Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Azərbaycanın Tehrandakı səfirliyində keçirilmiş tədbir haqqında İranın "Mehr" xəbər agentliyinin saytında fars və ingilis dillərində xəbər yerləşdirilib.Xəbərdə bildirilir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkədə anarxiya hökm sürməyə başladı. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, digər tərəfdən isə daxili çəkişmələr ölkəni sosial-iqtisadi tənəzzülə doğru aparırdı.Belə bir vaxtda Azərbaycan xalqı SSRİ dövründə ölkəyə uğurla rəhbərlik edən müdrik dövlət xadimi Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ilin iyununda Bakıya qayıdan Heydər Əliyev Azərbaycanda ictimai-siyasi sabitlik yaradaraq ölkəni inkişaf yoluna çıxartdı. Ulu Öndər ilk növbədə cəbhə xəttində atəşkəs rejiminə nail olaraq minlərlə Azərbaycan gəncinin həyatını xilas etdi. Azərbaycanın zəngin neft ehtiyatlarından məharətlə istifadə edən Heydər Əliyev 1994-cü ildə dünyanın böyük neft şirkətləri ilə müasir tarixə "Əsrin müqaviləsi" adı altında düşmüş neft müqavilələrini imzaladı. Bundan sonra Azərbaycana böyük miqdarda sərmayələr yatırıldı və ölkə iqtisadiyyatı inkişaf etdi.Vurğulanıb ki, yeni dövrdə İran-Azərbaycan münasibətlərinin əsasını da məhz Heydər Əliyev qoyub. Ümummilli lider Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərliyi dövründə 1992-ci ildə Tehrana səfər edərək İranın ali rəhbərliyi ilə görüşlər keçirmiş, iqtisadi və ticarət əlaqələrin yaradılmasına nail olmuşdu.Yazıda qeyd olunub ki, bu gün Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın davamlı iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması və əhalinin sosial vəziyyətinin daha da yüksəlməsi təmin edilib. Ötən il İran və Azərbaycan prezidentlərinin qarşılıqlı rəsmi səfərləri iki qonşu və dost ölkə arasındakı əlaqələrin inkişafında yeni mərhələ açıb. Məhz prezidentlərin siyasi iradəsi nəticəsində rəsmi Bakı ilə Tehran arasındakı münasibətlər yüksələn xətlə inkişaf etməkdədir.
AZƏRTAC