Dünən YAP Qaradağ rayon təşkilatı Bakı Gəmiqayırma Zavodu ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirib. YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən söz açıb. Bildirib ki, zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, Onun dövlətçilik naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Bu böyük şəxsiyyət, sözün əsl mənasında, xalqımız tərəfindən hər an anılır, hər gün yad edilir. Ümummilli Lider bu məhəbbəti xalqa, vətənə, dövlətə, böyük türk dünyasına, insanlığa əvəzsiz xidməti ilə qazanıb, əbədiyyətə, ölməzliyə çevrilib. A.Hüseynov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev XX əsrin sonunda dünyanın siyasi tarixinə Avrasiya məkanının, Qədim Şərqin bənzərsiz dövlət xadimi, müasir Azərbaycan dövlətinin memarı daxil oldu. Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasına 10 il şərəflə xidmət göstərdi, özünün dahiyanə şəkildə qeyd etdiyi kimi, ömrünün qalan hissəsini doğma xalqına həsr etdi, Onu dünyaya tanıtdı. Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində rolu müqayisə olunmaz dərəcədə böyükdür.
Bakı Gəmiqayırma zavodunun kadrlar şöbəsinin müdiri Rəşad Qurbanov isə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qətiyyəti nəticəsində müstəqilliyin, dövlətçiliyin qorunub saxlanması, sabitliyin bərqərar olması istiqamətində çox ciddi addımlar atılıb. 1995-ci ildə müəllifi Ulu Öndər olan ilk milli Konstitusiya qəbul olundu, müstəqil Azərbaycanın ilk parlamenti seçildi. Ölkədə hüquqi dövlət quruculuğu işləri başlandı. Bütün bu möhtəşəm işlərin memarı Ümummilli Liderimiz Heydər Əliyev idi. Ulu Öndər ölkədə demokratikləşməyə, insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi önəm verirdi. Bu məqsədlə 1998-ci ildə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı qəbul olundu. Bu gün Azərbaycan insan hüquqları sahəsində çoxsaylı beynəlxalq konvensiyalara, sazişlərə və digər sənədlərə qoşulub. Onun rəhbərliyi ilə demokratik institutların yaradılması, vətəndaş cəmiyyətinin qurulması istiqamətində çoxlu işlər görüldü.
Tədbirdə YAP Qaradağ rayon Bakı Gəmiqayırma zavodu ərazi ilk pariya təşkilatı yaradılıb. Rəşad Qurbanov təşkilatın sədri, Namiq Vəliyev isə müavin seçilib. Bununla yanaşı, 21 nəfər partiya sıralarına qəbul edilib. Sonda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Ü.ƏSGƏROV