XAÇMAZ
Xaçmaz rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Əbədiyaşar Lider" mövzusunda elmi-praktik konfrans keçirib. Konfransda çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən geniş bəhs edib: "Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Adı ölkəmizdən çox-çox uzaqlarda şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin adı çəkilir. Ulu Öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi və sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaranmışdır. Ulu Öndər Heydər Əliyevin arzusu, amalı Azərbaycanı iqtisadi cəhətdən inkişaf etmiş müstəqil, dünya birliyində tanınan bütöv bir dövlət kimi görmək idi. Buna da özünün müdrik siyasəti nəticəsində nail oldu".
N.Nağıyev onu da vurğulayıb ki, xalqımız böyük bir mötəbər tədbir - İlk Avropa Oyunlarının keçirilməsi ərəfsindədir: "Çox qürurverici haldır ki, Azərbaycanın Şərqlə Qərbin qovuşuğunda yerləşməsi və son illər sürətlə inkişaf etməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan marağını daha da artırıb. Bu gün Azərbaycan ən mötəbər tədbirlərə, zirvə toplantılarına, elmi konfranslara, idman, musiqi yarışlarına, teatr, kino festivallarına ev sahibliyi edir. Xüsusilə də, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi hər bir azərbaycanlıda qurur doğurur. Bütün bunlar isə ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir.
Konfransda YAP Xaçmaz rayon təşkilatı idarə heyətinin üzvü Mədinə Nurməmmədova "Müstəqil dövlətimizin qurucusu və xilaskarı" mövzusunda, rayon təşkilatının qadınlar şurasının sədri Sevinc Sədullayeva "Xalqını və vətənini canından artıq sevən böyük insan", rayon təşkilatının gənclər birliyinin sədri Emil Tağıyev "Heydər Əliyev gənclər siyasətinin banisi kimi", Heydər Əliyev Mərkəzinin Xudat filialının direktoru Könül Ramazanova "Dahi şəxsiyyətləri tarix yetişdirir" mövzularında məruzə ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının bu gün Prezident Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildiriblər.
Konfransda çıxış edən YAP Xaçmaz rayon təşkilatı sədrinin müavini Yetkin Mehmanov qeyd edib ki, bu gün yaşadığimiz XXI əsrin özündə də öıkəmizin inkişafının əsasında Heydər Əliyevin ideyaları, Onun zəngin irsi dayanır. Azərbaycan vətəndaşları bu həqiqəti etiraf edirlər ki, ölkənin tərəqqisi, inkişafı, dünya birliyində özünə layiqli yer tutması mövqelərini möhkəmləndirilməsi Heydər Əliyevin adı ilə bağlıdır.
NİZAMİ
"Azərbaycan Olimpin zirvəsində"
Nizami rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə "Azərbaycan Olimpin zirvəsində" adlı ümumrayon tədbiri keçirib.
