PDF Oxu

Siyasət

  • 13

Ümummilli Liderin azərbaycançılıq irsi bütün gəncliyimiz üçün örnəkdir

Ümummilli Liderin azərbaycançılıq irsi bütün gəncliyimiz üçün örnəkdir

Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatının elə bir sahəsi yoxdur ki, onun inkişafında və yüksəlişində Ümumilli Liderimizin əvəzsiz rolu olmasın. Ulu Öndərin yeritdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda siyasi sabitlik yaradılmış, dövlətin iqtisadi-siyasi və hərbi qüdrəti artmış, ölkəmizin təhlükəsizliyinə təminat verilmişdir. Gənc nəsil Ümummilli Liderimizdən daim atalıq qayğısı görmüşdür. Heydər Əliyev gənclərin ölkəmizin ictimai-siyasi və mədəni həyatında layiqli yer tutması, milli kadr kimi formalaşması üçün əlindən gələni əsirgəməmişdir. Onun şərəfli ömür yolu hər bir vətənpərvər azərbaycanlı, xüsusilə də biz gənclər üçün əsl həyat məktəbidir.

Ulu Öndərimiz Heydər Əliyev gənclərə böyük diqqət və qayğı göstərməklə yanaşı, onların qarşısında mühüm vəzifələr qoyaraq deyirdi: "Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədiliyinə həsr etməkdən ibarət olmalıdır". Ötən əsrin ortalarından milli kadrların hazırlanmasına önəm verən Ümummilli Lider müstəqillik illərində də bu məsələyə diqqətlə yanaşmış və 1 dekabr 1998-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması barədə imzaladığı Sərəncamla Azərbaycanda ilk dəfə olaraq xüsusi xidmət orqanları üçün milli kadrların hazırlanması işinin əsaslı təməlini qoymuşdur. Müstəqil respublikamızda Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması bütün ölkənin ictimai həyatında, o cümlədən hərbi vətənpərvərlik tərbiyəsi işində çox əlamətdar bir hadisə idi. Akademiyamız gənc olmasına baxmayaraq Azərbaycan Respublikasının ali təhsil müəssisələri arasında öz layiqli yerini tutmuş, ictimaiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir.

Biz kursantlar Ulu Öndərin adını daşıyan xüsusi təyinatlı ali təhsil ocağında oxuduğumuzdan qürur hissi duyur, eyni zamanda bununla bağlı böyük məsuliyyəti də dərk edirik. Bu xüsusi təyinatlı təhsil müəssəsinin keçdiyi yolu təhlil edən MTN-in Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə deyirdi: "İlk illərdə tikinti və quruculuq, təşkilati və kadr məsələləri ilə əlaqədar qarşıya çıxan bir sıra çətinliklərə baxmayaraq, akademiya 2000-2001-ci tədris ilindən fəaliyyətə başladı. 2005-2006-cı illər akademiya üçün yaddaşlardan silinməyəcək tarixi hadisələrlə zəngin olmuşdur. Belə ki, 2005-ci il dekabr ayının 20-də milli təhlükəsizlik naziri Eldar Mahmudovun təşəbbüsü ilə MTN-in Akademiyasına möhtərəm Prezidentimiz İlham Əliyevin Fərmanı ilə Ümummilli Liderimiz Heydər Əliyevin adı verilmişdir. 2006-cı il mart ayının 27-də isə Ali Baş Komandan İlham Əliyev akademiyaya təşrif buyurmuş, Ulu Öndərimiz Heydər Əliyevin möhtəşəm abidəsini, məzmunu və nəfis tərtibatı ilə seçilən "Şöhrət" Muzeyini açmış, şücaət rəmzi olan "Döyüş bayrağını şəxsən akademiya təqdim etmişdir".

