PDF Oxu

Siyasət

  • 9

Mingəçevir Avropa Oyunlarına hazırdır

Mingəçevir Avropa Oyunlarına hazırdır

Azərbaycanın bu bölgəsi də Avropa qitəsinin döyünən ürəyi olacaq

I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə saylı günlər qalıb. Bu böyük tarixi hadisənin Bakıda keçirilməsi Azərbaycanın əldə edilmiş uğurlarına verilən yüksək dəyərdir. Ölkə Prezidenti İlham Əliyev bu mötəbər tarixi hadisə ilə bağlı bildirmişdir: "Bu, böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranmışdır və ondan sonra Avropa qitəsində də bərpa edilmişdir. Ancaq bu günə qədər Avropa Oyunları keçirilməmişdir. İlk oyunların Bakıda keçirilməsi əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur".

Bu, sözün əsl mənasında, Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə idmanın inkişafının təşviqinə və fəal şəkildə inkişafına olan xüsusi sadiqliyinin və bu işdəki qətiyyətinin digər nümunəsidir. Avropa tarixində ilk dəfə olaraq keçiriləcək bu oyunların təşkil edilməsinin Azərbaycana həvalə edilməsi faktı beynəlxalq və Avropa Olimpiya Hərəkatına ölkəmizin sadiqliyinə, idman, fiziki tərbiyə və mədəniyyət sahəsində apardığı fəaliyyətə və əldə edilmiş nailiyyətlərə verilən yüksək qiymətdir.

Obyektlər Avropa Oyunlarının tələbinə uyğun müəyyən edilir

Xüsusi olaraq vurğulamaq lazımdır ki, keçiriləcək idman yarışları Bakı ilə yanaşı Azərbaycanın regionlarında da baş tutacaq. Bu baxımdan, iyunun 14-16-da Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak və kanoe növləri üzrə yarışların keçirilməsi deyilənlərin tsdiqidir. Doğrudur, Azərbaycanın bütün regionları uğurlu inkişafı nəticəsində böyük uğurlara imza atır. Bu baxımdan "Nur Şəhəri" olan Mingəçevirdə də abadılıq-quruculuq işləri aparılır, Heydər Əliyev adına muzey və meydan əsaslı yenidən qurulmuş, həmin meydandan biznes mərkəzinə qədər yerüstü keçid, "Nur" Olimpiya İdman Kompleksi, Heydər Əliyev Sarayı və şəhər stadionunun tikintisi kimi iri layihələr isə reallaşdırılmışdır. Bu baxımdan Azərbaycan tarixində ən böyük idman tədbiri olacaq "Bakı-2015" Avropa Oyunları Bakı ilə yanaşı Mingəçevir şəhərində də keçirilməsi, hətta bu şəhərdə Kanoe sprinti idman növü üzrə könüllü proqramın da təşkil olunması planlaşdırııb. "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq bildirib ki, "Bakı-2015"-in könülləri idmançılara, rəsmi şəxslərə və tamaşaçılara özlərini evlərindəki kimi hiss etmələrinə kömək etməklə birinci Avropa Oyunlarının canlanması və maraqlı olması baxımından çox əhəmiyyətlidir: "Avropa Oyunları bütün Azərbaycana fayda gətirəcək, ona görə də, Mingəçevir şəhərini dünya səviyyəli idman məkanı kimi tanıtmağa kömək edəcək yerli könüllülərin olması bizim üçün olduqca vacibdir".

Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunları çərçivəsində 1000-dən çox tamaşaçının izləmək imkanı olacaq və Avropanın 37 ölkəsindən 300-dək idmançının iştirak edəcəyi avarçəkmə yarışları Mingəçevir şəhərində keçiriləcək.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin avarçəkmə üzrə yarış meneceri Jean Jerome Perrin Mingəçevir şəhərində yarışlara hazırlıqlardan danışarkən görülən işlərə heyran olduğunu bildirib: "Mingəçevir şəhərində yarışların keçiriləcəyi obyektlərdə əldə edilən irəliləyişlər məni heyran edib. Birinci Avropa Oyunlarının həyata keçirilməsi üçün "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinə qısa vaxt verilməsinə baxmayaraq, əminik ki, gərgin işlər nəticəsində obyektin qrafik üzrə və yüksək standarta cavab verəcək şəkildə tamamlanmasını təmin edəcəyik".

Perrin bildirib ki, ümumi hazırlıq işləri çox yüksək səviyyədə davam edir: "Biz hazırda şəhərdə könüllülər və texniki işçilər üçün treninqlər təşkil edirik. Əsas məqsədimiz Avropa Oyunları zamanı könüllülərin necə hərəkət etməsi və hansı işləri görməsi üçün onları daha təcrübəli etməkdi. Oyunlar vaxtı idman yarışlarının təşkili ilə bağlı 100 nəfər könüllü xidmət göstərəcək. Amma idman yarışlarından əlavə başqa işləri də görəcək daha 300 nəfər könüllümüz olacaq".

O, idmançıların Mingəçevirə iyunun 10-11-də gələcəyini bildirib. "Kür sahilində və əsas yarış zonasında hazırlıq işləri başa çatmaq üzrədir. Burada 1000-ə yaxın tamaşaçı üçün oturacaq quraşdırılıb. Burada idmançıların istirahət zonası təşkil olunur, çadırlar qurulur, şəhərdə müxtəlif tədbirlərin keçirilməsi üçün hazırlıq işləri görülür. Kür çayı sahilində tikinti-abadlıq işləri davam etdirilir, yaşıllaşdırma tədbirləri görülür, Hazırda biz sınaq yarışına hazırlaşırıq. Azərbaycan Milli Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə aprelin 3-5-də Mingəçevirdə keçiriləcək sınaq yarışlarında Azərbaycan, Türkiyə və Gürcüstandan 100-ə yaxın avarçəkən iştirak edəcək".

Beləliklə, tarixdə ilk dəfə keçiriləcək "Bakı-2015" I Avropa Oyunları ilə Azərbaycan bütün dünya üçün nümunəvi və əhəmiyyətli təcrübə və böyük irs qoyacaq. I Avropa Oyunları Azərbaycanda idmanın, iqtisadiyyatın və turizmin inkişafına, ölkəmizin dünyada tanınmasına, etibarlı imic qazanmasına, mədəniyyətimizin dünyaya nümayiş olunmasına, ixtisaslaşmış kadrların artırılmasına, ölkəmizin böyük təcrübə qazanmasına və digər bir çox əhəmiyyətli inkişafa nail olmağa şərait yaradacaq və Azərbaycanın bu bölgəsi - Mingəçevir şəhəri də Avropa qitəsinin döyünən ürəyi olacaq.

R.HÜSEYNOVA

Digər xəbərlər