Dünən "Səs" qəzetinin redaksiyasında 9 May faşizm üzərində qələbənin 70-ci ildönümü ilə bağlı Böyük Vətən müharibəsi veteranları ilə gənclərin görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan "Səs" qəzetinin şöbə müdiri İlham Əliyev 1941-1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsinin Azərbaycan xalqından da yan keçmədiyini bildirdi. O, qeyd etdi ki, keçmiş sovet respublikalarından biri kimi Azərbaycan bu müharibədə həm igid övladları, həm də nefti ilə iştirak etmişdir:"Böyük Vətən müharibəsində Azərbaycan xalqının igid oğul və qızları öz qəhrəmanlıqları ilə şöhrət qazanıblar. Müharibənin elə ilk günlərindən Azərbaycan oğullarının qəhrəmanlığı haqqında xəbərlər xalqımızda qələbəyə böyük inam hissini oyatmışdır. Bu müharibədə iştirak edən və qəhrəmanlıq göstərən azərbaycanlıların bir çoxu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblər.
Statistikaya əsasən Azərbaycanda hazırda 1291 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır. 9 May faşizm üzərində qələbədən 70 il ötsə də həmin illərin ağrısını-acısını yaşayan insanlar hələ də var. Həmin illərdə baş verən hadisələrin, müharibənin şahidi və iştirakçısı olan insanlarla gənclərin görüşü əhəmiyyətlidir. Belə ki, torpaqlarımızın 20 faizini işğal alğında olduğu bir zamanda qələbə istəyi ilə Berlinə qədər gedən insanların fədakarlığı, ərənliyi bugünkü gənclərə bir örnəkdir".
Böyük Vətən müharibəsi veteranı Ələşrəf Məhərrəmov keçdiyi döyüş yolu ətrafında danışaraq bildirdi ki, o, Belarus korpusunda döyüşüb və müharibənin ən qaynar nöqtələrində vuruşubdur. 1945-ci il 9 May tarixində qələbə hissini azərbaycanlı döyüşçülərlə birgə Berlində yaşayıb:"Onu deyim ki, Sovet Azərbaycanı SSRİ-nin tərkibində olaraq hələ 1939-cu ilin payızından müharibəyə cəlb olunmuşdu. Azərbaycanın igid oğul və qızları müharibə cəbhəsinə getmişdilər. 1941-ci ilin iyununda Sovet İttifaqı da faşizmə qarşı müharibəyə cəlb olundu. Bu baxımdan, Azərbaycanda cəbhəyə kütləvi səfərbərlik elan olundu. Müharibə illərində Azərbaycandan döyüşən cəbhəyə 600 minə yaxın oğlan və qız göndərdi".
Müharibənin od-alovundan çıxmış Ə.Məhərrəmov həmin hadisələrdən 70 il ötməsinə baxmayaraq daşlaşmış yaddaşında yer alan hadisələri gənclərə çatdırmağa çalışırdı. Azərbaycan oğul və qızlarının faşizmə qarşı döyüş cəbhələrində necə igidliklə vuruşduqlarını qeyd edən veteran onların fərdi və kütləvi şəkildə igidlik göstərdiyini bildirdi:"40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son nəfəsinədək qala uğrunda mərdliklə döyüşmüşdülər. Mən də Belarus korpusunu tərkibində döyşərək Berlinə qədər gedib çıxmışam. Azərbaycanlıların döyüş zamanı göstərdiyi şücaət, qəhrəmanlıq hələ də xatirimdədir. Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Onlar Krımda, Ukraynada, Belorusiyada, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşublar. Azərbaycandan cəbhəyə səfərbər edilmiş 600 minə yaxın adamdan 200 mindən çoxu həlak olmuş və itkin düşmüşdü".
Ə.Məhərrəmov xalqımız, dövlətimiz tərəfindən müharibədə iştirak edənlərin qayğı, diqqətlə əhatə olunduğunu da vurğuladı. Bu gün Böyük Vətən müharibəsi iştirakçılarının sosial vəziyyətləri yaxşılaşdırılıb:"Ümummilli Lider Heydər Əliyev veteranlara daim diqqət və qayğı göstərib. Əsası Ulu Öndər tərəfindən qoyulan bu siyasət bu gün Prezident Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Böyük Vətən müharibəsi iştrakçılarına böyük diqqət ayırır. Azərbaycan Respublikasından olan iştirakçıların "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi" yubiley medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu diqqətin daha bir nümunəsidir".
Görüşdə çıxış edən Böyük Vətən müharibəsi veteranı Camal Qəhrəmanov bildirdi ki, 1941-1945-ci illərdə Bakı döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi:"Bakıda indiki Səttərxan adına zavoda müharibə üçün silah-susat istehsal olunurdu. "Katyuşa" raketi, "Şpakin pulemyotu" "YAK-3" qırıcı təyyarəsi yığılırdı. Bütün qüvvələr faşizm üzərində qələbəyə yönəldilmişdi. Faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycan da öz böyük töhfəsini vermişdi. Faşizm üzərində qələbə başqa xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək fəal iştirak etdi. Ölkəmizin bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edilmişdi. 1941-1945-ci illərdə Azərbaycanda sovet ordusu sıralarına səfərbər edilənlər SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od-alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuşdular. Berlinin süqutunda belə fəal iştirak etmişdilər".