Akademiyamızda olarkən möhtərəm Prezident İlham Əliyev şəxsi heyət qarşısında dərin məzmunlu nitq söyləmiş və akademiyada qısa müddətdə həyata keçirilmiş geniş quruculuq işlərini yüksək qiymətləndirərək demişdir:

"Akademiya ən yüksək dünya standartlarına cavab verir və burada kursantlar yaradılmış bütün imkanlardan səmərəli istifadə etməli, yaxşı oxumalı, bu şərəfli peşəyə dərindən yiyələnməlidirlər. Akademiya Heydər Əliyev adını daşıyır və əlbəttə, bu, əlavə məsuliyyət deməkdir. Mən ümid edirəm ki, bu akademiyada oxuyan kursantlar gələcəkdə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində fəal rol oynayacaqlar".

Bu gün akdamiyada təhsil və təlim-tədris prosesi yüksək səviyyədə təşkil edilmişdir. Biz gənclər üçün sevindirici haldır ki, kursantlar vətənpərvərlik və azərbaycançılıq ideologiyası ruhunda tərbiyə olunur və akademiyada dərslər doğma ana dilimizdə aparılır. Şübhəsiz ki, bütün bunlar qurucusu Heydər Əliyev olan müstəqil Azərbaycanımızın bizə verdiyi geniş imkanlar nəticəsində mümkün olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun tələbkarlığı və gündəlik nəzarəti, təhsil müəssisəsinin rəhbərliyinin gərgin səyləri sayəsində akademiyamızda kursant və dinləyicilər üçün yaradılmış ideal şərait dərin və hərtərəfli biliklər qazanmağa, geniş dünyagörüşlü milli kadrlar kimi yetişməyə imkan verir. Böyük və işıqlı, hər cür texniki və əyani vəsaitlərlə təmin olunmuş auditoriyalar, fənn kabinetləri, xüsusi və ümumi kitabxanalar, kursantların fiziki və əməliyyat-döyüş hazırlığı üçün zəruri olan İdman və Sağlamlıq Mərkəzi, müasir tələblərə cavab verən yataqxanalar, istirahət otaqları, yeməkxanalar və klublar bizim istifadəmizdədir. Bütün bunlarla yanaşı, tədrisin keyfiyyətini yüksəltmək, eləcə də iş şəraitini yaxşılaşdırmaq məqsədi ilə akademiyanın kabinet və auditoriyaları müasir kompüterlər, audio-video texnika, proyektorlar, rabitə və digər texniki vasitələrlə də təchiz edilmişdir. Müasir informasiya texnologiyalarının və beynəlxalq informasiya resurslarının tədrisdə istifadəsini təmin etmək məqsədilə akademiyada yaradılmış kompüter sinifləri internet şəbəkəsinə qoşulmuşdur.

Əməkdaşların fiziki sağlamlığını təmin etmək məqsədilə MTN-in Heydər Əliyev adına Akademiyasının ərazisində yaradılan İdman və Sağlamlıq Mərkəzi bizi gələcəkdə əməliyyat-xidməti fəaliyyətində də uzunmüddətli fiziki və psixoloji gərginliyə tab gətirməyə, eləcə də döyüş və xüsusi tapşırıqların yerinə yetirilməsi zamanı qətiyyətli olmağa sövq edir. MTN-in Heydər Əliyev adına Akademiyasının kursantları respublikada keçirilən idman yarışlarında yüksək nəticələr göstərdiklərinə görə müvafiq medal və diplomlarla təltif edilmişlər.

Akademiyada günün rejim qaydaları elə qurulmuşdur ki, dərs və praktiki məşğələlərdən sonra idman tədbirləri, zabit və müəllim heyəti ilə müxtəlif mövzularda aparılan elmi disputlar və fikir mübadilələri, mətbuat səhifələri ilə tanışlıq, filmlərin nümayişi asudə vaxtımızın səmərəli təşkil olunmasına xidmət edir. Bundan başqa, tanınmış alimlərlə, mədəniyyət və incəsənət xadimlərilə görüşlər təşkil olunur. Akademiyada təşkil olunan ədəbi-bədii gecələr, yaradıcılıq müsabiqələri, idman yarışları, intellektual oyunlar və s. eyni zamanda kursantların dünyagörüşünün genişlənməsinə də təsir göstərir.