Əvvəlcə tədbir iştirakçıları I Avropa Oyunlarına həsr olunmuş rəsm və foto sərgisi ilə tanış olublar. Dövlət himni səsləndirildikdən sonra YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov tədbirlə əlaqədar qısa arayış verib. Bildirib ki, Nizami rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə aprel ayının 9-dan etibarən idman və digər istiqamətli yarışlara start verilib. Vurğulanıb ki, yarışların böyük əksəriyyətinin I Avropa Oyunlarının proqramına daxil olan idman növləri üzrə olduğundan keçirilmiş tədbirlərin hər birində oyunlara dəstək ifadə olunub. Qeyd edilib ki, rayonda paint-ball, güllə atıcılığı, voleybol, həndbol, cüdo, karate, üzgüçülük, basketbol, stolüstü tennis, ağır atletika, taekvondo, gimnastika, ümumilikdə 13 idman növü üzrə yarışlar keçirilib. Bu yarışlarda 1200 nəfərə yaxın idmançı iştirak edib. Həmçinin, rayon məktəbliləri arasında breyn-ring, şahmat yarışları, rəsm, inşa və bədii qiraət müsabiqələri keçirilib. Burada isə 300 nəfərə yaxın şagird iştirak edib.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirin əsas mahiyyəti elə onun adında əks olunub: "Azərbaycan Olimpin zirvəsində" dedikdə, 2 başlıca fəlsəfə ortaya çıxır: Birincisi, Azərbaycan bu gün həqiqətən də Prezident İlham Əliyevin rəhbərliyilə Ulu Öndərimiz Heydər Əliyevin ideyalarının reallaşdırılması nəticəsində yüksək inkişaf dövrü keçir. Bu mənada, bu günün Azərbaycanı hər zaman kamilliyin və inkişafın ən uca zirvəsi hesab edilən Olimpin zirvəsindədir. İkincisi, bildiyiniz kimi, artıq 36 gündən sonra Azərbaycanda birinci Avropa Oyunları start götürəcək. 50-yə qədər dövlətdən 6000-dən çox idmançı iştirak edəcək. Eyni zamanda, bu tədbirimizlə bir daha Nizami rayon ictimaiyyətinin, 10 mindən çox üzvü olan rayon təşkilatımızın I Avropa Oyunlarının yüksək səviyyədə baş tutmasına öz dəstəyimizi ifadə edirik".
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, Avropa qitəsi tarixində ilk dəfə reallaşacaq beynəlxalq idman bayramı - I Avropa Oyunlarının başlanmasına sayılı günlər qalır. Aprelin 26-da isə idman yarışının rəmzi sayılan məşəlin alovlandırılması mərasimi baş tutub. Demək olar ki, bu gün Avropa ölkələrinin diqqəti Azərbaycana yönəlib. Bunu xarici mətbuatın ölkəmizdən hazırladığı reportajlar da tam sübuta yetirir.
YAP Siyasi Şurasının üzvü, Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov Avropa Oyunları kimi beynəlxalq tədbirin keçirilməsi üçün Azərbaycanın seçilməsi qitə ölkələri içərisində inkişaf və sabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan Azərbaycana qlobal səviyyədə səmimi inamın, etibarın təsdiqi və təntənəsi olduğunu vurğulayıb. Qeyd edib ki, bu inam və etibarın arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.
Sonra tədbirdə dəfələrlə Azərbaycanı beynəlxalq idman yarışlarında layiqincə təmsil edən və qarşıdan gələn I Avropa Oyunlarında iştirak edəcək idmançılarımız - qaçış üzrə 2 qat Avropa çempionu İbrahim Əhmədov, Avropa və dünya mükafatçısı Lidiya Salehova, eyni zamanda, karate üzrə Avropa və dünya mükafatçıları Nuranə Əliyeva və Firdovsi Fərzəliyev mükafatlandırılıb, onlara yarışlarda uğurlar arzulanıb.
Sonda rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin kollektivinin konsert proqramı nümayiş etdirilib.
QAX
YAP Qax rayon təşkilatı gənclər birliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə məktəblilər arasında intellektual oyun üzrə rayon birinciliyi keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatı gənclər birliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə məktəblilər arasında intellektual oyun üzrə rayon birinciliyi keçirib. Rayon mədəniyyət evində təşkil olunan yarışa rayonun tam orta məktəblərinin komandaları qatılıb.
Tədbiri YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov açaraq Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib və yarış iştirakçılarına uğurlar arzulayıb. Sonra püşkatma nəticəsində komandalar qruplara bölünərək, əsasnaməyə uyğun olaraq müxtəlif raundlar üzrə intellektual yarışa start verilibdir. YAP Qax rayon təşkilatı gənclər birliyinin sədr müavini Elvin Həsilovun müxtəlif mövzularda səsləndirdiyi sualları komanda üzvləri cavablandırmaqla öz intellektlərini sınağa çəkmişlər. Qruplarda qalib gələn komandalar finalda qarşılaşıblar.
