2004-cü ilin 10 may tarixində yaradılan Heydər Əliyev Fondu Müstəqil Azərbaycanın Qurucusu Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, Onun milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən meydana gəldi.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva qısa bir zamanda fəaliyyəti ilə dünyada tanındı, Azərbaycanı tanıtdı. Azərbaycan üçün gördüyü işlər yaşadığımız qloballaşma dövründə, Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir zamanda əhəmiyyət kəsb etdi. Ölkəmizin milli-mənəvi dəyərlərini üzə çıxarılması, Azərbaycanın bir dövlət olaraq məxsusiliyinin dünyəviləşməsi istiqamətində fondun həyata keçirdiyi işlər tarixin bu günü üçün deyil, zamanın axarında əsrlərin yaddaşında iz buraxacaq hadisələrə bağlıdır.
Müasir həyata baxışda fərqlilik, dünyəvi proseslərdəki müxtəliflik prizmasında fondun prezidenti Mehriban Əliyevanın gördüyü işlərin dəyəri açıq-aydın görünməkdədir. Böyük və məsuliyyətli missiyanın daşıyıcısı olmaq yükünü üzərinə götürən Mehriban Əliyeva Ulu Öndərimizin vətən, xalq üçün göstərdiyi xidmətləri, Onun ümumbəşəri ideyalarını, zəngin irsini təbliğ etmək, gənclər və gələcək nəsillər üçün qoruyub-saxlamaq missiyasının daşıyıcısına çevrildi. Heydər Əliyev Fondunun Prezidenti olaraq çoxşaxəli fəaliyyətinin öncül istiqamətlərindən biri cəmiyyətimizdə mövcud olan problemlərin çözülməsinə diqqət ayırdı. Yardıma ən çox ehtiyacı olan insanlara diqqət və qayğı göstərməyi vacib hesab etdi.
Mehriban Əliyevanın təşəbbüsü və məqsədyönlü fəalliyyəti nəticəsində fond fəaliyyəti dövründə müxtəlif sahələri əhatə edən çoxsaylı layihələr reallaşdırmış, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurmuş, Bakıda bir sıra dövlətlərin iştirakı ilə möhtəşəm konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa bir zaman məsafəsində böyük uğurlara səbəb oldu. "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində respublika üzrə uşaq müəssisələri əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar tikilmiş, kommunal şərait yaxşılaşdırılmışdır. Azərbaycan Birinci Xanımının təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayonunda 50 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir.
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı əsasında təhsil sahəsində mövcud olan problemlərin həllinə nail olundu. Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla proqram çərçivəsində müasir standartlara cavab verən binalar inşa olunaraq yenidən qurulmuşdur.
"Təhsilə dəstək" layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Fond bu layihə çərçivəsində hər il Azərbaycanın bütün birinci sinif şagirdlərinə və Gürcüstandakı soydaşlarımızın təhsil aldığı məktəblərin birinci sinif şagirdlərinə yeni dərslik və tədris ləvazimatları hədiyyə edir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni elmi-tədris mərkəzinin binası tikilmiş, əyani vəsaitlərlə təmin edilərək soydaşlarımızın istifadəsinə verilmişdir.
Cəmiyyətin sosial qayğılarına daim diqqət yetirən Heydər Əliyev Fondu həyata keçirdiyi layihələrlə əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edir. Fondun başlıca vəzifələrindən biri uşaq evləri və internatlardakı uşaq və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir. Bu sahədə Mehriban Əliyeva nailiyyətlər əldə etmək məqsədilə ilk addımını Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə 2004-cü ildən atmağa başladı və "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsini həyata keçirməyə başladı. Bu layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilir. BMT-nin təşəbbüsü ilə 2007-ci ildə Heydər Əliyev Fondu Dünya Diabet Günü kampaniyasına qoşuldu. Diabet xəstəliyinin əhatə dairəsinin artması haqqında əhalini xəbərdar etmək məqsədilə aksiyanın keçirildiyi 155 ölkənin şəhərlərinin möhtəşəm binaları noyabrın 14-ü - Dünya Diabet Günündə BMT-nin rəmzi olan mavi rəngə boyanır.
