"Azərbaycanda artıq müxtəlif siyasi qüvvələrin vaxtaşırı toplanması və ümummilli məsələləri müzakirə etməsi müsbət siyasi ənənə halını alıb. Təbii ki, bütün ciddi siyasi qüvvələr buna maraq göstərirlər. Hansısa bir partiyanın orada iştirak etməməsi isə artıq həmin partiyanın öz problemidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə mayın 15-də keçiriləcək iqtidar-müxalifət dialoqunda AXCP və Müsavatın iştirak etməməsinə münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, AXCP və Müsavatın apardığı radikallıq və özünütəcrid siyasəti ilk növbədə, onların özlərinə böyük zərbə oldu: "Nəinki onlar yeni dostlar qazanmadılar, əksinə tərəfdarlarını itirdilər. Artıq onlar siyasi partiyadan siyasi qrupa çevriliblər. Bu şəxslərin hansısa məsələyə münasibətləri cəmiyyətdə heç bir maraq doğurmur. Bu gün ölkənin inkişaf məsələlərinə dair konstruktiv dialoqun keçirilməsinə cəlb olunan bütün real siyasi qüvvələr var. Onlar bu və ya digər məsələdə mövqelərini ortaya qoymalı, Azərbaycanın demokratikləşməsinə töhfələrini verməlidir".
sia.az