Yarışmanın sonunda çıxış edən YAP Qax rayon təşkilatı gənclər birliyinin sədri Elbrus Tağıyev qeyd edib ki, intellektual oyunu keçirməkdə məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və gənclərimizin intellektual səviyyəsini, dünyagörüşünü üzə çıxarmaqdır.
Sonda qalib olan şəhər 4 saylı tam orta məktəbin komandası I yerə, Cəlayir kənd tam orta məktəbin komandası II yerə, şəhər 3 saylı tam orta məktəbin komandası III yerə layiq görülməklə rayon təşkilatının diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılıb. Həmçinin, qalib olan komandaların üzvləri rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdirib.
GƏDƏBƏY
Xilaskarlıq missiyasını təmin edən LİDER
YAP Gədəbəy rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd edib
Dünən YAP Gədəbəy rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirib. YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyətindən, fundamental uğurlara nail olmasından danışıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbər təyin olunanda Azərbaycan keçmiş sovetlər birliyində ən geridə qalan, aqrar bir respublika idi: "Qısa bir vaxt ərzində Ulu Öndər Heydər Əliyev Azərbaycanda kənd təsərrüfatı ilə yanaşı, iqtisadiyyatın və sənayenin inkişafına da nail oldu".
R.Nağıyev, həmçinin vurğulayıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycana siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz vətəndaş müharibəsinin qarşısını almaqla yanaşı, Azərbaycan dövlətçiliyini xilas etdi: "Ulu Öndər Heydər Əliyevin qətiyyəti, möhkəm iradəsi və düzgün siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi qorunmaqla yanaşı, eyni zamanda, möhkəmləndi, inkişaf etdi, əbədilik qazandı. Məhz Ulu Öndərin məqsədyönlü siyasətinin məntiqi nəticəsidir ki, Prezident İlham Əliyevin uğurlu siyasi strategiyası nəticəsində Azərbaycan inkişaf yolunda addımlayır".
YAP Gədəbəy rayon təşkilatının Daryurd ərazi ilk partiya təşkilatının sədri Zahid Aslan, rayon təşkilatının qadınlar şurasının sədri, idarə heyətinin üzvü Esmira Şirinova və başqaları Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyətindən, fundamental uğurlara nail olmasından danışdılar. Qeyd etdilər ki, Ulu Öndər Azərbaycanın rəhbəri olduğu ölkənin inkişafına diqqət göstərmiş və heç bir zaman qayğısını əsirgəməmişdir: "Müasir həyatımızda Azərbaycanın dinamik inkişafı, onun dünya dövlətlərinə inqeqrasiya olunması, məhz Ulu Öndərin məqsədyönlü siyasətinin məntiqi nəticəsidir ki, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
SAMUX
YAP Samux rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı inşa yazı müsabiqəsi keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən növbəti tədbir məktəblilər arasında "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsi oldu.
Keçirilən görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, inşa yazı müsabiqəsinin keçirilməsində əsas məqsəd gənc nəsli Ulu Öndər Heydər Əliyev ideyaları ruhunda, Onun zəngin irsi işığında yeni üsul və metodlarla tərbiyyə etmək, Onun irsinin dövlətçilik, azərbaycançılıq, bəşəri konsepsiyasını, idarəçiliyini öyrənmək və bu ideyalardan gənclərimizin faydalanmasıdır. G.Bayramov, həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən və bu uğurlu siyasətin layiqli davamçısı ölkə Pirezidenti İlham Əliyevin Azərbaycan gəncliyinə və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, apardığı uğurlu daxili və xarici siyasətdən ətraflı məlumat verdi və müsabiqə iştirakçılarına uğurlar arzuladı.
