Hər il mayın 9-u gələndə Həmzəyevlər ailəsi bu gününün sevinc və kədər dolu anlarını yaşayır. Ailənin hər bir üzvü faşizm üzərində qələbənin ildönümünü xoş hisslərlə qarşılasa da, Mahmud Xanış oğlunun yoxluğunu kədər və üzüntü ilə qeyd edirlər.
El ağsaqqalı, bir nəslin dirəyi sayılan Mahmud Həmzəyev tarixə Böyük Vətən müharibəsi kimi daxil olmuş 1941-45-ci illər Almaniya-SSRİ müharibəsində faşizmə qarşı qəhrəmanlıqla döyüşmüş yüzlərlə, minlərlə azərbaycanlı igid və cəsur oğullardan biri olub.
1918-ci ilin martın 8-də Göyçə mahalının Basarkeçər rayonunun Şorca kəndində anadan olmuş Mahmud Həmzəyev həyatın hər cür maddi-mənəvi sıxıntılarını yaşayıb, mənfur ermənilərin olmazın haqsızlıqları ilə qarşılaşıb, öz vətənində vətənsizliyin ağrı-acısını dadmalı olub. Ancaq heç bir təzyiq və çətinliklər onu əsas məqsəd və amalından döndərə bilməyib. Gənclik illərini öz doğma kəndlərində gənc nəslin maariflənməsinə həsr edən Mahmud müəllim şagirdlərini də eyni ruhda tərbiyə edib, onlara yüksək amallar aşılayıb. Ancaq amansız müharıbə onu sevdiyi peşəsindən ayrı salıb, iti qələmini odlu silahla, kitab-dəftərini güllə saçan mərmilərlə əvəz edib.
Bəli, 1941-ci iln iyunun 22-də faşist Almaniyasının SSRİ üzərinə hücumu ilə milyonlarla insanın həyatı yarımçıq qırıldı, nakam arzuları param-parça oldu, yüz minlərlə ailənin həyat hekayəsi zulmət qaranlığa gömüldü. Ancaq müharibənin dəhşətləri insanların əzmini, düşməndən qisas almaq qətiyyətini qıra bilmədi. O cümlədən alovlu cəbhələrin ağlagəlməz faciələrini yaşayan Mahmud Həmzəyevin də. Müharibənin ilk günlərindən hərbi səfərbərliyə çağrılan Mahmud müəllimin döyüş yolu Mozdokdan Berlinə qədər uzanıb. Milyonlarla kilometr uzanıb gedən bu yollarda o, yüzlərlə həmyerlisini, dostunu, yaxın yoldaşını itirib, dəhşətli hadisələrin canlı şahidi olub. Onun müharibə həyatı tarixə "Taqanroq" dviziyası adı ilə daxil olmuş 416-cı diviziya ilə bağlı olub. M.Həmzəyev diviziyanın mahir topçularından sayılıb. Buna görə də qısa zaman içərisində onu topçu alayına komandir təyin ediblər. Beş il ərzində dəfələrlə yaralansa da, yenidən döyüş səngərinə qayıdıb, onlarla döyüşlərdə iştirak edib, hətta Berlinin alınmasında da şücaətlər göstərib. Ancaq son döyüşlərdə aldığı yaralar onu ömürlük əlil edib.
Mahmud müəllim müharibədən sonra öz doğmalarının yanına qayıtsa da, sevdiyi peşəsi ilə məşğul ola bilməyib. Ancaq həmişə el-obasının gənclərinə ibrətamiz nəsihətlər verib, həyat təcrübəsini onlarla bölüşüb, daim həmyerlilərinin xeyir-şərində yaxından iştirak edib. Onda olan yüksək müsbət məziyyətlərə görə M.Həmzəyev həmişə yaşadığı rayonun bütün tədbirlərinə dəvət olunur, onun dəyərli məsləhətləri dinlənilirdi.
Mahmud müəllimin həyatda ən böyük qazancı məhz el-oba hörməti, bir də ki, onun üçün çox qiymətli olan övladları olub. Müharibədən sonra öz həmkəndliləri Xanımzərlə ailə quran Mahmud müəllimin 4 oğlu, 2 qızı olub.
Maddi çətinliklər çəksə də, övladlarına yaxşı tərbiyə verib, təhsil almaqları üçün canını fəda edib. Yaxşı ki, övladları onun ümidlərini puç etməyib, həyatda öz layiqli yerlərini tutublar. Oğlanları Sadiq həkim, Bilal və Vahid mühəndis, Əliağa isə müəllim kimi atalarının adını daim uca ediblər. Qızları Qətibə və Zeynəb isə ailə quraraq uşaqlarının tərbiyəsi ilə məşğul olublar. Hazırda onun 18 nəvəsi, 10 nəticəsi var.
Mahmud Həmzəyev 2002-ci ildə dünyasını dəyişib. Doğrudur, ömür tarixini müəyyən edən ulu Tanrıdır. Ancaq bəzən düşünürsən ki, erməni faşistləri minlərlə soydaşlarımız kimi, Həmzəyevlər ailəsini də öz doğma yurd-yuvalarından qaçqın salmasaydılar, vətən, torpaq nisgilli qoymasaydılar Mahmud müəllim, bəlkə, hələ də aramızda idi. Bəlkə də...
Allah rəhmət eləsin. Ruhu şad olsun.
Rafiq Qaradağlı