LƏNKƏRAN
Dünən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş konfrans keçirib. Konfransı giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İlqar Dadaşov Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, müstəqilliyimizin qorunub saxlanılmasında, ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutmasında müstəsna xidmətlər göstərib. Bildirdi ki, Azərbaycan xalqını düşmüş olduğu bütün bəlalardan xilas edən Ulu Öndər Heydər Əliyev dövlət və dövlətçiliyimizin əbədi olması üçün zəruri olan bütün addımları atdı. Onu da vurğuladı ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının bütün dönəmlərində millətimizin və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib: "Ulu Öndər Heydər Əliyev hələ sovet dönəmində rəhbər vəzifələrdə çalışdığı dönəmlərdə belə Azərbaycanın və azərbaycanlıların gələcəyini düşünmüş və bu günümüz üçün böyük zərurət yaradan işlərin, layihələrin əsasını qoymuşdur".
Ölkəmiz ikinci dəfə öz milli müstəqilliyini əldə etdikdən sonra düşmüş olduğu çətin dönəmlərdən də, məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və möhkəm zəkası sayəsində xilas olduğunu söyləyən İ.Dadaşov dövlətimizin sağlam, sarsılmaz təməllər üzərində bərqərar olmasının əsasının da o dövrlərdə qoyulduğunu vurğuladı. "Bu gün müstəqil Azərbaycanın öz iqtisadi-siyasi qüdrəti ilə dünya miqyasında layiqli olduğu mövqeyə yüksəlməsinin də Ulu Öndər Heydər Əliyevin siyasi dühasının özünütəsdiqidir" deyən A.Hüseynov Cənab Prezident İlham Əliyevin praqmatik siyasəti ilə ölkəmizin daha da yüksək inkişaf xətti tutduğunu söylədi.
İ.Dadaşov, həmçinin 1992-ci il noyabrın 21-də yaradılmış Yeni Azərbaycan Partiyasının Ulu Öndərin rəhbərliyi ilə keçdiyi şərəfli yoldan, YAP-ın indiyədək keçirilən bütün prezident, parlament, bələdiyyə seçkilərində qazandığı parlaq qələbələrdən, Lənkəranda hazırda YAP üzvlərinin 10500 nəfərə çatmasından, gənclərin partiyaya axınından, YAP fəallarının rayonda keçirilən tikinti-quruculuq və abadlıq işlərində fəal iştirakından, ölkə Prezidenti İlham Əliyevin Lənkəranın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi haqqında imzaladığı sərəncamların müvəffəqiyyətlə icra edilməsindən, Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin tarixi əhəmiyyətindən, respublikanın rayonları arasında ilk olaraq Lənkəranda Alov Festivalının çox mütəşəkkil və uğurla keçirilməsindən ətraflı danışdı.
Tədbirdə YAP Lənkəran şəhər təşkilatının sədr müavini Əlimərdan Əliyev çıxışında bildirdi ki, Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ulu Öndər müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətini qurmuş, xalqımızın müstəqillik arzularını gerçəkləşdirmişdir. Məhz Ümummilli Liderin məqsədyönlü və dərin düşünülmüş siyasəti, əzmkar fəaliyyəti nəticəsində ölkəmizin geostrateji, iqtisadi və mədəni potensialından istifadə edilərək Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sisteminin formalaşdırılmasına nail olunmuşdur.
Konfransda partiya fəallarından Mamusta kənd sahə xəstəxanasının baş həkimi Şakir Qasımov, YAP Lənkəran rayon təşkilatı təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri Güloğlan Bağırov və başqaları çıxış edərək birmənalı olaraq vurğuladılar ki, bu gün hər bir Vətən övladı dərk etməlidir ki, ölkəmiz əldə etdiyi bütün bu uğurlara görə məhz Ulu Öndər Heydər Əliyevə borcludur. Nə qədər müstəqil Azərbaycan dövləti varsa, Ümummilli Liderimizin ideyaları yaşayacaq, yolumuza nur və işıq saçacaqdır.
Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Nəsimi Məmmədov iştirak edirdi.
R.HÜSEYNOVA