İlham Əliyev: "Güclü ordu, güclü dövlət deməkdir"
Məlum olduğu kimi, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə mayın 9-da Moskvada keçirilən hərbi paradda dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, müharibə veteranları izlədilər. Paradda 16 mindən artıq hərbi qulluqçu, müxtəlif hərbi texnika, təyyarə və helikopterlər iştirak edib.
Qeyd edək ki, 70 Azərbaycan hərbçisindən ibarət parad heyəti "qırmızı meydan"da tribunalar qarşısından keçməsi bir daha Azərbaycan ordusunun gücünün, qüdrətinin nümunəsi idi. Paradı seyr edərkən bir daha əmin olursan ki, Azərbaycan əsgərinin addımları hər zaman qələbə əzmi ilə seçilir.
Qələbənin qazanılmasında Azərbaycan zabitlərinin misilsiz xidmətləri
Onu da vurğulamaq lazımdır ki, Azərbaycanlı zabit və əsgərlər faşizm üzərində Qələbənin əldə olunmasında müstəsna və tarixi rol oynayıblar, ən ağır döyüşlərdən qəhrəman kimi çıxıblar. Odur ki, tarixi Qələbənin qazanılmasında ölkəmizin əvəzsiz xidmətləri danılmazdır. O vaxt Sovet İttifaqının tərkibində olan Azərbaycandan cəbhəyə 700 minə yaxın hərbçi yollandı. Böyük Qələbənin qazanılmasında misilsiz xidmətlər göstərən hərbçilərimizin 300 mini döyüş meydanlarında həlak oldu. 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 30 nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edildi, 170 min əsgər və zabitimiz isə müxtəlif orden və medallarla mükafatlandırıldılar. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşdu. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorus, Pribaltika cəbhələrində cəsarətlə vuruşdular. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferepolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya isə Yuqoslaviyanın azadlığı uğrunda fəal iştirak etdilər. Qeyd edək ki, Qələbənin qazanılmasında yalnız qəhrəman övladlarımız deyil, həm də Azərbaycan neftinin böyük rolu olub. Bakı neftinin Böyük Vətən müharibəsinin taleyini həll etməsi fikri elə müharibənin ilk illərində öz təsdiqini tapıb. Düz 5 il Bakı nefti ön və arxa cəbhəni yüksək keyfiyyətli yanacaqla təmin edib. Müharibə dövründə SSRİ-də ümumilikdə 110 milyon ton neft çıxarılıb. Bu neftin 75 milyon tonunu, cəbhəyə göndərilən neft məhsullarının isə 85-90 faizini Azərbaycan verib. Ön cəbhədəki hər 4 tankdan 1-i, təyyarələrin böyük əksəriyyəti Azərbaycan nefti ilə hərəkət edib. Məhz bu səbəbdən də Bakını İkinci Dünya müharibəsinin taleyini həll edən şəhər adlandırırlar. Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını yaxşı bilən Hitler məhz buna görə Almaniyanın birinci tank ordusuna 1942-ci il sentyabrın 25-də Bakını zəbt etmək əmrini vermişdi. Hitler "Qafqaza hücuma başlayanda biz mütləq Bakını tutmalıyıq, əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq", - demişdi. Düşmən 1942-ci ildə 71, 1943-cü ildə 3 dəfə Bakı səmasını zəbt etməyə çalışıb. Qəhrəman təyyarəçilərimiz isə bu hücumların qarşısını alır, düşmənin 96 təyyarəsini məhv edirlər.
Forpost dövlət kimi tanınan Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisə olunmayacaq dərəcədə dağınıqdır
Siyasi -iqtisadi inkişaf kontekstində formalaşan ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində aparılan və bəhrəsini verən islahatlar inkişafın Azərbaycan modelinin əsas prioritetlərindəndir. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanda ordu quruculuğu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin bütün tövsiyələri kimi ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələr Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən inam və qətiyyətlə gerçəkləşdirilir. "Münaqişənin ərazi bütövlüyü prinsipləri çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsi danışıqlar prosesində və razılaşdırılmış məsələlərdə öz əksini tapıb" söyləyən, müdafiə qüdrətimizin istənilən səviyyədə olduğunu Ermənistan rəsmilərinin diqqətinə çatdıran Prezident İlham Əliyev rəsmi İrəvanı qeyri-konstruktiv mövqeyindən əl çəkməyə çağırmaqla, Azərbaycan əsgərinin döyüş hazırlığının artdığını da bildirir.
