Və ya İsveç Olimpiya Komitəsinin sədrini "Azərbaycandan narazı salan" erməni pulu
Əgər harada erməni barmağı varsa, orada mütləq şəkildə Azərbaycan əleyhinə şantaj, böhtan və təxribatçılıq əməlləri mövcud olacaq. Çünki Azərbaycanın ictimai rəyi bu kimi ürəkbulandırıcı halların dəfələrlə şahidi olub və bu barədə kifayət qədər danışılıb, yazılıb, sübutlar ortaya qoyulub. Məhz bu kimi amili nəzərə almaqla, bir neçə gün öncə İsveç Olimpiya Komitəsinin sədri Stefan Lindeberqin ona verilmiş sifarişlər əsasında ölkəsində nəşr edilən "Aftonbladet" qəzetinə müsahibə verməsi növbəti dəfə isbatlayır ki, Azərbaycanda baş tutacaq I Avropa Oyunlarına sayılacaq günlər qalsa belə, ölkəmizə qarşı təzyiq dili ilə danışmağa cəhd edən bir sıra Qərb siyasi dairələri və onları idarə edən mərkəz varlı erməni lobbisi qarşısında götürülən öhdəliyi yerinə yetirmək məcburiyyəti çərçivəsindən kənara çıxa bilmir. Buraya "Amnesty İnternational" və bu kimi digər beynəlxalq hüquq təşkilatlarının da qərəzli hesabatlarını əlavə etmək olar.
Həmin hesabatların əksər çoxluğu illərdir rəflərdə toz basmış daha öncəki "hesabatların" təkrarı, düzəldilmiş formalarıdır
Əslində, "Amnesty İnternational"ın, ya da bənzər QHT-lərin Azərbaycan əleyhinə yaydıqları "hesabatlar" barədə uzun-uzadı yazmağa, fikir bildirməyə də dəyməz. Çünki həmin hesabatların əksər çoxluğu illərdir rəflərdə toz basmış daha öncəki "hesabatların" təkrarı, düzəldilmiş formalarıdır. Yəni Azərbaycana qarşı irəli sürülən qeyri-ciddi, əsassız hesabatların hər biri eyni yerə - ölkəmizin inkişafına, tərəqqisinə, müstəqil siyasət yürütməsinə, qətiyyətinə doğru istiqamətləndirilir. Daha dəqiqi, Azərbaycanın inkişaf və müstəqillik faktoru, güclənməsi amili söz yox ki, Azərbaycanı istəməyən, düşmən qüvvələrin qanlarını qaraldır, pəjmürdə edir. Bu baxımdan, "hesabatlarında" hər hansı bir "yenilik" etmədən ölkəmizə qarşı hücuma keçənlərin həmin cəhdləri qeyri-ciddi təsir bağışlayır.
MOK: "Bu, Azərbaycana qara yaxmaq, I Avropa Oyunlarını ictimaiyyət qarşısında gözdən salmaq məqsədinə xidmət edən təxribatdır"
Bu arada sözügedən məsələlərlə bağlı Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaydığı məlumatda da yuxarıda qeyd edilən fikirlər bir sıra faktlarla sübuta yetirilib. "Amnesty İnternational" beynəlxalq hüquq təşkilatı tərəfindən Avropa Oyunları ilə bağlı yaydığı qeyri-dəqiq və qərəzli hesabat Azərbaycana qarşı növbəti təxribatdır"-deyə qeyd edilən bəyanatda İsveç Olimpiya Komitəsinin prezidenti Stefan Lindeberqin əsassız çıxışına da münasibət bildirilir. Sitat: "MOK hesab edir ki, bu hesabatda verilən məlumatlar və İsveç Olimpiya Komitəsinin prezidenti Stefan Lindeberqin İsveçin "Aftonbladet" qəzetinə verdiyi müsahibədə Bakıda keçiriləcək I Avropa Oyunları haqqında danışarkən Azərbaycanla bağlı doğru olmayan, əsasını yalan və iftira təşkil edən fikirlər söyləməsi, Azərbaycana qara yaxmaq, I Avropa Oyunlarını ictimaiyyət qarşısında gözdən salmaq məqsədinə xidmət edən təxribatdan başqa bir şey deyil".
Ermənistanın Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermədə iştirak etməməsi, hazırda İsveç Olimpiya Komitəsinin, xarici QHT-lərin Azərbaycana qarşı aparılan təzyiq kapmaniyalarının tərkib hissəsidir
Göründüyü kimi, ortada təxribat var və bunun təxribat olmasını növbəti sübutla da isbatlamaq mümkündür. Məsələn, bəllidir ki, Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi barədə verilən qərardan bir neçə il keçir.
FAKT: "Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildə bir keçirilməsi planlaşdırılır, növbəti oyunlar 2019-cu ildə baş tutacaq. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblər."