Tədbirdə bildirildi ki, inşa yazı müsabiqəsinin yekun final mərhələsində məktəblilər arasında seçilən 23 nəfər şagird öz zehni qüvvələrini sınayıb. Müsabiqədə fərqlənən Samux şəhər 1 saylı məktəb liseyin şagirdi Bahar Ramin qızı İsmayılova - I yerə, Qarayeri qəsəbə tam orta məktəbin şagirdi Qumru Vüqar qızı Quliyeva - II yerə, İnstitut qəsəbə tam orta məktəbin şagirdi Nərminə Ülfət qızı Sadıqova -III yerə layiq görülüb. Qeyd edilib ki, qalib gələn şagirdlərə rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələri Ulu Öndərin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş ümumrayon tədbirində təqdim ediləcəkdir.
LƏNKƏRAN
YAP Lənkəran rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı "Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" mövzusunda konfrans keçirib
Dünən YAP Lənkəran rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı "Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" mövzusunda konfrans keçirib. Tədbiri giriş sözü ilə YAP Lənkəran rayon gənclər birliyinin sədri Yalçın Əliyev açaraq Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan, müstəqil Azərbaycan dövlətinin yaradılmasında dahi insanın xalqımız üçün həyata keçirdiyi əvəzolunmaz xidmətlərindən danışıb.
YAP Gənclər Birliyinin üzvlərindən Emin Həmidli, Nuranə Əliyeva, Araz Məmmədov çıxış edərək Ulu Öndərin biz gənclərə əmanət olaraq qoyduğu Vətənə, xalqa sədaqətlə xidmət etmək, müstəqilliyimizi göz bəbəyi kimi qorumaq və bu yolda canını belə əsirgəməmək kimi müqəddəs dəyərləri bizim hər birimiz üçün əsl həyat məktəbi olmasını qeyd ediblər.
QƏBƏLƏ
YAP Qəbələ rayon təşkilatının gənclər birliyi Ulu Öndər Heydər Əliyevin doğum gününü qeyd edib
Dünən YAP Qəbələ rayon təşkilatının gənclər birliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı geniş tədbir keçirib. Tədbir iştirakçıları ilk növbədə Qəbələdə yerləşən Heydər Əliyev Mərkəzinin foesindəki Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub. Sonra Ulu Öndərin 92-ci ildönümü ilə əlaqədar təşkil olunan sərgiyə baxış keçiriblər. Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının aparat rəhbəri Elçin Tağıyev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq qeyd etdi ki, 1969- cu ilin 14 iyulunda Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Xalqın təkidli tələbi ilə ikinci dəfə, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Ümummilli Lider Heydər Əliyev ölkədə yaşanan xaos, anarxiya, vətəndaş qarşıdurması kimi halları aradan qaldırdı, indiki müasir, güclü və iqtisadi baxımdan inkişaf etmiş ölkə üçün baza yaratdı. E.Tağıyev, həmçinin Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti Cənab İlham Əliyevin ölkəmizdə, o,cümlədən Qəbələdə son 11 ildə gördüyü məqsədyönlü işlərdən danışıb.
Tədbirdə məruzə ilə çıxış edən YAP rayon təşkilatının gənclər birliyinin sədri Namiq Ağayev Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan və Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.
Tədbirdə Yeni Azərbaycan Partiyasının gənc üzvləri Sahil İsrəfilzadə, Ceyhun Əhmədov və Qəbələ otelçilik üzrə peşə məktəbinin müəllimi Reyhan Çələbiyeva çıxış edərək bildirdilər ki, zəmanəmizin görkəmli siyasətçilərindən olan dahi rəhbər Heydər Əliyevin əbədiyaşar xatirəsi əsrlər boyu yaddaşlarda yaşayacaq, Azərbaycan var olduqca Ulu Öndərin xatirəsi də yad ediləcəkdir.
Tədbir gənc YAP üzvləri Zümrüd Yaqubova, Xəyal Gəncimov, Şəbnəm Kamallı və Elşən Salehovun ifasında ədəbi -bədii kompozisiya ilə davam edib. Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filim də nümayiş olunub.
