"ABŞ II Dünya müharibəsinin 70 illiyinin qeyd olunması məsələsində Rusiyaya ciddi zərbə vurdu. Yalnız Amerikanın səyləri nəticəsində Avropa dövlətlərinin böyük əksəriyyətinin liderləri Moskvada keçirilən hərbi parada qatılmadı". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında mayın 12-də Soçidə Ukraynadakı vəziyyətin müzakirə edilməsinə münasibət bildirərkən deyib.Mərkəz sədrinin sözlərinə görə, indi Qərbdə düşünülür ki, Rusiya bu sarsıdıcı zərbədən artıq nəticə çıxarıb: "Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putin arasında müzakirə olunan Ukrayna məsələsinin davamı olaraq bu görüş keçirilir. ABŞ düşünür ki, Rusiya mayın 9-da aldığı ciddi zərbədən sonra nəticə çıxarıb. Rusiya ilə Amerikanın niyyəti odur ki, rəsmi Moskva ilə münasibətlərin tam spektirini müzakirə etsin. Bura həm Ukrayna, İran, Suriya, həm də dünyanın digər regionlarında nüvə təhlükəsizliyi məsələsi və s. aiddir. Con Kerrinin Sergey Lavrovla Soçidə keçirdiyi bu görüş nəticəverici bir görüş olacaq. Beləcə, Qərb bundan sonrakı startegiyasını müəyyənləşdirdi. Hesab edirəm ki, indiki dövr üçün əhəmiyyətli bir görüş olacaq".
sia.az