Azərbaycanda yayılan talassemiya xəstəliyinin qarşısının alınması məqsədilə 2005-ci ildən Mehriban Əliyeva talassemiya problemlərinə həsr olunmuş "Talassemiyasız həyat naminə" layihəsini həyata keçirməyə başladı. Layihə çərçivəsində talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası üçün ilk dəfə olaraq Bakıda Talassemiya Mərkəzi inşa edilmişdir. Belə bir mərkəzin inşası bu xəstəlikdən əziyyət çəkən uşaqların bir ümid yerinə çevrildi. Heydər Əliyev Fondu tərəfindən Bakı şəhərində Psixo-Nevroloji Uşaq Evinin inşası onun səhiyyə sahəsindəki ən böyük uğurlarından biridir.
Eyni zamanda, fondun təşəbbüsü ilə paytaxtda və regionlarda tibb müəssisələrinin yenidənqurma layihələri həyata keçirilir. Xəzər rayonunun Türkan qəsəbəsində poliklinika, təcili yardım stansiyası, Şüvəlan qəsəbəsində xəstəxana, Zirə qəsəbəsində Müalicə-Diaqnostika Mərkəzi, "Təbəssüm" Uşaq Sanatoriyası yenidən qurularaq, müasir avadanlıqla təchiz olunub.
Heydər Əliyev Fondunun xüsusi diqqət yetirdiyi prioritet sahələrdən biri də ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasıdır. "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi əsasında 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa işləri aparılıb. Dini abidələrdən biri Binə qəsəbəsindəki Möhsün Səlim Məscidi bərpa edilərək istifadəyə verilib. Eyni zamanda, Mehriban Əliyevanın layihəsinə əsasən, Gəncə şəhərindəki Həzrəti Zeynəb Məscidi yenidən qurulub. Qeyd olunan layihə çərçivəsində Bakıdakı pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb. Layihənin digər tərkib hissəsi "Or-Avner" Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik Təhsil Mərkəzinin inşasıdır. Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsi istiqamətində də Azərbaycanda görülən işlər məhz müasir dövrümüzdə dövlətin bütün millətdən olan insanlara diqqət və qayğı ilə yanaşmasının nəticəsidir. Fond tərəfindən Bakıdakı Müqəddəs Məryəm Kilsəsi təmir və bərpa olunmuşdur.
Azərbaycanın Birinci Xanımının humanist prinsipləri, insanların taleyinə olan isti münasibəti çoxşaxəli fəaliyyətində özünü göstərir. Belə ki, Mehriban Əliyeva fiziki cəhətdən qüsurlu olan insanların cəmiyyətə inteqrasiyasına, onların istedadlarının üzə çıxarılmasına və inkişaf etdirilməsinə, əməklərinin qiymətləndirilməsinə xüsusi əhəmiyyət verir. Onun təşəbbüsü ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Azərbaycandan 15 nəfər əlil ixtiraçını mükafatlandırılıb.
Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi sahələrdən biri də elm və texnologiyadır. Azərbaycan həqiqətlərinin internet şəbəkəsi vasitəsilə dünyaya yayılması və xalqımızın min illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması məqsədi ilə fond tərəfindən materialların həcminə, zənginliyinə və əhatəliliyinə, habelə istifadə olunmuş internet texnologiyalarına görə ölkəmizdə analoqu olmayan "Azərbaycan" İnternet Portalı yaradıldı. Azərbaycan, ingilis və rus dillərində tərtib olunan "Azərbaycan" portalı ölkəmizin beynəlxalq aləmdə təbliği işinə, dünyada Azərbaycan haqqında tam, həqiqi və dolğun təsəvvür yaradılmasına böyük kömək göstərir. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən müxtəlif saytlar və multimedia diskləri hazırlandı. 2005-ci ildən başlayaraq Azərbaycan, ingilis və rus dillərində Heydər Əliyevin və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətlərinə həsr olunmuş saytlar, multimedia diskləri, həmçinin fondun fəaliyyətini əks etdirən sayt yaradılaraq ictimaiyyətin istifadəsinə verildi.
