Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Xəzər rayon İcra Hakimiyyəti, Xəzər İnkişaf Fondu və Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının birgə təşəbbüsü ilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbir iştirakçıları bu gün Fəxri Xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev, YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov, təşkilatın Gənclər Birliyinin fəal üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ziyarətçilərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin, Mərkəz Azərbaycanın tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir. Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, Muzey Ümummilli liderin 90 illik yubileyi ərəfəsində istifadəyə verilib. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə Ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu, Ulu öndər barədə maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ziyarətçilərə Ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılır. Qonaqlar Muzeydə 1969-cu ildən 2003-cü ilədək Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar. Qeyd edilib ki, muzeyin ən maraqlı bölmələrindən biri də Ulu öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda Ulu öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və Ümummilli liderə təqdim edilən hədiyyələrin fotoları əks olunur. Ziyarətçilər Mərkəzdə yerləşən "Azərbaycan inciləri" Müzeyi ilə də tanış olublar.Tədbir iştirakçıları Mərkəzdən zəngin təəssüratlarla ayrılıblar.
sia.az