II Dünya müharibəsində faşizm üzərində Qələbənin 70-ci ildönümü paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda çox geniş və təntənəli şəkildə qeyd olunub. Bununla əlaqədar rayonun idarə və təşkilatlarında, ali və orta məktəblərində tədbirlər, veteranlarla görüşlər, rayonda yerləşən çoxsaylı mədəniyyət müəssisələrində, o cümlədən muzey və kitabxanalarda, sərgi salonlarında sərgilər təşkil olunubdur.
Ənənəvi olaraq Qələbə Günü ilə bağlı Bayıl yaşayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan bağda Səbail rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, Hərbi Dəniz Qüvvələrinin zabit və matrosları və veteranların iştirakilə təntənəli tədbir keçirilibdir. Tədbrin əvvəlində Hərbi-Dəniz Qüvvələrinin orkestrinin ifasında müxtəlif marşlar səslənib. Parkda ucaldılmış Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun büstünün önünə RİH adından əklil qoyulub, müsiqi sədaları altında rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar, donanmanın zabit və əsgərləri və məktəblilər büstün önünə tər çiçəklər düzüblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Bayıl yaşayış sahəsindəki Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbində davam edən tədbirdə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov əlamətdar gün münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik edib, onlara ən xoş arzularını çatdırıbdır. A.Əsgərov onu da vurğulayıb ki, II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri vardır: "Müharibə başlananda respublikada orduya səfərbərlik ümümxalq hərəkatına çevirilmiş, Azərbaycanın ordu sıralarına 680 min nəfərdən çox insan səfərbərliyə alınmış, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəlmişdi. Müharibə illərində döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuş, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, tank qoşunları general-mayoru Həzi Aslanov isə bu ada iki dəfə layiq görülmüş, 34 nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə mükafatlandırılmışdır. 1941 - 1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsi tikilib işə salınmış, döyüşən ordunun yanacaqla təminatında böyük işlər görülmüşdür. Ümumilikdə müharibə illərində SSRI - də çıxarılan neftin 69 % -ni Bakı vermişdi. Müharibə illərində Azərbaycanın bütün bölgələrində 66 təxliyyə hospitalı yaradılmışdı. Səbail rayonunun ərzaisində bir çox yerlərdə, o cümlədən 49, 189 və 190 saylı orta məktəblərdə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və s. binalarda müharibə illərində təxliyyə hospitalları yerləşmişdi. Azərbaycan xalqı bu gün də öz keçmişi, xüsusi ilə müharibədəki iştirakı dövrü ilə fəxr edir. Müharibə veteranları xalqımızın ən əziz və hörmətli üzvləri olmuşlar. Ulu Öndər Heydər Əliyev daim onlara xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. O, qeyd etmişdir ki, "Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, II Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz və ən mötəbər insanlarımızdır".
Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətili tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Qələbənin 70 illiyi ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallrala təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi və növbədə olan bütün veteranların avtomobillərlə təmin olunması ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir".
Tədbirdə çıxış edən veteranlar öz xatirələrindən söz açaraq, onlara göstərilin diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonra Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbinin şagirdlərinin veteranlar qarşısında konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik-leytenant Polad İbrahimov veteranlara "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi" yubiley medalını təqdim edilib, onlara Səbail rayon icra hakimiyyəti tərəfindən hədiyyələr verilib və maddi yardımlar edilibdir.
Ü.ƏSGƏROV