OĞUZ
Dünən Oğuz rayon icra hakimiyyəti YAP Oğuz rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə əklil və gül dəstələri qoyublar. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edib. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev dağılmaq, parçalanmaq həddində olan Azərbaycanı, çökməkdə olan dövlətçiliyimizi qorudu, cilaladı, möhkəmləndirdi, əzəmətə gətirdi: "O, ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Bu gün isə Ulu Öndərin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın ən öncül dövlətləri sırasında yerini alıb".
E.Qurbanov, həmçinin bildirdi ki, Oğuz Olimpiya İdman Kompleksində Bakı şəhərində keçirələcək I Avropa Oyunlarının Proqramına daxil edilmiş idman növlərində məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin voleybol idman növü üzrə respublika yarışı keçirilmişdir. Yarışda respublikanın 10 komandası iştirak edib. Gənclər və yeniyetmələr arasında idmanın futbol, velosiped, marafon qaçışı, cüdo üzrə də yarışları may ayının 7-sinə kimi yekunlaşıb və mayın 7-də məktəblilərin asfalt üzərində rəsm müsabiqəsində 40-dan çox gəns və yeniyetmə öz bacarıqlarını nümayiş etdirib.
Tədbirdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycanın dövlət müstəqilliyinın dönməzliyi tam təmin olunmuş, beynalxalq aləmdə respublikamızın müsbət imici formalaşmışdır: "Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir".
S.Məhərrəmov Prezident İlham Əliyevin hazırda apardığı uğurlu islahatların Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi davamı olduğunu, Onun praqmatik daxili və xarici siyasəti nəticəsində Azərbaycanın müxtəlif sahələrdə böyük müvəffəqiyyətlər qazandığını diqqətə çatdırdı. Vurğuladı ki, məhz bu uğurlu siyasətin nəticəsidir ki, 2015-ci ildə ilk dəfə olaraq Azərbaycan Avropa Oyunlarını qəbul etmək hüququnu qazanmışdır.
Tədbirdə Oğuz şəhər icra nümayəndəsi Firuddin Baxışov və rayon təhsil şöbəsinin müdiri Elçin Kərimov və başqaları çıxış edərək bildirdilər ki, Azərbaycanın mövcudluğunun qorunub saxlanması, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunmasında bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Sonda yarışın qalibləri qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatdlandırıldı
QOBUSTAN
Qobustan rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin 92-ci ildönümü ilə bağlı tədbirləri davam etdirir
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatı rayon mədəniyyət və turizm şöbəsi ilə birgə tədbir keçirdi. Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin adını daşıyan parkda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzdülər. Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev vurğuladı ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı xalqımızın tarixinə qızıl həriflərlə yazılıb: "Bu günlər biz əvəzolunmaz insanın -dahi şəxsiyyətin anadan olmasının 92-ci ildönümünü qeyd edirik. Bir daha ötən dövrlərə nəzər salarkən Ulu Öndər Heydər Əliyev fenomeninin böyüklüyünün, Onun Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin dəyərini daha dərindən dərk edirik".
Təşkilat sədri dünya şöhrətli şəxsiyyətin Azərbaycan xalqı qarşısında əvəzsiz tarixi xidmətlərindən geniş söhbət açaraq dahi Liderin xalqın ən ağır günlərində onların yanında olduğunu, Azərbaycanın bölünmək təhlükəsindən, özbaşnalıqdan xilas edərək möhtəşəm bir gələcəyin başlanğıcını qoyduğunu bildirdi: "Ölkəmiz ən yüksək beynəlxalq tədbirlərə - idman yarışlarına ev sahibliyi edir. İnsanlar rahat və əmin-amanlıq mühütündə yaşayırlar. Şübhə yoxdur ki, bütün bunlar dahi Lider Heydər Əliyevin başladığı və Onun layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyevin səyləri nəticəsində mümkün olub. Ən sevindirici haldır ki, Azərbaycanın sürətli inkişafı bu gün də davam edir".
Rayon Uşaq İncəsənət Məktəbinin direktoru çıxış edərək Ulu Öndər Heydər Əliyevin mədəniyyətə, incəsənətə verdiyi töhfələrdən söhbət açdı. Qeyd etdi ki, bu gün xalqımız Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi varisi - müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən enerjili və təşəbbüskar şəxsiyyət kimi beynəlxalq aləmdə özünəməxsus yer tutan ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib.
Tədbirin sonunda Uşaq İncəsənət Məktəbi şagirdlərinin iştirakı ilə konsert oldu.
İSMAYILLI
Azərbaycan cəmiyyətində qadınların yüksəlişi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
YAP İsmayıllı rayon təşkilatı qadınlar şurası və rayonun fəal qadınlarının iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, Azərbaycan qadını tarixən kişilərlə çiyin-çiyinə, bərabərhüquqlu vətəndaş kimi cəmiyyətdə çox fəal olmuşdur: "Azərbaycan müstəqillik qazandıqdan sonra isə qadınlarımıza hörmət və diqqət daha da artmışdır. Hazırda ölkəmizdə ümumi əhalinin 51%-ni qadınlar təşkil edir. XX əsrin 60-cı illərinin sonlarından ölkəmizə rəhbərlik etməyə başlayan Heydər Əliyev qadın azadlığına, qadınların bütün sahələrdə irəli çəkilməsinə xüsusi diqqət verib. Məhz Heydər Əliyevin müəllifliyi ilə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib. Bununla demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarıb".
