Mayın 6-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin akt zalında ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Ümummilli lider Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı" mövzusunda elmi-praktik konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatının təşəbbüsü ilə keçirilən konfransda YAP Naxçıvan Muxtar Respublikası Təşkilatı İdarə Heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Əməkdar Rəssam Ülviyyə Həmzəyeva "Heydər Əliyev və Naxçıvan" mövzusunda çıxış etdi.Ülviyyə Həmzəyeva bildirdi ki, 1923-cü il may ayının 10-da qədim Naxçıvanda dünyaya göz açan görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev öz həyatının bütün dövrlərində xalqı və dövləti üçün xidmət göstərməyi ömrünün başlıca qayəsi hesab edib, Vətənə, xalqa sədaqətlə və yorulmaz xidmətin müstəsna nümunəsini yaradıb. 1969-cu ildə Azərbaycan böhranlı günlərini yaşayanda, 1993-cü ildə dövlət müstəqilliyimiz məhvə sürüklənəndə dahi siyasətçi Heydər Əliyev xilaskarlıq missiyası ilə Azərbaycanı bütün sınaqlardan qətiyyətlə çıxarıb."Bu mənada Ulu Öndərin Azərbaycanın müstəqilliyi yolunda müzəffər yürüşünün başlanğıcı olan, 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb yaratdığı, siyasi fəaliyyətlə məşğul olduğu və çətin günlərdə muxtar respublikaya rəhbərlik etdiyi dövr Azərbaycanın müstəqillik tarixində xüsusi mərhələ təşkil edir", - deyən Ülviyyə Həmzəyeva qeyd etdi ki, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövr Naxçıvanın hüquqi statusunun möhkəmləndirilməsində mühüm bir mərhələni təşkil edir. Böyük Öndər Naxçıvanın təhlükəsizliyini uğurlu diplomatik gedişləri və mühüm hərbi-siyasi addımları ilə təmin etdi, ərazi bütövlüyünü qətiyyətlə qorudu.YAP Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli "Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə Naxçıvan Muxtar Respublikasında iqtisadi yüksəliş" mövzusundakı çıxışında bildirdi ki, Ulu Öndərin bütün həyatı və fəaliyyəti Naxçıvanla daim sıx bağlı olub. Belə ki, Azərbaycan KP MK-nın birinci katibi işlədiyi illərdə Heydər Əliyev Naxçıvana 5 dəfə gəlib, hər səfərində sosial-iqtisadi inkişafla bağlı məsələləri araşdıraraq muxtar respublika sənayesi və kənd təsərrüfatının aktual problemlərini diqqət mərkəzində saxlayıb, onların təcili həlli üçün müvafiq qərarlar qəbul edib və bütün zəruri addımları atıbdır. Nəticədə Naxçıvan 1970-1980-ci illərdə özünün sosial-iqtisadi yüksəliş dövrünü yaşayıb, qısa müddətdə intensiv inkişafa nail olunub.Naxçıvan Muxtar Respublikasında sənaye məhsulu istehsalının ümumi həcminin 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artdığını bildirən Elman Cəfərov dedi ki, həmin illərdə iqtisadiyyatın bütün sahələrinin inkişafına 900 milyon manat sərmayə yatırılıb, orta illik həcm 60 milyon manat təşkil etməklə, əvvəlki 10 ilin göstəricisindən 2,9 dəfə çox olubdur. Muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən 783 milyon manatlıq əsas fondlar istifadəyə verilib. Həmin illərdə muxtar respublikada tikilmiş 21 sənaye müəssisəsinin 16-sı iri müəssisələr idi. 1970-1985-ci illərdə kənd təsərrüfatının bütün əsas məhsulları üzrə əhəmiyyətli artım müşahidə olunub, əməyin fondla təchizatı 2,6 dəfə, təsərrüfatların mineral gübrələrlə təminatı 4 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlib. Naxçıvanda su təsərrüfatı problemlərinin həllinə 119 milyon manat vəsait yönəldilib, 4 böyük su anbarı, 10-a yaxın sututar tikilib istifadəyə verilib, su anbarlarının ümumi sayı 22-yə çatıbdır.Sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin iqtisadiyyat və maliyyə şöbəsinin müdiri Tural Haqverdiyevin "Ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyası və Naxçıvanda kənd təsərrüfatının inkişafı", Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi şöbəsinin müdiri Elnur İbrahimovun "Ümummilli lider Heydər Əliyevin iqtisadi yüksəliş konsepsiyası və Naxçıvanda sənayenin inkişafı" mövzularında çıxışları oldu.Çıxışlarda bildirildi ki, əsası Ulu Öndər tərəfindən qoyulan və uğurla həyata keçirilən aqrar islahatlar muxtar respublikada 2000-ci ildə başa çatıb, aqrar sahədə yeni özəl qurumlar yaradılıb. Bütövlükdə 205 kənddə olan 132 təsərrüfatda torpaq islahatları aparılıb, 70 min 758 ailəyə və ya 241 min 46 nəfərə torpaq sahəsi verilib. Vaxtilə aqrar region kimi tanınan Naxçıvan Muxtar Respublikası ümummilli lider Heydər Əliyevin banisi olduğu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində intensiv şəkildə sənayeləşən bölgəyə çevrilib. Əgər 1989-cu ildə muxtar respublikada 40 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, 2014-cü ilin sonuna bu müəssisələrin sayı 439-a çatıb. Həmin müəssisələr tərəfindən 352 növdə məhsul istehsal olunur ki, bunun da 330 növü sənaye məhsullarıdır. İstehsal olunan məhsullar daxili bazarlarla yanaşı, xarici ölkələrə də ixrac olunur. Təkcə 2013-cü ildə muxtar respublikadan ixrac olunan sənaye məhsulunun həcmi 313 milyon ABŞ dollarından çox olub.Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə edilən nailiyyətlər Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının daha böyük uğurlar qazanacağına zəmin yaradır.Tədbirin sonunda "Ümummilli lider Heydər Əliyev və Naxçıvan" adlı film nümayiş etdirildi.
AZƏRTAC