Demək, bir daha təsdiq olunur ki, Ermənistanın Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermədə iştirak etməməsi, yaxud da bundan imtina etməsi hazırda İsveç Olimpiya Komitəsinin, xarici QHT-lərin Azərbaycana qarşı aparılan təzyiq kampaniyalarının tərkib hissəsidir. Burada erməni lobbisinin rolu isə danılmaz faktdır.
İsveç Olimpiya Komitəsinin təxribatları yalnız Azərbaycana qarşı deyil, ümumiyyətlə, Avropanın idman cameəsinə qarşı yönəlib
Daha bir məsələ İsveç Olimpiya Komitəsinin rəhbərinin I Avropa Oyunlarına çox az bir müddət qalmış təxribatçı fikirlər səsləndirməsidir. SUAL YARANIR: Əgər Stefan Lindeberq Oyunlara sayılacaq günlər qaldığı zaman "Azərbaycandan razı deyiləm" ifadəsini işlədirsə, nəyə görə o, Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında keçirilən səsvermədə səsvermədə iştirak edib?! Axı o, həmin zaman, ümumiyyətlə, assambleyanın işində iştirak etməməliydi. Bax, məsələ də ondadır ki, İsveç Olimpiya Komitəsinin təxribatları yalnız Azərbaycana qarşı deyil, ümumiyyətlə, Avropanın idman cameəsinə qarşı yönəlib. Söz yox ki, burada aşkar qısqanclıq və qısqanclıqdan doğan quduzluq da müşahidə olunmaqdadır. Beləliklə, bu məsələ də kifayət qədər aydındır. Stefan Lindeberqi danışdıran məhz erməni lobbisinin pul-parasıdır!
Biz bunu MOK-un sözügedən bəyanatının digər hissəsində də görə bilərik. Yəni MOK-un məlumatında qeyd olunur ki, İsveç Olimpiya Komitəsinin Azərbaycandakı "repressiyalarla" əlaqədar Avropa Olimpiya Komitəsinə müraciət etməsi haqqındakı iddialar isə sözün əsl mənasında riyakarlıqdır: "Avropa Olimpiya Komitəsindən aldığımız məlumata əsasən onlara İsveç Olimpiya Komitəsindən heç bir məlumat daxil olmayıb və bu məsələ komitə tərəfindən araşdırılacaqdır. Biz təəssüf edirik ki, İsveç Olimpiya Komitəsinin prezidenti Azərbaycan haqqında belə bir bəyanatla çıxış edib. Məlumat üçün bildiririk ki, bu insanın Azərbaycana qarşı mənfi münasibəti hələ 2012-ci ildə Avropa Olimpiya Komitəsinin Romada keçirilən 8-ci Baş Assambleyası vaxtı aşkar olundu. İsveç Olimpiya Komitəsinin prezidentinin özünün etiraf etdiyi kimi, 48 ölkənin iştirak etdiyi seçkilər zamanı İsveç Olimpiya Komitəsi nəinki Avropa Oyunlarına Bakının ev sahibliyi etməsini, ümumiyyətlə Avropa Qitə Oyunlarının keçirilməsinin əleyhinə səs verən 8 komitədən biri olmuşdur".
Burada İsveçin Ermənistanın mövqeyindən çıxış etməsini görməmək mümkündürmü? Əlbəttə ki, yox!
Azərbaycanın gücü və qüdrəti qarşısında və tutarlı faktlar qarşısında belə dairələrin məğlubiyyətləri mütləqdir!
Hətta vəziyyət o həddə qədər çatıb ki, guya İsveç Olimpiya Komitəsinin prezidenti Azərbaycanda baş tutacaq oyunlarda idmançıların xərclərinin I Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən ödənilməsini "əsas" gətirərək, buna qarşı etiraz etdiyini bəyan edib. Halbuki "Bakı-2015" I idmançıların xərclərinin Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən ödənilməsi birinci hal deyil və o cümlədən, yalnız isveçli idmançılar bundan yararlanmayacaqlar. Çünki bütün Olimpiya Oyunlarında tətbiq edilən bu prinsip Avropa Olimpiya Komitəsinin qərarı ilə "Bakı-2015" I Avropa Oyunlarına da şamil edilib.
Nəticə etibarilə onu da qeyd edə bilərik ki, bu cür təxribatlar arxasında erməni lobbisinin əlaltılarına çevrilən anti-Azərbaycan meyilli dairələr növbəti dəfə danılmaz faktlar qarşısında aciz qalıblar. Hətta onların getdikcə daha da aqressivləşmələri belə, istədikləri nəticəni verməyəcək. Çünki tutarlı faktlar qarşısında belə dairələrin məğlubiyyətləri mütləqdir. Azərbaycanın gücü və qüdrəti qarşısında!
Rövşən RƏSULOV