PDF Oxu

Siyasət

  • 7

Lerikdə faşizm üzərində Qələbənin 70 illiyi qeyd edildi

Lerikdə faşizm üzərində Qələbənin 70 illiyi qeyd edildi

Lerikdə 1941–1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri və müharibə veteranları ilə görüş keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, öncə Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisinin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərləri Böyük Vətən və Qarabağ müharibəsində həlak olanların xatirəsinə ucaldılmış "Şəhidlər" abidə kompleksini ziyarət edərək abidə önündə gül dəstələri düzüblər. Sonra İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi ziyarət edilib.

Müharibə iştirakçıları ilə görüş Lerik rayonu "Nur" şadlıq sarayında çay süfrəsi arxasında davam etdirilib.

Tədbirdə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Lerik rayon təşkilatının sədri Hidayət Bəşirov çıxış edərək 1941–1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz rolu, azərbaycanlıların istər döyüş meydanlarında, istərsə də arxa cəbhədə göstərdikləri fədakarlıqlar barədə geniş məlumat verib. Bildirib ki, bu tarixi qələbənin əldə edilməsində leriklilərin də xidmətləri az olmayıb. 1941–1945-ci illərdə Lerik rayonundan 6500 nəfər cəbhəyə yola salınıb, onlardan 1584 nəfəri həlak olub, 3314 nəfər müxtəlif dərəcədə yaralanıb.

Daha sonra natiq əbədiyaşar Prezidentimiz, ulu Öndər Heydər Əliyevin Böyük Vətən müharibə veteranlarına daim diqqət və qayğı göstərdiyini və bu kursun cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib, bu qayğı və diqqətə görə veteranlar adından minnətdarlığını bildirib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov çıxış edərək bayram münasibəti ilə müharibə veteranlarını təbrik edərək İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük töhfəsi və rolunun olduğunu bildiriblər.

Daha sonra müharibə veteranlarından Daşdəmir Paşayev, Salam Cabbarov və başqaları çıxış edərək faşizm üzərində qazanılmış qələbə ilə Azərbaycan xalqının da fəxr etdiyini, bu günün unudulmaz tarixə çevrildiyini bildiriblər. Qeyd ediblər ki, torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci Dünya müharibəsindəki qəhrəmanlığının bayram edilməsi, oğul və qızlarımızın göstərdiyi rəşadətin təbliği gənclərimizin vətənə məhəbbət ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.

Sonda müharibə iştirakçılarına rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov Qələbənin 70 illiyi münasibəti ilə xatirə medalını və Milli Məclisin deputatı İqbal Məmmədov hədiyyələr təqdim ediblər.

Həmçinin rayon icra hakimiyyəti başçısının Sərəncamı ilə Faşizm üzərində Qələbənin 70 illik yubileyi münasibəti ilə müharibə və bir qrup arxa cəbhə iştirakçısına maddi yardım verilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Nəsimi Məmmədov iştirak edib.

Bayram tədbiri rayon mədəniyyət kollektivinin rəngarəng musiqi nömrələri ilə davam etdirilib.

yap.org.az

Digər xəbərlər