PDF Oxu

Siyasət

  • 7

Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92- ci ildönümü münasibətilə möhtəşəm ümumrayon tədbiri keçirildi

Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92- ci ildönümü münasibətilə möhtəşəm ümumrayon tədbiri keçirildi

Dünən Daşkəsən rayon icra hakimiyyəti və YAP Daşkəsən rayon təşkilatının təşkilatçılığı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı möhtəşəm ümumrayon tədbiri keçirib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Heydər Əliyevin abidəsini ziyarət edərək, abidəsi önünə gül dəstələri düzüb, Onu böyük ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlara baxışdan sonra tədbir Daşkəsən rayon icra hakimiyyətinin iclas zalında davam etdirilib. İlk öncə Dahi Liderə həsr olunmuş film nümayiş olunduqdan sonra tədbiri Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev açaraq Ulu Öndərimizin dediyi ibratamiz kəlamı tədbir iştirakçılarının diqqətinə çatdırdı: "Biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın Dövlət Müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq." Göründüyü kimi, dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır". Ə.Abıyev Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə respublikamıza rəhbər təyin olunan gününü tariximizin möhtəşəm günü kimi qeyd olunduğunu söylədi: "Tarix ən ədalətli hakimdir. Bu gün yaxın tariximizə diqqətlə nəzər yetirdikdə bugünkü inkişafımız, sabitlik və xoş güzəranımız üçün kimə borclu olduğumuzu yaxşı anlayırıq. Belə şəxsiyyətin siyasət meydanına çıxması böyük tarixi hadisə kimi daim yaddaşlarda yaşayır. 1969-cu il iyulun 14-ü ən yeni tariximizin məhz belə şərəfli, müqəddəs səhifələrindəndir. O zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Bütün sahələrdə tənəzzül baş alıb gedirdi. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün sözün əsl mənasında dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu. Qısa müddətdə Heydər Əliyev bütün xalqı vahid amal - respublikanı düçar olduğu böhranlı vəziyyətdən çıxartmaq üçün birgə fəaliyyət ideyası ətrafında səfərbər edə bildi". Ə.Abıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə bağlı fikirlərini deyərək bildirdi ki, Ümummilli Liderimizin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişi xalqın sabaha olan inamı özünə qayıtdı: "Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Ümummili Liderimiz Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarması idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir". Rayon icra başçısı bildirdi ki, Azərbaycan öz tarixinin bütün mərhələlərində müstəqil dövlət quruculuğu uğurlara nail olmuşdur. Bu gün bu siyasi məktəbin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti, cəsarəti və rəhbərliyi ilə müstəqil Azərbaycan parlaq gələcəyə doğru inamlı irəliləyir. Bu gün Azərbaycan böyük inkişaf yolu keçərək, xalqımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində iri sənaye müəssisələri açılıb, insanların işlə təmin olunmasına şərait yaradılıb. Məhz bu siyasət nəticəsində ölkəmiz inkişaf edir, abadlaşır, gözəlləşir. Dünyanın ən möhtəşəm tədbirlərinə Müstəqil Azərbaycanımız dünya şöhrətli Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında ev sahibliyi edir. Bakı şəhərində keçiriləcək ilk Avropa oyunlarının məşəli may ayının 16-da rayonumuza gətirilərək, şəhərin mərkəzi prospekti boyunca idmançılar tərəfindən nümayiş olunacaq. Möhtəşəm Alov festivalı keçiriləcəkdir. Bu məşəlin rayonumuzda da yandırılması tarixi bir hadisə kimi rayon ictimaiyyətinin yaddaşında əbədi qalacaqdır. Bütün bunlar Heydər Əliyev siyasətinin nəticəsi və bu siyasəti böyük uğurla davam etdirən Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin xalqımız qarşısında əvəzsiz tarixi xidmətləridir. Nə qədər Azərbaycan var, Heydər Əliyev yaşayacaq! Nə qədər Heydər Əliyev siyasəti var, Azərbaycan yaşayacaq! Çünki, yalnız Heydər Əliyev siyasəti nəticəsində, Azərbaycanın müstəqilliyi daimi, əbədi və dönməz olacaq".

Sonra tədbirdə Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan 28 nəfərə partiya vəsiqələri təqdim edildi, 10 nəfər isə Yeni Azərbaycan Partiyasına qəbul olundu. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı məktəblilər arasında keçirilən inşa yazı müsabiqəsində birinci, ikinci və üçüncü, həvəsləndirici yerlər tutan Həsənli Aişə Elçin qızına, Abdulayeva Gülnarə İlqar qızına, Tahiri Əli Araz oğluna, İsgəndərli Lətafət Cəlil qızına qiymətli hədiyyələr, fəxri fərmanlar verildi.

R.HÜSEYNOVA

Digər xəbərlər