SAMUX
Samux rayonunda möhtəşəm Gül Bayramı keçirilib
Dünən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Samux rayon icra hakimiyyətinin, YAP Samux rayon təşkilatının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, məktəblilərin iştirakı ilə Heydər Parkında möhtəşəm Gül Bayramı keçirilib. Gül Bayramında iştirak edən orta təhsil məktəblərinin müəllimləri, şagirdləri Heydər Əliyev dühasına ehtiram əlaməti olaraq tər çiçəklərdən düzəldilmiş eksponatlar, müxtəlif növ əl işləri və gül-çiçəklə bəzədilmiş portiretlər ilə gəlmişlər. Rayonun musiqi məktəblərinin, rayon mədəniyyət və turizm şöbəsinin musiqiçilərinin ifasında səslənən musiqi nömrələri gül bayramına xüsusi gözəllik verirdi. Orta məktəb şagirdlərinin asvalt üzərində yaratdıqları ecazkar lövhələr tədbir iştirakçılarına xüsusi zövq verirdi.
Tədbirdə Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar olaraq rayonun ümumtəhsil məktəbliləri arasında "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda inşa-yazı müsabiqəsində I-II-III yerlərə layiq görülmüş məktəb şagirdləri, "Bilik yarışı"nda I-II-III yerlərə layiq görülmüş orta məktəb komandaları, mini-futbol yarışının qalib komandası Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Gül Bayramı şənliyi günün sonuna kimi böyük çoşqu ilə davam etdirilib.
SURAXANI
Suraxanıda "Dahi xilaskar, böyük qurucu" mövzusunda konfrans keçirib
Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir. Növbəti tədbir "Dahi xilaskar, böyük qurucu" mövzusunda konfrans Suraxanı rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində keçirilib. Tədbir iştirakçıları Ümummilli Liderin Heydər Əliyev Parkında ucaldılan abidəsini ziyarət ediblər. Konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Mərkəzin Elektron lektoriya zalında mərkəzin sifarişi ilə hazırlanmış Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxandan sonra konfrans öz işinə başlayıb. Əvvəlcə bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi yad edilib.
Konfransda Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, bu günlərdə ölkəmizdə və onun hüdudlarından kənarlarda- dünyanın bir çox ölkələrində "Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi və mənəvi inkişafına xidmət olmuşdur" deyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunur. Natiq vurğulayıb ki, Ulu Öndər dahiyanə düşüncələri və zəngin dövlətçilik təcrübəsinə əsasən, dövlətin milli maraqlarına cavab verən yeganə və analoqu olmayan tərəqqi yolunu, xalqımızı yeni qələbələrə aparan siyasəti müəyyən etdi: "Ümummilli Lider Heydər Əliyevin uzun illər apardığı düşünülmüş siyasət və bu siyasi kursun möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün respublikamızı, sözün həqiqi mənasında, beynəlxalq aləmdə söz sahibinə çevirir və mövqelərini daha da möhkəmləndirir. Ölkəmiz ən müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya Hərəkatı üçün tarixi hadisədir".
Sonra gənclərin ifasında kompozisiyaya və "Qəlbimizdəsən" adlı videoçarx təqdim olunub.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, 114 nömrəli tam orta məktəbin direktoru Ceyran Novruzova və başqaları çıxış ediblər. Çıxışlarda xüsusi vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri danılmazdır. Bugünkü müstəqil, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir.
Sonra Suraxanı rayonu Heydər Əliyev Mərkəzində və YAP Suraxanı rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə keçirilmiş açıq dərslərin təşkilində və keçirilməsində fəal iştirakına görə fərqlənmiş şəxslər rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib, "Heydər Əliyev və Müstəqil Azərbaycan" inşa yazı müsabiqəsinin, rayon gəncləri arasında keçirilmiş bilik yarışmasının qalibləri mükafatlandırılıblar.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına üzv qəbul olunmuş bir qrup rayon sakininə üzvlük vəsiqəsi təqdim olunub.
"SƏS"