Akademiyamızda təhsil alan kursantların azərbaycançılıq ideologiyası ətrafında birləşməsi və bu ruhda tərbiyə olunması şübhəsiz ki, yüksək nizam-intizam tələb edir. MTN-in Heydər Əliyev adına Akademiyasında intizamın və aparılan təlim-tərbiyə işinin nəticəsidir ki, kursantlarda öz peşəsinə sədaqət, xidməti borcunu yerinə yetirmək məsuliyyəti və hərbi peşəkarlıq keyfiyyətləri yüksək səviyyədə qurulmuşdur.

Xüsusi xidmət orqanı əməkdaşının mükəmməl, eyni zamanda hərtərəfli biliklərə yiyələnməsi və yüksək peşəkarlığı üçün vacib tələblərdən biri də xüsusi fənlərlə yanaşı hüquq elmlərini, ictimai-siyasi fənləri, eyni zamanda xarici dilləri dərindən bilməsidir. Bu gün akademiyada ingilis dili ilə yanaşı dörd xarici dil də tədris edilir. Vaxtilə bunları nəzərə alan Ümummilli Liderimiz Heydər Əliyev bildirirdi ki, əməliyyat işçisi hərtərəfli biliyə və geniş dünyagörüşünə malik olmalıdır.

Tədrisin yüksək ixtisaslı mütəxəssislər - elmlər doktorları, professor, elmlər namizədləri, eləcə də uzun illər təhlükəsizlik orqanlarında xidmət etmiş, geniş əməliyyat biliklərinə və dünyagörüşünə yiyələnmiş təcrübəli kadrlar tərəfindən həyata keçirilməsi də bizim vətənpərvər milli kadrlar kimi yetişməyimizdə mühüm rol oynayır. Akademiyanın professor-müəllim və zabit heyəti belə bir mühüm sahədə iş apararkən təhsil alanların intellektual və mədəni səviyyələrinin daha da yüksəlməsinə, şəxsiyyət kimi Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi irsi əsasında formalaşmasına, milli və ümumbəşəri dəyərlərə yiyələnməsinə böyük önəm verirlər.

Siyasi səviyyəmizin yüksəlməsində, xalqa, vətənə, eləcə də dövlətə sədaqətli gənclər kimi formalaşmağımızda ən mühüm rol oynayan amillərdən biri də Ümummilli Liderimizin gənclərə örnək olan həyat yolu ilə tanışlıq və Onun siyasi irsinin öyrənilməsidir. Belə ki, Milli Təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun, akademiyanın rəisi general-leytenant Ziya Yusif-zadənin kursant və dinləyicilər qarşısında dəfələrlə etdiyi çıxışlar, eyni zamanda Ulu Öndərimizin ömür yolunu işıqlandıran "Şöhrət Muzeyi", müxtəlif istiqamətli filmlər bizim əməliyyat işçisi kimi milli maraqlara sədaqət ruhunda yetişməyimizdə olduqca müsbət rol oynayır.

Bu gün Ümummilli Lider Heydər Əliyevin milli təhlükəsizlik siyasəti və strategiyası Onun siyasi varisi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Ali Baş Komandan əmin ola bilər ki, biz gənclər dövlətimizin inkişafı və təhlükəsizliyi naminə bundan sonra da təhsildə və xidmətdə yeni-yeni nailiyyətlər qazanacaq, ulu Öndərimizin şanlı ənənələrini daim yaşadacaq, Onun əvəzsiz siyasi irsini böyük həvəslə öyrənəcək və Dahi Öndərimizin şah əsəri olan müstəqil Azərbaycanımıza sədaqətlə xidmət edəcəyik.

Nicat Hüseynov,

MTN-in Heydər Əliyev adına

Akademiyasının kursantı

Digər xəbərlər