"Azərbaycanda dini baxımdan sabitlik mövcuddur, ona görə də hansısa dini qrupun, cərəyanın qarşıdan gələn Avropa Oyunlarına xələl gətirmə ehtimalı sıfra bərabərdir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.Onun sözlərinə görə, bununla bağlı görülən işlər, profilaktik tədbirlər, xüsusilə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər bu sahədə sabitliyin tam bərqərar olmasına gətirib çıxarıb: "Azərbaycanda dini radikalizmin ayrı-ayrı elementləri olsa da, bu, ictimai, siyasi, mənəvi həyata təsir etmək imkanında deyil. Azərbaycanda dini sabitliyi pozacaq hər hansı qrup, cərəyan mövcud deyil. Avropa oyunları yüksək səviyyədə keçiriləcək".İlk Avropa Oyunlarının əhəmiyyətindən danışan M. Qurbanlı vurğulayıb ki, bu oyunların Azərbaycan üçün tarixi, psixoloji, siyasi, iqtisadi və mənəvi əhəmiyyəti var: "Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi hər bir vətəndaş üçün qürurverici hadisədir. Eyni zamanda Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bizi istəməyən, bizə qarşı olan hansısa dairələrə, o cümlədən bizimlə düşmənçilik edən Ermənistan və erməni lobbisinə qarşı ideoloji əhəmiyyət kəsb edən hadisədir".
sia.az