Oyunların açılış mərasimi üçün nəzərdə tutulan biletlərin 60 faizi artıq satılıb
Bakı Birinci Avropa Oyunları yaxınlaşdıqca, həyacan da bir o qədər artır. Artıq 29 gündən sonra Birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olacaq. Paytaxtımız dünya ölkələrindən gələcək 10 minədək idmançını, məşqçini, rəsmi şəxsi, jurnalisti qəbul edəcək. Məlumdur ki, Avropa Oyunlarında həm Azərbaycandan, həm də qitə ölkələrindən 16 mindən çox könüllü iştirak edəcək. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək. 100-dən artıq ölkəyə yaymaq üçün şirkətlərə yayım hüququ verilib ki, bununla da Oyunlar Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və Avstraliya tamaşaçısına təqdim ediləcək. Hər kəs yarışı canlı olaraq izləməkdə də maraqlıdır. Tarixi günün iştirakçısı olmaq əlbəttə ki, maraqlı hadisədir. Bu baxımdan yarışlar üçün nəzərdə tutulan biletlərə də artıq sürətlə satılmaqdadır. I Avropa Oyunlarının Əməliyyat Komitəsindən verilən məlumata görə, 280-dən çox yarış sessiyası üçün təxminən 600 min bilet satışı nəzərdə tutulub ki, bunlardan 150 mini artıq satılıb. Məlumata əsasən, ən çox bilet "Bakı-2015" I Avropa Oyunlarının üzgüçülük və güləş yarışlarına satılıb. Bütün idman növləri üzrə yarışların bilet qiyməti 2-5 AZN arasında dəyişir. İstənilən idman üzrə seçmə mərhələnin yarışlarını izləmək 2-3 AZN, final mərhələnin yarışlarını izləmək isə 3-5 AZN-dir.
Açılış mərasimi üçün nəzərdə tutulan biletlərin isə 60 faizi artıq satılıb. Bilet satışı prosesi hazırda davam edir və oyunlara maraq həddən artıq çoxdur.
Oyunların biletlərini satış məntəqələrindən, yaxudwww.baku2015.com/tickets/index.html saytından onlayn qaydada almaq mümkündür. Onlayn alınmış biletlərin təsdiq bildirişlərini "Park Bulvar", "28 Mall", "Metro Park" Ticarət mərkəzləri, Heydər Əliyev Sarayı, "Azərbaycan" kinoteatrı, Nizami küçəsinin Bülbül prospekti ilə kəsişməsi, Azadlıq meydanı, "ASAN xidmət"in Yasamal filialı, eyni zamanda, metronun "Neftçilər", "Əhmədli" stansiyaları yaxınlığında və Fəvvarələr meydanındakı "McDonald's" restoranındakı məntəqələrə təqdim edərək bilet almaq mümkündür.
NƏZAKƏT