcək. Bu həm xalqımız, həm də dövlətimiz üçün qürurverici tarixdir, hadisədir", – deyə S.Vəliyeva qeyd edib.Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, Avropa qitəsi tarixində ilk dəfə reallaşacaq beynəlxalq idman bayramı - I Avropa Oyunlarının başlanmasına sayılı günlər qalır. Aprelin 26-da isə idman yarışının rəmzi sayılan məşəlin alovlandırılması mərasimi baş tutub. Hər bir şəhər və rayonda səyahətdə olan məşəl respublikamızda bayram əhval-ruhiyyəsi yaradır. Demək olar ki, bu gün Avropa ölkələrinin diqqəti Azərbaycana yönəlib. Bunu xarici mətbuatın ölkəmizdən hazırladığı reportajlar da tam sübuta yetirir.Sonda idman yarışlarının və digər müsabiqələrin qaliblərinə kubok, medal, fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.
AZƏRTAC