Güləşçilərimiz hər bir çəki dərəcəsində birincilik uğrunda mübarizə aparacaq. Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində 17 təlim məşq-toplanışı keçmişik. İdmançılarımız yarışa həm fiziki, həm də texniki cəhətdən yaxşı hazırlaşıb.Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində yunan-Roma güləşi üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Cəmşid Xeyrabadi məlumat verib. Məşqçi bildirib ki, birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində mayın 7-dən başlayaraq Xaçmaz Olimpiya İdman Kompleksində 10 günlük təlim-məşq toplanışı keçirilir. "Bilirəm ki, idman həvəskarları güləşçilərimizdən yüksək nəticələr gözləyir. Odur ki, var gücümüzlə mübarizə aparacağıq. İnanıram ki, istəyimizə nail olacağıq. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkədə bütün idman növlərinin inkişafına təkan verəcək. Bu mötəbər yarışın Azərbaycanda təşkilində əməyi keçən hər bir kəsə minnətdar olmalıyıq".Tarixdə ilk dəfə təşkil olunacaq Avropa Oyunlarının güləş yarışlarında qitənin ən güclü 480 pəhləvanı 24 dəst medal uğrunda mübarizə aparacaq
AZƏRTAC