Natiq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin qadınlara göstərdiyi diqqət və qayğı Onun layiqli siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Təsadüfi deyil ki, son on bir ildə qadınların, xüsusən gənc qadınların dövlət orqanlarında, bələdiyyələrdə irəli çəkilməsi sahəsində uğurlu işlər həyata keçirilməkdədir. Rayon təşkilatının sədri bildirib ki, ölkəmizdə möhtəşəm bir idman bayramı - Birinci Avropa Oyunları keçiriləcək və bu yarışların keçirilməsinə hazırlıq işlərinə nəzarət edəcək Təşkilat Komitəsinə rəhbər Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təyin olunması Azərbaycan qadınına göstərilən böyük etimad, diqqət və qayğıdır.
Tədbirdə İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, YAP rayon təşkilatının qadınlar şurasının sədri Xuraman Qurbanova, fəal qadınlardan Şəmsiyyə Əhmədova, Lətifə Əliyeva və başqaları çıxış edərək qeyd ediblər ki, son on bir il ərzində baş vermiş sosial proseslər, sosial-iqtisadi sferadakı islahatlar, mədəni-mənəvi intibah Azərbaycan qadınının psixoloji portretini köklü surətdə dəyişmişdir. Çıxışlarda bildirilib ki, Azərbaycan qadınlarının ictimai həyatda rolu bu gün Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında Heydər Əliyev Fondunun vitse-prezidenti, Qarabağ həqiqətlərini yorulmadan dünya ictimaiyyətinə təşviq edən gənc Leyla Əliyevanın işgüzar keyfiyyətlərində daha qabarıq şəkildə özünü büruzə verir.
AĞCABƏDİ
Ağcabədidə Ümummilli Liderin andan olmasının 92-ci ildönümü münasibətilə atıcılıq üzrə yarış keçirilib
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Ağcabədi rayonunda silsilə tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq, Ağcabədi rayon Gənclər Mərkəzinin atıcılıq zalında YAP Ağcabədi rayon təşkilatının, Heydər Əliyev Mərkəzinin, rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin komandaları arasında atıcılıq üzrə yarışın keçirilməsi olub. Yarışda rayonun ümumtəhsil məktəblərindən 100-dən artıq məktəbli oğlan və qız iştirak edib. Gərgin mübarizə və rəqabət şəraitində keçən yarışda Ağcabədi şəhər 2 saylı tam orta məktəbin komandası I yeri, şəhər 7 saylı tam orta məktəbin komandası II yeri, Təzəkənd kənd orta məktəbinin və Ağcabədi şəhər 3 saylı məktəb-liseyin komandası isə III yeri tutublar.
MİNGƏÇEVİR
Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı Mingəçevir şəhər icra hakimiyyəti ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində "Əməlləri ilə əbədiləşən tarixi şəxsiyyət" mövzusunda elmi-nəzəri konfrans keçirib. İlk öncə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Konfransı giriş sözü ilə Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyyət kimi fəaliyyətindən, Onun Azərbaycan dövləti və xalqı qarşısında geniş xidmətlərindən, apardığı genişmiqyaslı demokratik islahatlardan bəhs edərək, bu gün də bu islahatları, Heydər Əliyev ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli inkişafdan danışıb. N.Bayramov qeyd edib ki, bu gün ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin əsasını məhz müstəqil Azərbaycanın özü qədər əbədi olan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu işlər təşkil edir: "Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, ölkəmizə etibar olunan beynəlxalq tədbirlər, mədəni və idman yarışları, məhz bu etibarlı etimadın, Ulu Öndər Heydər Əliyev ideyalarının reallaşmasının nəticələridir. Bu, bir daha onu göstərir ki, nə qədər müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var, Heydər Əliyev ideyaları daima yaşayacaq və uğurlar qazanacaqdır".
Konfransın işində YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov "Heydər Əliyev dühası bütöv şəxsiyyət mücəssəməsidir", Mingəçevir Politexnik İnstitunun dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nüşabə Qədimli "Ümummilli Lider Heydər Əliyev əməlləri ilə qəlblərdə əbədiyaşar siyasətçidir", Azərbaycan Müəllimlər İnstitunun Mingəçevir Filialının kafedra müdiri, pedaqoqika elmləri üzrə fəlsəfə doktoru Zemfira Əzizova "Ulu Öndər Heydər Əliyevin nəzəri irsi milli sərvətimizdir", Mingəçevir Turizm Kollecinin tarix müəllimi, YAP şəhər təşkilatının gənclər birliyinin sədr müavini Eldar Dərişov "Əbədiyaşar Heydər Əliyev ideyaları müasir uğurlarımızın qarantıdır" mövzusunda çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, bu gün Vətənini, dövlətini, xalqını sevən hər bir azərbaycanlı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasəti bundan sonra da dəstəkləyəcək, Onun ətrafında daha da sıx biləşəcəklər.
"SƏS"