Bu gün Şuşanın işğalından 23 il ötür
XX əsrin sonlarında Azərbaycan faciəli hadisələrlə üzləşdi, ərazisinin 20 faizi işğal olundu. Övladları yurd-yuvalarından didərgin düşdü, şəhid oldu. Amma tarixən olduğu kimi sınmadı, əyilmədi, mübariz ruhundan dönmədi.
1992-ci ilin bu günü 8 may tarixində Şuşa şəhəri də işğal olundu. Çoxsaylı erməni xəyanətinin nəticəsi kimi Şuşa XX əsrdə 3 dəfə erməni təcavüzünün qurbanı oldu. 1905-1907-ci illərdə Şuşa şəhəri ermənilər tərəfindən hücuma məruz qaldı və yandırıldı. 1920-ci ildə şəhərin xeyli hissəsi ermənilər tərəfindən dağıdıldı. 3-cü dəfə 1992-ci ilin mayında ermənilər bu şəhəri tamamilə işğal etdi.
Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Şuşa şəhəri artıq iyirmi üç ildir ki, təcavüzkar Ermənistanın işğalı altındadır. Düz iyirmi üç ildir ki, yadlar tapdağı olan Şuşa ölüm sükutuna qərq olub. 300 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil oldu. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşid Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talayıb və məhv ediblər. Ermənilər insanlığa sığışmayan vəhşiliyə də əl atdılar: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini belə güllələdilər.
Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.
Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə "Qafqazın cənnəti" adlandırılan yerlər xarabazara çevrilib.
Çox təəssüf ki, tarixən alınmaz qala olan Şuşa təcavüzkar qüvvələr tərəfindən ələ keçirilir. Tarixdən bəllidir ki, Şuşa şəhərinin binasını qarabağlı Pənahəli xan Cavanşir qoymuşdur. 1747-ci ildə Nadir şah öldükdən sonra Pənahəli bəy xan elan edilir və Qarabağ xanlığını düşmən hücumlarından qorumaq məqsədilə alınmaz bir qala tikdirməyi qərara alır. 1750-ci ildə Qarabağın ən səfalı guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın bünövrəsini qoyur. Pənahəli xan hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir. Yerli əhali yeni salınmış şəhəri Pənahəli xanın şərəfinə "Pənahabad" adlandırır. Şiş uclu dağlar əhatəsində yerləşən Pənahabad əvvəllər "Şişə", sonralar isə Şuşa adlandırılmağa başlandı. Belə bir şəhərin işğalı ağlasığmaz olsa da xəyanətkar əllər bu şəhərin tarixinə işğal sözünü yazdırdılar.
Bu, Şuşanın tarixidir. Böyük tarixə yeni saxta tarix yazmaq elə də asan deyil. Bu böyük tarixdə bir güc var, qəhrəmanlıq var. Şuşa müqəddəs bir şəhərdir. Bu işğal tarixi müvəqqətidir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, ölkənin gücü, iqtisadi inkişafı, dünya birliyində yeri, milli ordusu şuşalıları Şuşaya qaytaracaq.
NƏZAKƏT