PDF Oxu

Siyasət

  • 14

QƏLBLƏRDƏ ƏBƏDİLƏŞMİŞ LİDER

QƏLBLƏRDƏ ƏBƏDİLƏŞMİŞ LİDER

Müstəqil dövlətimizin ən şanlı səhifələri Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Böyük şəxsiyyətlər yaşayıb-yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazmışlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman tarixi şəxsiyyətləri ilə fəxr etmişdir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz işlər görmüşdür. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ümummilli Liderin Azərbaycan tarixinə bəxş etdiyi əzəmətli bayram günlərindən biri də məhz 15 İyun Qurtuluş Günüdür.

Bu gün haqqında qürürla danışdığımız tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü xalqımız üçün yeni bir başlanğıc, ictimai tərəqqidə keyfiyyətcə yeni bir mərhələdir. 15 iyun əsl qurtuluş tarixi olmaqla yanaşı, Azərbaycanda xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru gedən yolun başlanğıcıdır. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa olan insan - Ulu Öndər Heydər Əliyev idi.

Ulu Öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. Xalq Onu sevir, parlaq zəkasını qiymətləndirir və öz liderinə, Onun yeritdiyi siyasi kursa inanaraq ardınca gedirdi. Əslində, Heydər Əliyev ömrü Azərbaycan xalqının XX əsr tarixinin 35 illik böyük bir dövrü ilə sıx bağlıdır və onları bir-birindən ayırmaq və izah etməyə çalışmaq mümkün deyil. Ulu Öndər əməli fəaliyyəti ilə hər kəsə subut etdi ki, tarixdə şəxsiyyətin rolunu və xidmətlərini dananlar yanılırlar. 80-ci illərdə SSRİ rəhbərliyi Heydər Əliyevi Moskvaya çox istədiyindən deyil, Onun gücünə, təcrübəsinə və səriştəsinə ehtiyacları olduğundan apardı. Çünki Siyasi Büronun rəhbərliyini zəbt etmiş qocaların əksəriyyəti artıq əldən düşmüşdü. Çökməkdə olan iqtisadiyyatı yenidən canlandırmaq və dövlət idarəçiliyini sahmana salmaq onların işi deyildi. Ümid ancaq Heydər Əliyevə idi. Amma dövlət idarəçiliyinin baş postunu Ona verməyə də qorxurdular. Ona görə də, hələlik ən çətin və geridə qalan sahələri Ona həvalə etdilər. Görün, Heydər Əliyev illərin bataqlığına çevrilən həmin sahələrdə necə möcüzələr yaratdı?! Dəmir yolunda ritm dəyişdi, gecikmələr minimuma düşdü, Baykal-Amur Magistralının tikintisi böyük vüsət aldı... Bir sözlə, hər kəsə bir daha ayan oldu ki, Heydər Əliyev kimdir və nəyə qadirdir. Elə o məqamdan başlayaraq SSRİ rəhbərləri, xüsusən də Mixail Qorbaçov Heydər Əliyevin gücündən və təcrübəsindən istifadə etmək imkanları barədə deyil, daha çox Onun artan nüfuzunun təhlükəsi barədə düşünməyə başladılar.

Tarix yaradan ŞƏXSİYYƏT

Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən prosesdə Ulu Öndər Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atdı. 1990-cı ilin yayında Moskvadan Vətənə qayıdan Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi illər Azərbaycanın istiqlalı yolunda xüsusi mərhələ olmuşdur. Onun rəhbərliyi altında muxtar respublika Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliləməsində bayraqdar rolu oynayırdı. Əsas amillərdən biri o idi ki, Onun muxtar respublikaya rəhbərlik etməsi ölkəmizin bu qədim diyarının erməni təcavüzündən xilas olmasında başlıca rol oynamışdı. Məhz Dahi Öndər Heydər Əliyevin müdrikliyinin, siyasi təcrübəsinin və iradəsinin nəticəsi idi ki, Naxçıvan MR üzləşdiyi bütün çətinlikləri dəf etmiş, muxtar respublika daxilində sabitliyi, əmin-amanlığı təmin etmişdir. Bütün bu faktlar bir daha təsdiqləyir ki, 1993-cü ilin yayında Azərbaycan "olum, ya ölüm" dilemması qarşısında qaldığı bir vaxtda, xalqın təkidlə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etməsi heç də təsadüfi deyil. Həmin il iyunun 15-də müdrik siyasətçinin, təcrübəli dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan tarixinin Ulu Öndər Heydər Əliyev dövrü, özünün yeni, daha əzəmətli mərhələsinə qədəm qoydu. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin birinci hakimiyyəti ölkənin formalaşdırılmasına hesablanmışdırsa, onun ikinci hakimiyyəti əsl QURTULUŞ oldu.

Xalqın çağırışı ilə Heydər Əliyev 1993-cü ildə, ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş mübarihəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıtdı. Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişindən, yəni 1993-cü ildən sonra ölkəmizdə gedən proseslər geniş bir təhlil, təhqiqat tələb edən məsələdir. Aparılan araşdırmalar və təhlillər Heydər Əliyevin nəhəng siyasətinin ayrı-ayrı elementlərini bir daha göz önünə gətirməyi zəruri edir.

