"Azərbaycan insanları, xalqları, dövlətləri bir-birinə yaxınlaşdırmaq məqsədi güdən Avropa Oyunları kimi beynəlxalq layihələrə ev sahibliyi edir, onu yüksək səviyyədə təşkil edir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.Onun sözlərinə görə, Azərbaycanın dünyada mövqeyi güclənir, daha artıq nüfuz sahibi olur, müstəqil iradəsi ilə fərqlənir: "Heç bir kənar təsir, təzyiq Azərbaycanı tutduğu mövqedən döndərmədiyi üçün dövlətimiz tez-tez belə qarayaxma kampaniyalarının obyektinə çevrilməli olur. O mənada biz bu kampaniyaların arxasında kimlərin və hansı maraqların durduğunu yaxşı bilirik. Bu cür təzyiq və təsirlərlə Azərbaycanı tutduğu mövqedən döndərmək, müstəqil iradəmizi sındırmaq mümkün deyil. Azərbaycan öz fəaliyyəti, qətiyyətli mövqeyi və yeritdiyi siyasətlə bunu sübut edir"."Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, Ermənistandan başqa Azərbaycanın heç bir dövlətlə ikitərəfli problemi yoxdur. Ancaq hansısa mövqelərin uyğunlaşdırılması lazım olan məsələlər ola bilər. Ayrı-ayrı ölkələrdən maliyyəcə erməni mənbələrinə aid olan, mənəvi cəhətdən erməniçilik qarşısında öhdəlik götürən, Azərbaycanın uğurlarını gözü götürməyən, qısqanclıqla qarşılayan adamlar bir araya gələrək Azərbaycana qarşı belə kampaniyaların təşkilatçısı rolunda çıxış edirlər. Təəssüf ki, Azərbaycanın öz içində də onların bu hərəkətlərinə səs verənlər olur. Amma bunsuz da mümkün deyil. Azərbaycan demokratik cəmiyyət quruculuğunda olan ölkədir. İstənilən normal, obyektiv tənqidi qəbul edir, amma qərəzli qaralama kampaniyalarını qətiyyətlə rədd edir. Biz hazırda bu mövqedəyik. Bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan öz vəzifəsini ləyaqətlə yerinə yetirir. Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir. İnfrastruktur, təşkilatçılıq və təhlükəsizlik məsələləri yüksək səviyyədə gedir. Ən əsası odur ki, bu qaralama kampaniyasının arxasında dayananların beynəlxalq idman strukturlarına müraciətlərinin cavabında həmin qurumların rəhbərləri lazımi cavabı veriblər. Hesab edirəm ki, bu cavab onları vadar etməli idi ki, öz mövqelərinə yenidən baxsınlar" – deyə, B. Muradova vurğulayıb.Azərbaycan daxilindən bəzi qüvvələrin I Avropa Oyunlarını boykota çağırması ilə bağlı məsələyə münasibət bildirən vitse-spikerin cavabı belə olub: "Onlar cəmiyyət tərəfindən uzun illərdir boykot olunmuş insanlardır. Boykot olunmuşların boykotu heç bir nəticə verməyəcək. Azərbaycan bu tədbirləri yüksək səviyyədə təşkil edəcək və bizi istəməyənlərin niyyətləri də gözündə qalacaq".B. Muradova deyib ki, Avropa Oyunlarının bir idman yarışı olmasına baxmayaraq, onun Azərbaycanda keçirilməsinin özü artıq Azərbaycanın qalib olması deməkdir: "Bu, Azərbaycanın qalibiyyətidir ki, bizə çox ciddi və vacib məsələ etibar edilib. Biz bu etimadı layiqincə doğrulduruq. Bütün dünya ölkələrinə, xalqlarına, idman təşkilatlarına gələcəkdə təşkil olunacaq yarışların standartını müəyyənləşdiririk. Həm təşkilatçılıq məsələləri, həm də nəticələri, miqyası baxımından ilk Avropa Oyunlarının Bakıda keçirilməsi tarixə düşəcək. Bu, həm də Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıdacaq. İdman və mədəniyyət isə xalqları bir-birinə yaxınlaşdıran ən yaxşı vasitədir".
sia.az