Azərbaycan haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağa önəm verən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələr sırasında "Qarabağ həqiqətləri" bukletlər toplusunun nəşri xüsusi əhəmiyyətə malikdir. Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə dəyən ziyan, Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdikdəri terror aktları haqqında faktları əks etdirən və ingilis, fransız, alman, rus, macar dillərində nəşr olunmuş bukletlər indiyədək bir çox xarici ölkələrdə yayılmışdır. "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabında Azərbaycanın işğal olunmuş ərazilərindəki ziyarətgahlar və digər tarixi-mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir.
"Qarabağ həqiqətləri" silsiləsinin davamı olaraq 2007-ci ildə Heydər Əliyev Fondu Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs edən "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabını ingilis dilində nəşr etdirdi. Kitaba işğal olunmuş rayonlarımızdakı mədəni sərvətlərimizin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində və işğal altındakı bölgələrimizdəki tarixi və mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyətini əks etdirən videomateriallar əlavə olunub. Rus alimi, yazıçı-tarixçi, professor Rudolf İvanovun "Bəyazidin müdafiəsi: həqiqət və yalan", "Əlahəzrətin general - adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan", "Sovet İttifaqı adından" kitabları rus dilində nəşr olunub.
Mehriban Əliyeva azərbaycançılıq ideyalarının çarçısı olaraq Azərbaycandan kənarda da amalını gerçəkləşdirmək yönümündə irimiqyaslı layihələri ilə çıxış edir. Onun böyük təşəbbüsü ilə müasir dövrümüzdə fondun ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Sözsüz ki, bu dövlətlərdə nümayəndəliklərin yaranması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətlidir. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırılmasında birmənalı olaraq fəaliyyətini davam etdirir. Bildiyimiz kimi, hər il dünyanın bir sıra böyük şəhərlərində - Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay, Kiyev və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar həyata keçirilir ki, bunların hər birində təşəbbüskar Heydər Əliyev Fondudur.
Gənclərin hərtərəfli inkişafına diqqətlə yanaşan Heydər Əliyev Fondu uşaq və yeniyetmələrdə idmana maraq aşılamaq, onları sağlam ruhda tərbiyə etmək istiqamətində müxtəlif layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə inşa olunan orta məktəb və məktəbəqədər müəssisələrdə idman zalları, futbol meydançaları, yeni salınan parklarda mini-stadionlar, idman qurğuları ilə təchiz olunmuş sahələr yaradılır. İdmana dair bir sıra əyani vəsaitlər çap olunur.
Beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın "Evrovision-2012" Mahnı Müsabiqəsində uğur qazanmasında müsabiqənin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rolu yüksək qiymətləndirildi. Bu gün Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkili üçün yorulmadan çalışır. Dünya ölkələrində - Romada, Moskvada, Brüsseldə, İstanbulda və başqa ölkələrdə "Bakı-2015" ilk Avropa Oyunlarının təqdimat mərasimlərinin Mehriban Əliyeva tərəfindən təşkili paytaxtımızın oyunlara hazırlığını dünyaya bəyan edir. Mehriban xanım Əliyevanın Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik etməsi bu oyunların lazımi səviyyədə təşkilinə zəmin yaradır:"Biz çalışmalıyıq ki, bu oyunlar ən yüksək səviyyədə hazırlansın və ən yüksək səviyyədə keçirilsin" - deyən Mehriban xanım Əliyeva bu oyunların Avropanın idman hərəkatının tarixində yeni bir dövrün başlanması kimi xarakterizə edib: "Azərbaycan bu tarixin ilk səhifələrini yazan ölkədir". Onu da qeyd edək ki, Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın Afinada Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatı ilə təltifi də elə onun olimpiya hərəkatının inkişafına, Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görədir.
Bəli, bu gün Mehriban xanım Əliyeva milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verir. Azərbaycanın Birinci Xanımının Azərbaycan üçün gördüyü işlər ölkəmizin ictimai-siyasi və mədəni həyatında danılmaz amillərdir.
Nəzakət ƏLƏDDİNQIZI