Səbaillilər Ümummilli Lider Heyər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd edib
Dünən Səbail rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
İlk əvvəl tədbir iştirakçıları Ulu Öndərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib. Natiq vurğulayıb ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi: "Ulu Öndərimizin uyuduğu Fəxri Xiyaban xalqımızın müqəddəs ziyarətgahına çevrilmişdir. Qədirbilən insanlar müasir tariximizin 35 illik çox mühüm bir dövründə silinməz iz qoymuş bu böyük insanın, unudulmaz şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmək üçün uyuduğu Fəxri Xiyabana axışırlar. Fədakar həyatı, çoxcəhətli və möhtəşəm fəaliyyəti ilə "Dünyanın ən böyük azərbaycanlısı" adını qazanmış Ümummilli Liderimizə olan vətəndaşlıq borcumuz, dövlətə müstəqillik, xalqa isə azadlıq bəxş edən rəhbərə bəslənən sonsuz ehtiram bu günlərdə səslənən hər bir ifadədə öz əksini tapır. Azərbaycan xalqının böyük oğlu, Ümummilli Liderimiz Heydər Əliyev də məhz belə dahi tarixi şəxsiyyətlərdəndir. Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşmişdir. Ulu Öndər hər zaman deyirdi: "Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". Biz də fəxr edirik ki, Ulu Öndərimizin əmanəti olan, Onun ideyalarını yaşadan, inkişaf etdirən, gündən-günə müasirləşdirən Azərbaycanın, ən əsası güclü dövlətçilik təməli olan bir ölkənin vətəndaşlarıyıq. Bu xoşbəxtliyi bizə bəxş edən Ulu Öndər Heydər Əliyevə əbədi minnətdarıq və qəti əminik ki, Dahi Öndərimizin ideyaları neçə-necə gələcək nəsilləri yüksək ideallar uğrunda mübarizəyə ruhlandıracaqdır".
Mərasim tanınmış incəsənət xadimlərinin ifaları ilə davam edib.
Ü.ƏSGƏROV