"Atəşkəsin imzalanması Azərbaycana güclənməsi üçün əlavə vaxt qazandırdı". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Adil Əliyev Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında sazişin imzalanmasının 21-ci ildönümü ilə bağlı fikirlərini bildirərkən deyib.Millət vəkili qeyd edib ki, 1994-cü ildə Ulu öndər Heydər Əliyev müharibə vəziyyətini düzgün analiz edərək sazişin imzalanmasına nail oldu: "Baxmayaraq ki, keçmiş hakimiyyət ölkədə xaos, qeyri-stabil vəziyyət, dağınıq ordu, məhv olmuş iqtisadiyyat qoymuşdu amma Ulu Öndər bütün bu problemləri həll edərək uğurlu imzaları ilə yaddaşlarda qaldı. Düzdür, Dahi Şəxsiyyətə zaman lazım idi ki, Azərbaycan bugünkü vəziyyətə, bugünki inkişafa gəlib çıxa bilsin. Göründüyü kimi, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan gücləndi, inkişaf etdi, dünyada mövqeyini möhkəmləndirdi. Təcavüzkar ölkəyə onların dili ilə deyil, məntiqlə, irimiqyaslı iqtisadi və enerji layihələrini gerçəkləşdirməklə cavabını verdi. Bununla da Ermənistan bölgədən tamamilə təcrid olundu. Nəticədə isə bu gün Ermənistanda səfalət və yoxsulluqdan başqa bir mənzərə qalmadı. Rəsmi İrəvanın Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasəti ona heç nə qazandırmadı. Buna əks olaraq isə Azəbaycan dövləti enerji layihələrindən qazandığı böyük maliyyə hesabına güclü ordusunu qurdu və bölgənin lider dövlətinə çevrildi".Adil Əliyev həmçinin bir sıra beynəlxalq təşkilatları da tənqid edərək, təəssüf hissi ilə qeyd edib ki, atəşkəs dönəmində beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasətindən imtina etməsi üçün hansısa ciddi iş ortaya qoya bilməyib: "ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və həmsədrlərin turistik səfərləri bu qurumun əhəmiyyətsiz olduğunun göstəricisidir. Onların bu cür fəaliyyətləri Azərbaycanın başqa vasitələrə əl atmasını tezləşdirir. Sabah bölgədə müharibə baş verəcəksə, məsuliyyət Ermənistanın və onun işğalçılıq siyasətini qınamayan beynəlxalq güclərin üzərinə düşəcək ".
sia.az