Ali Baş Komandan İlham Əliyevin tez-tez cəbhə bölgəsində olması əsgərlərin döyüş əhval-ruhiyyəsini artırmaqla xalq- ordu birliyini möhkəmləndirir. Müdafiə Sənayesi Nazirliyinin, onun bölmələrinin yaradılması da Azərbaycan iqtisadiyyatının güclənməsini göstərən amildir. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev bildirir ki, qısa müddətdə Müdafiə Snayesi Nazirliyinin hərbi təyinatlı 20 zavod və yerli istehsal birliyinin yaradılması o deməkdir ki, Azərbaycan Ordusuna lazım olan əsas təminat daxili istehsal hesabına formalaşmalıdır. Həmin müəssisələrdə 700 adda hərbi təyinatlı mümulat istehsal olunur. Dövlət büdcəsindən ordu quruculuğu və müdafiə məqsədləri üçün ayrılan vəsaitlər 10 dəfədən çox artırılmışdır.
Prezident İlham Əliyevin həmişə vurğuladığı "Azərbaycanın hərbi büdcəsinin təcavüzkar Ermənistanın illik dövlət büdcəsindən artıq olmalıdır" tələbi həllini tapmışdır. Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi Azərbaycan sözün əsil mənasında bölgədə ən yüksək mövqeyə malik ölkədir: "Əlbəttə ki, bunu şərtləndirən müxtəlif amillər var. O cümlədən iqtisadi potensial və ordunun güclü olması. Güclü ordu, güclü dövlət deməkdir."
"Hazırda biz öz gücümüzü artırırıq və eyni zamanda danışıqlar prosesində iştirak edirik. Mən tam əminəm ki, ordumuz nə qədər güclü olsa danışıqlar prosesində mövqeyimiz o qədər güclənər" söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu amillər nəticəsində biz istəyimizə nail olacağıq, ədaləti, Azərbaycanın suverenliyini bərpa edəcəyik.
Ermənistan isə, iqtisadi böhran içərisində qaldığı üçün ordusuna belə diqqət yetirmək imkanında deyil. Hər iki ordunun gücü, imkanları, sahib olduğu texnikaya nəzər salaq. Hərbi büdcə Azərbaycan: 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2013-ci ildə 3,7 milyard ABŞ dolları təşkil edib. 2014-cü il üçün hərbi büdcəmiz 3 milyard 800 milyon dollar civarındadır. Ermənistan: 2013-cu il dövlət büdcəsinin bütövlükdə gəliri 2,9 mlrd. dollar (Azərbaycanın yalnız hərbi büdcəsindən 900 milyon ABŞ dolları az), xərcləri isə 3,1 mlrd. dollar olub. Canlı qüvvə Azərbaycan: 126.400 əsgər hərbi qüvvəsi var. Ehtiyat əsgərlərin sayı 550 mindir. Muzdlu əsgəri yoxdur. Ermənistan: 60 min əsgərə və 320 min nəfər əlavə ehtiyat qüvvəyə malikdir.
Azərbaycan ordusu 106 ölkə arasında 50-ci yeri tutub
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər mühüm addımlar atılıb. Bu gün Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Azərbaycanda gedən ordu quruculuğu tədbirləri bir daha təsdiqləyir ki, Ermənistanla müharibə başlayacağı təqdirdə, ölkəmizin qələbəsini şərtləndirən kifayət qədər mühüm amillər var. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 2015-ci il üçün nəzərdə tutulmuş hərbi xərclər Ermənistanın ümumilikdə dövlət büdcəsindən 2 dəfə çoxdur. Bu, həm də onu göstərir ki, Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsait xərcləyib və xərcləməkdə davam edir.
Belə ki, "Global Firepower" təşkilatının dünya ölkələrinin ordularının reytinq siyahısında 106 ölkə yer alıb ki, 50 faktor əsasında tərtib olunan siyahıda Azərbaycan 50-ci yeri tutub.
Beləliklə də, sadalanan faktlar, eyni zamanda dünyanın ən nüfuzlu təşkilatları da bir daha Azərbaycan ordusunun qüdrətini təsdiq edir.
RƏFİQƏ KAMALQIZI