1993-cü ilin iyun hadisələri zamanı siyasi hakimiyyətə qayıdan Heydər Əliyev, ilk növbədə, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atıldı. Hərb cəbhəsində atəşkəsə nail olundu. Bu, Azərbaycan üçün olduqca vacib idi. Çünki hərbi əməliyyatların davam etməsi Azərbaycan iqtisadiyyatının onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıra bilərdi. Azərbaycan həmin müharibəni yalnız Ermənistanla aparmırdı. Hamıya bəlli idi ki, Ermənistana silah pulsuz verilirdi. Ermənistana müxtəlif vasitələrlə ayrı-ayrı ölkələrdən də yardımlar edilirdi. Ermənistan tərəfi Azərbaycan Ordusunun hücumları qarşısında tab gətirməyərək atəşkəsə razılıq vermək məcburiyyətində qaldı.

Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması, dünyanın əsas neft-qaz ixracatçılarından birinə çevrilməsidir. Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi nəhəng siyasi layihələrdən biri neft strategiyasıdır. Neft strategiyası bu gün də Azərbaycan üçün həm siyasi, həm də iqtisadi dividendlər gətirməkdədir. Ulu Öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda müxtəlif ölkələrin neft şirkətləri ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. Bu neft strategiyası dünyanın ən qabaqcıl neft şirkətlərini Azərbaycana investisiya yatırmağa cəlb etdi. Bu investisiyalar iqtisadi sabitliyin bərqərar olması üçün böyük rol oynadı. Azərbaycanın beynəlxalq nüfuzu artdı, bölgədə rolu genişləndi. O cümlədən iqtisadi islahatlar aparılması üçün böyük baza yaradıldı, sosial islahatlar üçün iqtisadi potensial əldə edildi.

Heydər Əliyevin həyata keçirdiyi nəhəng geopolitik layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi bu gün həm Azərbaycan, həm də region üçün böyük rol oynayır. Bütün iqtisadi təhlilçilərin və tədqiqatçıların fikri ondan ibarətdir ki, belə nəhəng layihənin həssas bir bölgədə, geopolitik baxımdan dartışmalar mərkəzi olan Cənubi Qafqazda həyata keçirilməsi yalnız böyük şəxsiyyətin - Heydər Əliyevin uzaqgörənliyi ilə reallaşa bilərdi.

"Mən ona özüm qədər inanıram"

Azərbaycan vətəndaşları bugünkü gerçəkliyi və reallığı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyev siyasətinin bilavasitə nəticəsi kimi qəbul edirlər. Varislik Azərbaycan xalqının əvvəlki tarixi dövrlərdə əldə etdiyi nailiyyətləri öyrənmək, prinsipial olaraq əldə edilənləri gələcək nəsillərə ötürməkdir. Bu gün Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı ölkə Prezidenti Cənab İlham Əliyevdir. Belə ki, İlham Əliyevin Prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi heç də təsadüfi deyil. Ölkə rəhbərinin Ümummilli Lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir.

Ulu Öndər Cənab İlham Əliyevin gələcəyinə böyük ümidlər bəsləyirdi. Dünyanın bir çox nüfuzlu xadimləri də Cənab İlham Əliyev kimi layiqli övlad və praqmatik düşüncəyə malik görkəmli siyasətçi yetişdirməsini Ulu Öndər Heydər Əliyevin həm də valideyn olaraq çox böyük tarixi xidməti kimi dəyərləndirirlər. Ulu Öndərin ABŞ-ın Klivlend xəstəxanasından Azərbaycan xalqına ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciətində deyilirdi: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu Öndərin bu sözlərinin nə qədər müdrikcəsinə və uzaqgörənliklə qələmə alındığını, başqa sözlə, Prezident İlham Əliyevin necə siyasətçi, necə dövlət başçısı və necə şəxsiyyət olduğunu bilmək üçün sadəcə bugünkü Azərbaycan reallıqlarını görmək kifayətdir. Bəli, məhz Prezidentimizin gərgin və səmərəli fəaliyyəti nəticəsində bu gün Azərbaycan hərtərəfli və coşqun inkişaf yolundadır. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli sərvətinə çevrilmiş çox dəyərli əsərlər yaradıb, yadigar qoyub gedib. Başlıcası isə Onun iki şah əsəri var: Müstəqil Azərbaycan və Prezident İlham Əliyev! Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanı məhz İlham Əliyevin cahanşümul fəaliyyəti sayəsində bütün dünyada öz vüsətli iqtisadi tərəqqisi, siyasi və diplomatik uğurları, hərbi qüdrəti ilə dünyanı heyrətə qoyub. Ölkəmizin paytaxtı Bakı öz qədim tarixinin yeni inkişaf mərhələsinə qədəm qoyub, regionların inkişafı dövlət proqramı əzmlə həyata keçirilir - regionlar yeni mərkəzlərə çevrilir - bir sözlə, Azərbaycanda yazıya, kitaba sığmayan əzəmətli işlər görülür. Bu uğurlar isə davamlı olacaq. Çünki Ulu Öndər Əliyevin əsasını qoyduğu siyasət dönməz və əbədidir.

"SƏS"

Digər xəbərlər