Gənclərlə keçirilən görüşdə çıxış edən Sosialist Əməyi Qəhrəmanı Həcər İsababayeva bildirdi ki, o, müharibə iştirakçısı olmasa da, müharibənin dəhşətlərini yaşamışdır. Müharibənin onun həyatına saldığı izlər, bu dəhşətli savaş haqqında təəssüratları kifayət qədərdir. Axı Böyük Vətən müharibəsində atasını, Qarabağ savaşında oğlunu itirən bir insanın müharibəyə münasibəti necə ola bilər? Həcər xanım bildirdi ki, 1941-1945-ci illərin alovu Azərbaycana gəlməsə də, bu məkanın hər bir vətəndaşı bu acını yaşıyıb. Aclıq, səfalət hər bir qapını döyüb: "Mənim də atam müharibəyə yola düşmüş və geri qayıtmamışdır. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qaldırılmışdı. Məzuniyyətlər ləğv olunmuşdu. Ərzaq və çox işlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi. Orduya səfərbər edilmiş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb olunmuşdu. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdılar. O zaman SSRİ-nin əsas duru yanacaq-neft bazası olan Bakının rolu artmışdı. Müharibə illərində Bakı ölkə neftinin 70-75 faizini, benzinin 85-90 faizini verirdi".
Azərbaycanlıların təmənnasız olaraq müdafiə fonduna milyardlarla rubl könüllü vəsait və qiymətli əşyalar verdiyini bildirən Həcər xanım arxa cəbhənin hünərini diqqətə çatdırdı: "Müharibə Azərbaycandan çox uzaq şimali-qərb regionlarında başlansa da, Hitler neft Bakısını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. Azərbaycanın iştirakı olmasaydı, Sovet İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi".
Böyük Vətən müharibəsi veteranı Seyfulla Muradov isə çıxışında bildirdi ki, o da bir çox döyüş yoldaşları kimi ömrünün 4 ilinin hər anını ölüm, təhlükə olan savaşda keçirib. 91 yaşlı Seyfulla Muradov döyüş xatirələrindən həm qürurla, həm də gözləri dola-dola danışdı. 1924-cü ildə Bakı şəhərində anadan olan S.Muradov 1942-ci ilin may ayında müharibənin ən qızğın çağında, hələ 18 yaşı tamam olmamış cəbhəyə göndərilir və 5-ci qvardiyada desant kimi xidmət göstərir:"Yaşımın təcrübəsiz dövründə, vətəndən uzaqda, odun-alovun içində yaşamaq və qələbə qazanmaq üçün mübarizə aparmaq çox çətin idi. Rus dilini yaxşı bildiyimə görə, məni 2-ci Ukrayna Cəbhəsinə göndərdilər. Ətrafımda azərbaycanlı yox idi. Çox ağır, çətin dövr idi. Döyüş yolumuz Krasnodar şəhərindən başladı. Oradan Novorossiysk şəhərinə 135, Kremlinskiyə isə 100 kilometrlik məsafə var idi. Biz sözügedən şəhərlərə getmək üçün Dnepr çayından istifadə etdik. Bilirsiniz ki, Dnepr dünyada ən iti axan çaylardan biridir. Xüsusilə qar əriyən zamanı onun coşması insanı vahiməyə salır. Çayın sürəti o qədər güclü idi ki, əsgərlərin içərisində olduğu 12 qayıqdan 9-u sulara qərq oldu, yoldaşlarımızı itirdik. Sadəcə 3 qayıqla nəzərdə tutulan məntəqəyə gedib çata bildik. Döyüş xatirələrimdə kədərli və təhlükəli anlar daha çox olub. Müharibənin dəhşətlərini 70 il keçsə də unutmamışam. Ətrafında hər şey məhv olurdu. Ağac, torpaq, təbiət od tutub yanırdı, insanlar hər gün dostunu- yoldaşını itirirdi, hər tərəf insan cəsədləri ilə dolu idi. Savaşın dəhşətini anlatmaq üçün sözlər bəzən yetərsiz qalır".
91 yaşlı veteran indi döyüş yoldaşlarının adını tam xatırlamasa da, onlarla çoxlu xatirələri olduğunu qeyd etdi:"Savaş meydanı elə bir yer idi ki, orda hər kəs bacardığı qədər bir-birinə kömək edirdi. Yaralıları xilas etməyə çalışırdıq. İnsan hər şeyə alışır, artıq müharibənin dəhşətləri bizi qorxutmurdu. Ölüm bizim üçün adiləşmişdi. Biz ancaq qələbə haqqında düşünürdük. Bu düşüncə və istək bizi döyüşdən-döyüşə aparırdı".
O, diqqətə çatdırdı ki, qələbəni hərbi hospitalda ikən eşidib: "Mən Kirov şəhərində hospitala yerləşdirildim. Orda bütün yaralılar kimi mənə də yaxşı baxırdılar. Mən orada qələbə xəbərini eşitdim. Bizimkilər artıq Berlinə girmişdilər. Qələbə sevincini orada yaşadım. İnşallah, Qarabağın qələbə sevincini də yaşayaram".
S.Muradov veteranlara göstərilən diqqət və qayğıdan da ağız dolusu danışdı. Ona dövlət tərəfindən avtomobil və pul mükafatının verildiyini də dilə gətirdi.
Çıxış edənlər gənclərə tövsiyələrini də verməyi diqqtədən qaçırmadılar. Qeyd olundu ki, bu günün gəncinin qarşısında böyük məsuliyyəti var: Qarabağ torpağı işğaldan azad olunmalıdır. Cəsarət, vətən torpağına məhəbbət, ayıqlıq, inam, birlik, ağıl və güclü olmaq müharibədə qələbəyə aparan yoldur. Ali Baş Komandan İlham Əliyevin rəhbəliyi ilə Qarabağın qələbə sevincini tezliklə yaşayacağıq. Bunun üçün inkişaf etmiş dövlətimiz və güclü ordumuz var.
Sonra görüş iştirakçıları gəncləri maraqlandıran sualları cavablandırdılar.
Nəzakət ƏLƏDDİNQIZI